Etibar Əliyev: «Müdafiələrdə dəhşətli plagiat faktları var, bunun günahı Boloniya sisteminin boynuna yıxmaq düzgün deyil»
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə iddia edir ki, Təhsil Nazirliyi islahatlar aparır. “Lent.az”ın məlumatına görə, Akif Əlizadə deyib ki, Azərbaycanın sovet sistemindən Boloniya sisteminə keçməsi ağır olub: “Həm qəbul, həm də təhsil özü ciddi bir problemdir. Ciddilik orada nə qədər artıq olsa, tələbə bir o qədər oradan bilikli çıxar. Mən özüm sovet məktəbində oxumuşam. Sovet təhsil sistemini dəstəkləyirəm”.
Qeyd edək ki, təhsil sistemimizin problemləri yetərincədir. Problemlər barədə vaxtaşırı olaraq mətbuat vasitəsilə materiallar, ekspert rəyləri ictimailəşdirilir. Bir vaxtlar ölkədə test sisteminin tətbiqi də müzakirə mövzusuna çevrilmişdi. Doğrudur, hər bir işin əvvəli çətin olur. Amma bir işi bütünlüklə öyrənmədən, tətbiq etmədən onu qəbul etməmək də doğru deyil. Hazırda Boloniya sistemi barədə də müxtəlif aspektlərdən danışılır. Maraqlıdır, görəsən, ölkədə normal təhsil vermək imkanı yoxdursa, hər hansı bir sistemə necə pis demək olar?
Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev deyir ki, akademiya sistemilə universitet, ali təhsil sistemi arasında görünməyən, lakin gizli bir qarşıdurma var. Ekspertin sözlərinə görə, akademiya rəhbərliyi Boloniya sistemindən irəli gələn elmi dərəcələrin verilməsi prinsiplərilə razılaşmır: “Hətta Akademiyanın keçmiş prezidenti mərhum Mahmud Kərimov vaxtilə Boloniya sistemini kəskin tənqid edərək bu məsələni yumoristik formada ”baytarlıq üzrə fəlsəfə doktoru” kimi xarakterizə etmişdi. Ali məktəb rəhbərliyi, Təhsil Nazirliyi, həmçinin Akademiya rəhbərliyi çox gözəl bilir ki, elmi dərəcələrin verilmə qaydaları dünya təcrübəsindən bəllidir. Hətta Türkiyədə onun hansı formada verilməsi də əksəriyyətə məlumdur”.
Etibar Əliyev qeyd edir ki, müdafiələr əsasən sovet ruhunda, lakin adı dünya sisteminə uyğun, Boloniya sisteminin bir şərtinə uyğun şəkildə gedir. Yəni müdafiələrdə, elmi dərəcələrin alınmasında çox çətin problemlər var. Ekspertin fikrincə, monitorinqlər aparılsa, dəhşətli plagiat faktları ortaya çıxar: “Bunun günahı Boloniya sisteminin boynuna yıxmaq düzgün deyil”.
Nigar