Zaldakı tamaşaçılar məlumatları canlı şəkildə yaxınları ilə bölüşməlidir, Azərbaycanda isə nəinki 4G, heç normal 3G rabitəsi də yoxdur
Gələn ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012″ ilə bağlı Təşkilat Komissiyası yaradılıb. Xaricdən gələn tamaşaçıların Azərbaycana səfəri, onların burada qalması, tamaşa zalının inşası, qonaqların yola salınması və s. məsələlər mükəmməl təşkil olunmalıdır. Inşa olunan infrastrukturlar başa çatdırılmalı, yeni layihələr həyata keçirilməli, şəhərdə təmizlik işi görülməlidir.
Hökumət nümayəndələri, hətta ölkəyə giriş qaydalarının sadələşdiriləcəyini də dilə gətirib. Azərbaycan heç vaxt belə qısa bir zamanda – 10 gün ərzində 35-40 min qonaq qəbul etməyib. Deməli, yarışmanın Bakıda keçirilməsi ölkədə infrastrukturun vəziyyəti və idarə edilməsi baxımından həm də bir sınaq olacaq.
“Eurovision” müsabiqəsinin təşkilində və idarə edilməsində Informasiya Kommunikasiya Texnologiyalarının (IKT) rolu da danılmazdır. Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin rəhbərliyi Azərbaycanda IKT sektorunun MDB-də ən öncül olduğunu desə də, reallığın başqa olduğu hamıya məlumdur.
Bu gün nəinki regionlarda, heç paytaxtın özündə də stasionar ATS-lərin elektronlaşdırılması başa çatmayıb. Paytaxtdan kənar rayonlarda və kəndlərdə isə əhalinin internetdən istifadə etmək imkanı çox məhduddur. Məsələn, redaksiyamıza Bakıdan 210 km. uzaqlıqda olan Göyçayın Ləkçıplaq kəndindən daxil olan məlumata görə, burada əhalinin istifadə etdiyi ATS ötən əsrin 70-ci illərində quraşdırılıb. 15 minə yaxın əhalisi olan kəndin ATS-nin imkanları cəmi 250-300 nömrəyə çatır. Yağış və küləkdən sonra isə ATS 4-5 gün işləmir. Bu ATS-dən nəinki internetə qoşulmaq, heç qonşu rayonlara da zəng eləmək olmur. Digər rayonlarda da təxminən vəziyyət eynidir.
Sərəncamında olan şəbəkəni təkmilləşdirə və yenidən qura bilməyən nazirlik isə “Azeurotel” rabitə şirkətini milliləşdirmək qərarına gəlib. Şübhəsiz ki, bu bazarlıq inhisarlaşma siyasətinə nazirliyin sadiqliyinin daha bir nümunəsidir. Bundan başqa, heç şübhə yoxdur ki, qısa zamanda bu “Azeurotel”in xidmətlərinin keyfiyyəti “Bakinternet” və “Bakı Telefon Rabitə” Istehsalat Birliyinin səviyyəsinə düşəcək. Cəmi 3 ay bundan əvvəl rabitə sektorunda özəlləşdirmənin sürətləndirilməsindən dəm vuran nazirin, birdən 2 addım geri atması təəccüb doğurmaya bilməz.
“Eurovision-2012″dən danışanda indiki durumu qiymətləndirərək qeyd edək ki, ölkənin IKT sektorunun bu möhtəşəm tədbirin öhdəsindən gələ biləcəyi şübhə doğurur. Ölkənin stasionar geniş zolaqlı internet şəbəkəsinin aşağı sürətli olması buna bir misaldır.
Simsiz internetə gəlincə, burada vəziyyət daha qəlizdir. Məlum olduğu kimi, bu müsabiqədə simsiz rabitə, o cümlədən sürətli internetin rolu daha böyükdür. Yerli və xarici tamaşaçılar SMS-lə səs verməlidilər. Zaldakı tamaşaçılar isə şəkilləri, video və audio məlumatları göndərməli, onları canlı olaraq yaxınları ilə bölüşməlidilər. Azərbaycanda isə nəinki 4G, heç normal 3G rabitəsi də yoxdur. Ona görə də yarışma günləri mobil rabitələrimizdə hansı tıxacların yaranacağını indidən proqnozlaşdırmaq olar. Nazirliyin də, mövqeyinin də necə olacağını indidən söyləmək olar. Bu sektorun tənzimlənməsində birbaşa məsuliyyət daşıyan Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin yenə də operatorları günahlandıracağına qəti şübhə yoxdur.
Ittihamlar qalsın bir kənarda, IKT sektorunun axsaması ölkənin imicinə ciddi zərbə vuracaq və mümkün ola biləcək tənqidlərin siyahısına əlavə bir bənd də gətirəcək.
Azad