İşsizlik və bu üzdən yaranan problemlər təkrar cinayətlərə yol açır
Penitensiar Xidmətin rəisi Mədət Quliyev 6 saylı cəzaçəkmə müəssisəsində keçirilən “Din və dövlət münasibətləri” adlı tədbirdə çıxış edərkən deyib ki, məhkum olunan şəxslərin 60-65 faizi azadlığa çıxdıqdan sonra yenidən cinayət törədirlər: “Biz arzu edirik ki, bu cür şəxslərin sayı azalsın”.
Mədət Quliyevin səsləndirdiyi rəqəm ciddi narahatlığa əsas verir. Belə çıxır ki, həbsxana həyatı məhkumların cəmi 35-40 faizini islah edir.
Maraqlıdır, cəzasını başa vurmuş məhkumların yenidən həbsxanaya qayıtmasının kökündə hansı səbəblər dayanır? Onları geri qayıtmağa vadar edən nədir?
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyir ki, cəzaçəkmə müəssisələrində monitorinqlər zamanı bu sualı məhkumlara onun özü də verib: “Onlar deyir ki, azadlığa çıxanda iş tapa bilmirik. Deyirlər ki, məhkum həyatı yaşamaqlarını, cinayətkar olduqlarını əsas gətirib, onları işə götürmürlər. Ona görə də ailədə söz-söhbət, xoşagəlməz vəziyyət yaranır. Məhkumlar güzərana görə təkrar cinayət törədib həbsə düşməkdən çəkinmirlər. Ən qorxulusu budur”.
Elçin Behbudov deyir ki, məhkum azadlığa çıxandan sonra onunla iş aparılmalıdır. Məhkumlar təqib olunmamalı və reabilitasiya dövrü keçməlidir. Keçmiş məhkumların işə düzəlməsi istiqamətində addımlar atılmalıdır: “Həbsdə olmuş insanın cəmiyyətə yararsız olması haqda fikirlər dəyişməlidir”.
Elçin Behbudov eyni zamanda, cəzaçəkmə müəssisələrində psixoloqların onlarla iş aparmasını vacib sayır: “Azadlığa çıxan məhkumun öz evinin satıldığını görməsi, işə düzələ bilməməsi yaxşı hal deyil. Məhkumlarla söhbətdə onlar məhz sosial qayğılar və problemlər üzündən çətinlik çəkdiklərini deyərək, təkrar cəzaçəkmə müəssisəsinə qayıtmağı üstün tuturlar. Bu isə çox acınacaqlı vəziyyətdir. Insan bilərəkdən və bilməyərəkdən cinayət törədir və müəssisədə islah olunur. O, cəmiyyətə qayıtmalıdır. Onun sağlam psixoloji durumda olması, cəmiyyətə incik vəziyyətdə qayıtmaması vacibdir. Təsəsüf ki, hazırda belə deyil”.
Nigar