Nizaməddin Quliyev Goranboya rəhbər təyin olunandan sonra ancaq qalmaqallarla gündəmə gəlib
Xəbər verildiyi kimi yanvarın 6-da Goranboyda Qarabağ qazisi Bəxtiyar Əhmədov intihar edib. Yayılan məlumatlara görə, Bəxtiyar Əhmədovun intiharının səbəbi Goranboyun icra başçısı Nizaməddin Quliyevin onu təhqir etməsilə bağlıdır.
Bizimxeber.az saytı yazır ki, icra başçısının müavini Baxış Abdullayev Qarabağ qazisinin müdir işləyən həyat yoldaşını yanına çağıraraq ondan 5000 min manat pul istəyib. Səbəb kimi isə rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün pul lazım olduğu göstərilib. Baxış Abdullayev bildirib ki, tapşırıq icra başçısı Nizaməddin Quliyev tərəfindən verilib. Bu qədər pulu düzəldib verə bilməyəcəyini görən xanım direktor baş verənləri həyat yoldaşı Bəxtiyar Əhmədova danışıb və onu icra başçısı ilə görüşə göndərib. Icra başçısı ilə görüşən Bəxtiyar Əhmədov onlarda bu qədər pulun olmadığını deyib. Lakin başçı onu təhqir edərək otaqdan qovub. Nəticədə də Qarabağ qazisi özünü binanın 5-ci mərtəbəsindən ataraq öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə şatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Nizaməddin Quliyev hər dəfə qalmaqalla gündəmə gəlir. Hələ 2011-ci ildə, Nizaməddin Quliyev Goranboya yenicə icra başçısı təyin ediləndə rayon xəstəxanasının keçmiş baş həkimi Faiq Abdullayev intihar etdi. O zaman yayılan məlumatlarda keçmiş baş həkimi intihar həddinə Nizaməddin Quliyevin çatdırdığı bildirilirdi. Iddia olunurdu ki, Faiq Abdullayevi baş həkim vəzifəsindən çıxartdıran Nizaməddin Quliyev onu təhdid edirmiş.
Icra başçısı daha sonra iş adamı Müqayis Verdiyevin həbsi ilə gündəmə gəldi. Bu məsələ hələ də gündəmin əsas mövzularındandır. Müqayis Verdiyev bildirir ki, onun həbsinin sifarişçisi məhz Nizaməddin Quliyevdir.
Bəzi məlumatlara görə, Nizaməddin Quliyev nəqliyyat naziri Ziya Məmmədovun yaxın şəxsdir. Bu baxımdan düşdüyü çətin vəziyyətlərdən çıxa bilir.