Qutuların oksigen balonu funksiyası

Seçkilərdə dəfələrlə müşahidəçi olmuşam, həm burada, həm də başqa ölkədə. Ilk müşahidəçilik təcrübəmdən bilirəm ki, Azərbaycan kimi ölkələrdə bu adi işə vəkil olmaq nə qədər çətindir. Təsəvvür edin ki, günün yarısını gözünü əsəb gərginliyi ilə o seçki qutusuna zilləyib dayanmalısan. Kiçik bir yayınma ilə sehrli qutunun durumu dəyişə bilər. Sonra kimə nə sübut edə bilərsən ki… Bizim səsvermə məntəqələrində heç cinayət başında yaxaladıqlarına günah işlədiyini sübut edə bilmirsən. Necə ki, iki gün öncə keçirilən bələdiyyə seçkiləri zamanı 12 saylı məntəqədə məlum rüsvayçılığın üstü açılanda bu hal baş vermişdi…

Bilirsiniz, bizdə bələdiyyə institutlarına əhəmiyyətsiz bir şey kimi baxırlar. Dünyanın bütün normal ölkələrində parlamentdəki yerlərin bölünməsinə müstəsna təsiri var bələdiyyə seçkilərinin. Çox zaman parlamentdəki yerlər uğrunda mübarizə aparan partiyaların alacağı səs faizi, bələdiyyə seçkilərində qazanılan nisbət əsasında təxminən bəlli olur. Uzağa getməyək, qardaş Türkiyədə mart ayında  bələdiyyə seçkilərinin hansı gərgin rəqabət mühitində keçirildiyini hər kəs xatırlayır. Məsələ burasındadır ki, bənzər ölkələrdə uduzan tərəflər nə qədər narazı qalsalar belə, rəqib tərəfin hiylə işlədib qutuya saxta bülleten atmasına inanmaz. Orada müşahidəçilik etdiyim seçkilərdə də bu fikrimə bir daha əmin oldum. Bir də ona əmin oldum ki, orta səviyyədə demokratiya mərhələsinə çatmış heç bir ölkə seçki qutusuna saxta bülleten atmaq kimi primitiv üsulu özünə sığışdırmaz. O üzdən belə yerlərdə səhərdən-axşama qımıldanmadan sandıq başında keşik çəkməyə ehtiyac da yoxdur. Olsa belə, buna simvolik bir missiya kimi baxılır. 

Təbii, bu təcrübənin bizə dəxli yoxdur. Ümumiyyətlə, seçki mədəniyyəti formalaşmamış bir cəmiyyətdə hansı müşahidəçilikdən, hansı səssaymadan danışasan? Illərdir həmin qutu hakim rejimin oksigen balonu funksiyasını yerinə yetirir. Hər seçkidən-seçkiyə o saxta bülletenlərlə süni nəfəs vurulur ki, hökumətin kökdən düşən hüceyrələri yenidən dirçəlib cana gəlsin. Bəli, bu məhz ölüm-dirim məsələsidir. Ona görə də, 12 saylı seçki məntəqəsində Əfruz Hacıyevanın komandanlığı altında baş verən o rüsvayçılığa da adi dirəniş kimi baxmayın. Sadəcə, onları yüksək səviyyədə belə təlimatlandırıblar. O, olsa-olsa həmin prosesdə yer alan “onbaşı” və ya “yüzbaşı”lardan biridir.

Indi hər şey işıq sürəti ilə dəyişir. Dünya praktikasında seçki texnologiyaları elə yüksək dərəcədə inkişaf edib ki, insanların üzərinə düşən az şey qalıb. Yəni indi insanlara qalan iş o prosesi haram qarışdırmadan aparmaq, əlini vicdanının üstünə qoyub səs vermək və nəticələri olduğu kimi ortaya qoymaqdır. Elə ən mühümü olan da budur. Bütün oyunlar o üzdən həmin qutunun başında baş verir. 

Ölkə insanı uzun illərdir prezident və parlament seçkilərində baş verən misilsiz qanunsuzluqları bildiyinə görə, bələdiyyə seçkilərinə heç məhəl qoymaq belə istəmir. Bu fakt iki gün öncə bir daha təsdiqini tapdı. Rəsmi açıqlamaların yalan olduğunu hər kəs bilir. O seçkilərdə əhalinin 10 faizi də iştirak etməyib. Çünki o yerlərin öncədən hansı siyahı üzrə bölündüyü belə kimsəyə sirr deyil. Xülasə, dünya inkişaf edir, bu inkişafla bərabər seçki texnologiyaları da yeniləşir və təkmilləşir. Təbii, bizdə də nələrsə dəyişir. Amma o dəyişikliklər hələlik öz tətbiqini ancaq yanlış əsasda – saxtakarlıqlar üzərində tapır. Hərçənd, yanlışın da bir limiti var. O tükəndiyi zaman daha həmin qutular da oksigen balonu funksiyasını itirmiş olacaq.