Hər əfv fərmanından sonra ağlımdan keçən ilk sualdı bu. Srağagün də eyni sual gəldi ağlıma yeni əfv fərmanı imzaladığını eşidincə: “Bəs onun özünü kim əfv edəcək?”.
***
Sayəsində hüquq yerlərdə sürünür. Məhkəmələr iki dodağının arasından çıxan bir sözə tabedir.
Parlament kağız üzərində seçkili orqandır, sadəcə. Paşa könlü kimi istəyirsə, onu da təyin edir.
Sayəsində kimsənin mal və can güvənliyi qalmadı. Istədiyiniz an, yerində Heydər Əliyev mərkəzi tikiləcək, Heydər Əliyev parkı salınacaq, Heydər Əliyev heykəli ucaldılacaq deyə eviniz başına uçurula bilər. Cibinizdən YAP-ın üzvlük bileti çıxması şərtdir. O çıxmasa, narkotik çıxacaqdır zatən.
Sayəsində fərqli düşünmək, doğruları yazmaq, həqiqətləri söyləmək yasaq oldu. Çaylar belə tərsinə axmazkən aldı Azərbaycanı geriyə götürdü – mən deyim 200 il, 300 il, siz deyin, 500 il, 1000 il geriyə. Orta çağların cəhalət, köləlik saçan bataqlığına, şahlıq dövrünə qaytardı ölkəni. Azərbaycan bu qədər geriyə getmişkən özü neylədi? Onu kimi düşünməyəni cinayətkar donunda, onu sevməyəni düşmən libasında görəcək qədər irəli getdi.
Sayəsində sərbəst toplaşmağı, özgürcə dolaşmağı tarix kitablarından oxuyur, dünya xəbərlərindən eşidirik. Əlacı olsa bir ailənin nə qədər üzvü varsa, bir şam yeməyində bir süfrənin başına toplaşdı deyə alar içəri doldurar da, amma doldura bilmir, çünki bu ölkədə bir ailədən olanların bir süfrə başına toplaşması da mümkünsüz: hərə bir tikə çörək üçün dünyanın dörd yerinə darmadağın. Əlbəttə, yenə onun sayəsində.
Yenə onun sayəsində rüşvət, korrupsiya, talançılıq norma oldu. Bir dövlət büdcəsi ki, nə siz soruşun, nə mən deyim – sökən sökənə, yeyən yeyənə, oğurlayan oğurlayana. Yalan diz boyu, yaltaqlıq boğazdan yuxarı.
Oysa nə ümidlərlə qazanmışdıq özgürlüyü. Nə xəyallarımız vardı bu ölkəylə bağlı. Hüququn hər kəsin iradəsinin üstünə çıxacağı, fərqli düşüncədən, fikirdən, əqidədən olan insanların qardaşca yaşayacağı, iqtidarda kim olursa olsun, doğruluğun, dürüstlüyün dəyişməz iqtidar olacağı, məmurunun qarnı ilə deyil, qafası ilə düşünəcəyi, insanlarının məhz bu ölkənin vətəndaşı olduğu, cibində onun pasportunu daşıdığı üçün qürur duyacağı, fəxr edəcəyi bir Azərbaycan vardı hamımızın beynində, ürəyində.
Sayəsində nə oldu? Adamlar müstəqilliyə peşman oldu. Bu ölkədə doğulduğuna, bu ölkədə yaşadığına, bu dili danışdığına, bu ölkənin vətəndaşlığını daşıdığına peşman oldu.
Və bütün bunlardan sonra əfv edilməyə ən böyük ehtiyacı olan onun özüykən, o çıxıb əfv edir, üstəlik də xəyallarımızdakı Azərbaycanı qurmaq mücadiləsindən yorulmayanları, geri durmayanları, pəs etməyənləri. Çünki sayəsində azad, demokratik, firavan Azərbaycan qurmaq, qurmaq istəmək də cinayət oldu.
***
Nə deyim, vallah, Tanrı və Tarix də onu əfv etsin, millət keçsin günahlarından!
Sənə gəlirik, ey Böyük Insan!
Sənə gəlirik, Məhəmməd Əmin Bəy!
Bu gün qurduğun Cümhuriyyətin doğum günüdür, Istiqlal bayramımızdır.
Bu gün sevgilimizi, cocuğumuzu, dostumuzu yanımıza alıb Sənə gəlirik – Novxanıya, adi daşa belə, can vermiş, nəfəs vermiş, ürək vermiş abidən qarşısına.Sənə verdiyimiz sözü təkrarlayacağıq, Sənə içdiyimiz andı yeniləyəcəyik bu gün: “Bizə miras qoyduğun Cümhuriyyəti yenidən ayağa qaldırmasaq, bizə miras qoyduğun dəyərləri yenə bu ölkənin başına dikməsək yatdığımız yuxu, içdiyimiz su, udduğumuz hava, yediyimiz çörək haram olsun bizə!”.Sənə gəlirik ey Böyük Insan! Hər kəsə heykəli, büstü, yalan televiziyalarının bir küncündə şəkli olmadan da, adı muzeyə, parka, fonda, aeroporta verilmədən də Millət Öndəri olmağın mümkünlüyünü isbat etmiş ey Böyük Insan, Sənə gəlirik!
Oxuculara!!!
Sevgili oxucular, bu gün saat 12.00-da Novxanıda, Ən Böyük Insanın – Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısında Azərbaycanın ən böyük bayramı – Respublika Günü qeyd ediləcək.
Bu, yalnız Rəsulzadə və onun qəhrəman silahdaşlarına vəfa borcumuz deyil. Bu, həm də Monarxiyaya dirsək, Respublikaya dəstək borcumuzdur.Hamınızı dostlarınızla, doğmalarınızla gözləyirəm. Gec qalmayın.