Əsgər Möhsümoğlu (“Amerikanın səsi”)
“XVII əsrin sonlarında urban yaşayış yeri və urban həyat üçün ilk model kəşf olundu. Bu, sonrakı əsrlərdə tikiləcək bütün böyük şəhərlərin ilk modeli idi. Müasir şəhər anlamına gələn bu məkanın məqsədi unikal xüsusiyyətləri ilə müsafirlərin diqqətini cəlb etmək idi. Şəhər nəhəng meydanlarına, yaxud kilsələrinə görə deyil, müasir memarlıq və misli görünməmiş urban infrastrukturuna görə tanınırdı. Bu müasir şəhərin oriyentasiyası keçmişə yox, gələcəyə istiqamətlənmişdi: sürət və hərəkət onun əsas cizgiləri idi. Bu şəhər Paris idi…”, – deyə Joan De Jean “Paris necə Paris oldu: müasir şəhərin ixtirası kitabı”nın tezisini oxucularla paylaşır.
Ictimai nəqliyyat və işıqlandırılmış küçələrin doğum yeri
Etiraf edim ki, memarlıq ədəbiyyatı ifrat maraq göstərdiyim sahələrdən deyil.ÿAmma Parisin tarixi haqda yazılmış bu kitab təkcə Fransanın paytaxtı, yaxud memarlıq haqda məlumatlandırmır.ÿBurada sinfi münasibətlərdən tutmuş, siyasi-iqtisadi quruluşadək Qərb sivilizasiyasının əsaslarını təşkil edən bir çox fenomenlərin kökləri haqda maraqlı məlumatlar yer alır.
Məsələn, siz bilirdiniz ki, müasir Paris poçt xidmətinin, ictimai nəqliyyatın və işıqlandırılmış küçələrin doğum yeridir? Bilirdiniz ki, daşla döşənmiş küçələr, səkilər, vitrinli mağazalar, küçə qəzetləri ilk dəfə Parisdə kütləvi şəkildə praktikadan keçib? Təsəvvür edirsinizmi ki, Paris bulvarlarında insanların sadəcə, gəzməyə çıxdıqları ilk şəhər olub?ÿElə “bulvar” sözünün mənşəyi də fransızca “boulevard” sözündən qaynaqlanır ki, mənası “ağaclar, otluq və gül-çiçəklə əhatələnmiş geniş xiyaban” anlamına gəlir.
Əlbəttə, özü-özlüyündə bu məlumatların informativ dəyəri elə də böyük deyil.ÿAmma bəşər sivilizasiyasının yaranması, qlobal ticarətin genişlənməsi, ictimai mədəniyyətin inkişafı və ümumilikdə müasir cəmiyyətin formalaşması haqda Parisin tarixi çox şey öyrədir.
1606-cı ildə Sena çayı üzərində “Pont Neuf”ÿkörpüsünün salınması Parisin yeni arxitekurasının anonsu idi.ÿAmma Kral IV Henrinin məramı təkcə çayın iki tayını yerli sakinlər üçün birləşdirmək deyildi.ÿGeniş səkilər, əzəmətli binalar və göz oxşayan dükanlarla əhatələnmiş bu körpü Avropada ilk ictimai məkan idi ki, insanlar burada gəzməyə, alış-veriş etməyə, bir-birlərilə tanış olmağa, söhbətləşməyə gəlirdilər. Körpü müasir Parisin göbəyinə çevrilməklə yanaşı, qarşıdan gələn əsrlərdə sürətlə genişlənəcək şəhər küçə və bulvarlarının modeli idi.
Fransız dərzi, zərgər və ətir ustaları…
1777-ci ildə Avropa həyatının diqqətli müşahidəçisi olan Markiz de Karaçiolli “urban gəzintinin” ixtirasına görə Parisə minnətdarlıq ifadə edirdi.
“1600-cü illərdə Avropada yuxarı sinfin nümayəndələri gəzintinin ləzzətini bilmirdilər. Çoxları özlərini sadə adamlarla bərabər səviyyəyə qoymaqdan qorxurdu. Amma əsrin sonunda Paris onların gözlərini açmışdı – onlar karetalarından düşməyə və ayaqlarından istifadə etməyə başladılar”, – deyə Markiz yazırdı.
Paris ilk məkan idi ki, burada varlı və yoxsul adamlar bir-birini küçədə görür, bir-birlərilə təmasa girirdilər,
Kral hökumətləri təkcə bina tikməklə məşğul olmurdular. Onlar həmçinin fransız biznesinin çiçəklənməsi üçün əlverişli şərait yaratmağa can atırdlar.
“Hökumət ticarət nizamlamalarında və idxal sələmlərində elə bir siyasət yürüdürdü ki, bunlar yerli biznesmenlərin maraqlarına uyğun gəlsin.ÿƏsrin sonuna yaxın bütün Avropa boyu elitalar yalnız fransız dərzilərin, fransız zərgərlərin və fransız ətir ustalarının mallarını arzulayırdılar”, – deyə Joan De Jean izah edir.
Modanın paytaxtı…
Şəhərə pul axdıqca bizneslər də çiçəklənir, orta-yuxarı sinif genişlənirdi.ÿParisdə əksər mağazalar gecə saat 10-11-dək açıq qalırdı.ÿXaricilər burada başqa heç yerdə görmədikləri səhnənin şahidi olurdular – gecə vaxtı da küçələrdə gündüz olduğu qədər adam olurdu…
Parisin cah-cəlalı təkcə küçələrdə deyil, insanların görünüşündə də özünü biruzə verirdi.ÿXVIII əsrin Parisi insanların ən yaxşı geyindikləri şəhər sayılırdı.ÿAvropanın başqa guşələrindən gəlmiş adamlar burada insanların küçələrdə geydikləri libaslara heyran olurdular.ÿCah-cəlal özü ilə bir təkəbbür ab-havası, mənəvi tənəzzül də gətirmişdi. Kral XIV Lui başa düşə bilmirdi ki, axı niyə bu qədər kişi öz xanımının paltarlarına xərclədiyi pul ucbatından müflis olur?
Heç şübhəsiz, Paris dünyanın moda paytaxtı idi və özünü zadəgan sayan hər kəs üst-başını Paris standartlarına uyğunlaşdırmağa can atırdı.
Bəşər sivilizasiyasının nailiyyətlərinin avanqardı olaraq Paris müəyyən mənada, Fransanı, daha geniş mənada Qərbi, fəlsəfi müstəvidə isə liberalizmin təntənəsini əks etdirir. Dekart, Monteskyö, Didero kimi dühaları ilə XVIII əsrin Parisi dünyada mövcud olan proqressiv qüvvələrin mayakı idi.
Bu şəhərin küçələrində canavarlar ulayırdı…
Təsadüfi deyil ki, Rusiya tarixinin ən tərəqqipərvər rəhbərlərindən olan imperatriça II Yekaterina Volterlə yazışır, onunla müntəzəm fikir mübadiləsi aparırıdı.ÿBu, həmin Paris idi ki, qlobal liberalizmin başlanğıc nöqtəsi sayılan Amerika inqilabına əvəzsiz dəstəyini əsirgəməmişdi.
Nəhayət, bu həmin Paris idi ki, Böyük Fransa Inqilabına səhnə olmaqla, idarəçilərlə idarə olunanlar arasındakı münasibətlərin kökündən dəyişilməsinə dəyərli töhfə verdi.
Parisi Paris edən təkcə onun əzəmətli binaları, möhtəşəm xiyabanları deyil, şəhər daxilində formalaşan cəmiyyətin intellektual qüdrəti və onun beynəlxalq miqyasdakı nüfuzu idi.ÿŞərqdə Qərb haqda yaranan ilk təsəvvür də məhz Parisdə yaşanılan ab-havaya, burada müşahidə olunan fenomenlərə əsaslanırdı.ÿMəhz Parisdə xidmət etmiş Osmanlı səfirləri vətənlərinə qayıtdıqdan sonra Tənzimat adı ilə tanınan islahatlara təkan vermişdilər. Misirli intellektual Rifa’a əl-Tahtavinin xatirələrindən tutmuş, dramaturq Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” əsərlərinədək müşahidə etdiklərimiz budur ki, müasir dövrün pionerləri gələcəyi görmək imkanını Parisdən – innovativ, yaradıcı, qabaqcıl insanların məskunlaşdığı bu unikal şəhərdən alırdılar.
Müasir eramızda Paris kimi çox şəhərlər var.ÿLondon, Nyu-York, Tokio, Dubay kimi dünya ticarət-moda şəbəkəsinin mərkəzləri sayılan şəhərlərin sayı onlarladır.ÿMüasir urban yaşam tərzini iri şəhərlərsiz, butik dükanlarsız, fəvvarələrsiz, gözəgəlimli küçələrsiz təsəvvür etmək mümkün deyil.ÿSadəcə xatırlamaq lazımdır ki, bütün bunların hamısı taxta evlərlə Sena çayı üzərində salınmış və cəmi 5-6 əsr bundan öncəyədək canavarların küçələrində dolaşdığı Parisdən başlayıb. O Paris ki, dünyanın mədəniyyət paytaxtının titulunu əsrlər boyu özündə saxlamağa nail olub.