Ötən 10 gündə dövlət başçısına və daxli işlər naziri Ramil Usubova məktub yazdım. Birinci məktubu Ramil müəllimə yollamışdım. Yazmışdım ki, Sumqayıtda gənc fəal Cabbar Savalanlının məhkəməsindən sonra onun polisləri bir neçə jurnalist kimi mənə qarşı kobudluq edib; peşə fəaliyyətimi məhdudlaşdırıb, redaksiyamızın fotoaparatını zədələyiblər.
Yazmışdım ki, cənab nazir, fotosunu da təqdim etdiyim bu polislərə davranış qaydalarını öyrədin, onları güllələməyin, məzəmmət edin. Başa salın ki, 21-ci əsrdir, polis dövlət hakimiyyəti nümayəndəsidir, o, özünü xeyli dərəcədə nəzakətli və tərbiyəli aparmalıdır. Xülasə, yolkəsəndən, quldurbaşından fərqlənməlidir, polis dediyimiz şəxs.Sonra demişdim ki, redaksiyamızın fotoaparatını zəhmət çəkib o polislərə düzəltdirsin.Dünən DIN cavab yollayıb. Yazıblar ki, Natiq, siz məhkəmənin qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərmisiniz.
“Tədbir zamanı jurnalist və reportyorların təhlükəsizliyi təmin olunmuş, onların peşə fəaliyyətinə şərait yaradılmış, lakin Siz xüsusi geyim formasında olmadığınıza və bu barədə polis əməkdaşlarına bildirmədiyinizə görə polisə aparılmısınız”.
“…Polis əməkdaşları tərəfindən kobudluğa məruz qalmağınız barədə müraciətinizdə göstərilən xüsusatlar təsdiqlənməmişdir”.
Bu cavab məktubunu oxuyandan sonra mən hörmətli Ramil müəllimdən və onun komandasından üzr istəmək qərarına gəldim.
Hörmətli Ramil müəllim, cənab general, gec də olsa anladım ki, sizlərin dəyərli vaxtınızı almaqla böyük səhvə yol vermişəm. Polis bizdə həmişə haqlı və güclüdür. Mən bir daha təsdiq edirəm ki, kobud və ancaq öz heyvani gücünə istinad edən polis bizim canımız, cananımızdı. Polis özünü nə qədər pitekantrop kimi aparsa, o qədər qürurvericidir.
Indi anlayıram ki, Sumqayıtda sizin polislər məni doğrayıb şiş kabab etmədiklərinə görə onların humanizminə və ana təbiətə borcluyam. Polisə vətəndaşlarla davranış qaydaları yox, əksi öyrədilməlidir. Məsələn, hər bir vətəndaş polis görəndə azı kobra və ya vəba bakteriyalarının həndəvərindəymiş kimi ehtiyatlı olmalıdır.
Xülasə, polisdən şikayət etməyə görə özümü şiddətlə qınayıram. Ancaq, cənab nazir, nə olar, siz də polisin obrazı haqda yanlış düşüncələr yaranmasına imkan verməyin. Iki gündən bir telekanallara çıxıb, “polisdən kimin nə şikayət var, bizə yazsın”, deməyin. Səmimi, qardaşyana bildirin ki, polis nə edir əccəb edir, əlinin içindən gələni edir, heç kim polisə “gözün üstündə qaşın var” deyə bilməz.
Bundan sonra əminəm ki, vətəndaşlar və polis arasında olan anlaşılmazlıqlar aradan qalxacaq, necə ki, bir quzu qurdların onu parçalamasına görə ancaq taleyini qınayır, biz də polis qəzəbinə ürcah olanda ancaq kor bəxtimizi yamanlayacağıq, daha şikayət üçün qələmə sarılmaq-filan olmayacaq.
***
Qibleyi-aləmə yazdığım məktubda isə bizi ailəlikcə vətəndaşlıqdan çıxarmasını xahiş etmişdim. Əlahzərətdən rəsmi cavab gəlməyib, ancaq onun müraciətimə müsbət yanaşdığı açıq-aşkar bilinir. Müraciətdən dərhal sonra qaldığım evdən bizi ailəliklə küçəyə atdılar.
Düzdür, çoxları kimi mən də bunu əvvələr “JEK”in özbaşınalığı kimi qiymətləndirdim. Ancaq yox… Səltənətdə yarpaqlar da hökmdarın izni olmadan titrəmir. Məncə, “JEK” onun tapşırığını yerinə yetirir. Əvvəl bizi evdən, sonra isə vətəndaşlıqdan məhrum edəcəklər.Yaşa prezidentim, yaşa!