Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Srağagünkü “bələdiyyə seçkisi” adlı şouya saxtakarlıqda iştirak edən idman müəlliməsinin videokadrı damğa vurdu. Inanın, üzücü olan, adamı yandıran saxtakarlıq faktı deyil, onsuz da artıq biz seçki-şoularında belə səhnələrə adət eləmişik, “Gülərgeyt” işindən sonra isə, ümumiyyətlə, yapçıların seçki tamaşaları barədə nəsə demək yersizdir, əlavə heç bir sözə, şərhə ehtiyac qalmır.
Sadəcə, adamı ən çox yandıran, kədərləndirən artıq bu ölkədə müəllim adının seçki saxtakarlığı ilə assosiasiya edilməsidir, müəllim adı gələndə göz önündə topa-topa bülletenin canlanmasıdır, yada “karusel”in düşməsidir. Müəllimin seçki saxtakarlığında iştirakı seçki saxtakarlığının özündən qat-qat dəhşətli, ağrılı, utancvericidir.
Bəli, istənilən ölkədə müəllim adının bu qədər ləkələnməsindən, urvatsız olmasından böyük faciə ola bilməz. Bir az şablon, bir az pafoslu çıxacaq, amma hər bir xalqın işıqlı, ləyaqətli gələcəyi ilk növbədə onun məktəbindən, müəllimindən asılıdır. Bizdə isə saxta seçki məntəqələrini məktəblərə yerləşdirirlər, müəllimi isə bu “seçki” məntəqələrindəki saxtakarlıq əməliyyatlarının baş qəhrəmanına çevrilirlər. Məktəbin və müəllimin bu şəkildə dəyərsizləşdirildiyi ölkədə hansı aydın və azad gələcəkdən danışmaq mümkündür?!
Məsələ yalnız seçki saxtakarlığında iştirakla da bitmir. “Müəllim” sözünü Azərbaycanda süpürgəpulunun sinoniminə çevirdilər. Bu ölkədə müəllim deyiləndə ən son yada düşən kitabdır, qələm-dəftərdir, bilikdir. Müəllim adı gələndə bunların hamısından əvvəl yada fondpulu gəlir, pərdəpulu, adgünüpulu düşür.
Bax beləcə, müəllimi hörmətdən salmaqla həm də Azərbaycanın xoşbəxt gələcəyinin üzərindən xətt çəkirlər. Azərbaycanın çağdaş, modern, mədəni bir dünya ölkəsinə çevrilməsinə dair ümidləri daha dərin gömürlər. Cəhalətin əl-qolunu daha geniş açmasına, savadsızlığın kütləviləşməsinə “yaşıl işıq” yandırırlar. Müəllimi ələ baxmağa, müəllimi yaltaqlıqla məşğul olmağa, müəllimi seçki saxtakarlığında iştirak etməyə, müəllimi özünü müti kimi aparmağa məcbur edilən bir ölkənin gələcəyini qaranlıqdan və bataqlıqdan başqa necə təsəvvür etmək olar?!
Bax ona görə də hər dəfə müəllimi yaltaqlanan, müəllimi seçki qutusuna topa-topa bülleten alan, müəllimi qəpik-quruş maaşa möhtac ikən analoqsuz inkişafdan, məmləkətin güllük-gülüstanlığa çevrilməsindən danışan görmək çox ağırdır, çox ağrılıdır.
Illərdən bəridir davam edən müəllim adını dəyərsizləşdirmə, ucuzlaşdırma siyasəti Azərbaycana edilən pisliklərin ən böyüyüdür, Azərbaycana vurulan yaraların ən ağırıdır. Bu pisliyin altını hamılıqla çəkəcəyik, bu yaranın ağrısını hamılıqla hiss edəcəyik.
Nə deyim vallah, baiskarlar utansın!
***
Bunu da yazmasam olmaz: həmişə rejimin elmə, təhsilə, məktəbə ögey, yad münasibəti haqqında düşünəndə, alimi, müəllimi yarıac, yarıtox saxlaması, onu dəyərsçizləşdirməsi barədə fikirləşəndə Belinskinin aşağıdakı sözlərini xatırlayıram: “Insan yalnız bilmədiyi şeydən qorxur, bilik isə hər cür qorxuya qalib gəlir”.
Bu mənada ölkəni xofla idarə etməkdən başqa çarəsi olmayanların, hakimiyyti qorumaq üçün total qorxu mühiti yaratmaqdan qeyri yolu qalmayanların toplumu bilikdən uzaq tutmağa çalışmasından, bilik daşıyıcılarını isə ikrah və ironiya hədəfinə çevirmək istəməsindən təbii nə ola bilər?!
***
Dünən “Azadlıq” qəzetinin 25 yaşı tamam oldu. Əlamətdar hadisədir, şübhəsiz. Bu 25 ildə baş verən təlatümlər, fırtınalar içərisində bir qəzetin ayaqda qalması asan deyil.
Amma indiki şərtlər altında bu günə çox sevinə də bilmir adam, çox fərəhlənə də bilmir.
Kaş bu 25 ilin tamamında Azərbaycan sonuncu nəfəsliklərin bir-bir qapandığı, azadlıq qalalarının bir-bir yıxıldığı, domino daşları kimi uçulduğu ölkə olmayaydı, kaş bu gün adamın tənqidçi, müxalif fikir adına “Azadlıq”dan başqa da üz tuta biləcəyi, sığınacağı başqa bir.., yox-yox, bir yox, lap onlarca, yüzlərcə “qala”sı, nəfəsliyi olaydı.
Bax əsl sevinc, əsl bayram onda olardı.
Amma yenə də “Azadlıq”ın 25-ci yaş günü qutlu olsun!
O gün olsun manşetindən arzuladığımız, gözlədiyimiz xəbəri oxuya bilək.