Ukraynada yerləşən gənc cəbhəçi Azərbaycan hakimiyyətinin öz rəqibləri ilə düşmən kimi ədavət aparmasından şikayətlidir
Uzun müddətdir harda olduğu bilinməyən AXCP Gənclər Komitəsinin fəalı Rəsul Mursəlov “tapılıb”. Onun facebook statuslarından bəlli olub ki, cəbhəçi gənc hazırda Ukraynadadır. O, başına gələnlər və hazırkı vəziyyəti ilə bağlı “Azadlıq”a açıqlama verib. Bildirib ki, həbsdən çıxandan (25.01.2014) sonra, əsasda mart ayından Zaqatalada təzyiqlərə tuş gəlib. Hətta bir neçə dəfə Zaqatala polis şöbəsinin Şahid adlı əməliyyatçısı telefonda onu təhdid edib, təkrar həbslə qorxtmağa çalışıb.
Belə hədələrin işləmədiyini görən inzibati orqanlar 20 martda onların evinə hücum ediblər, evi daşa basıb dam örtüyünü, pəncərələri qırıblar: “Bunu edənlər guya sadə Zaqatala vətəndaşları idi. Guya insanlar məni bu şəhərdə görmək istəmir, mənə ara qarışdıran kimi baxır. Bundan sonra Zaqatala polisindəki həmin Şahid mənə dedi ki, başçı (Mübariz Əhmədzadə) deyib, o nə vaxt Zaqatalaya gəldi, tutun basın içəri”.
1-4 avqustda R.Mürsəlov Gürcüstanda bir konfransda olur. 3 günlük konfransın mövzusu “Qarabağda sülh” imiş. Mürsəlov deyir ki, konfransda çıxışında sülhü dəstəkləyib, həmin dönəmdə başlayan süni savaşı Putinin oyunu adlandırıb, ATƏT-in Minsk qrupunu və Rusiyalı həmsədr İqor Popovu tənqid edib, sülhün yalnız Avropa Birliyinə üzvlüklə təmin olunacağını əsaslandırıb.
“4 avqustda Gürcüstandan qayıtdım, elə yoldaykən internetdən oxudum ki, hökumətyönlü saytlar bu konfransın savaş zamanı olmasını pisləyib, orada azərbaycanlılarla ermənilrin yeyib içdiyini, amma vətəndə şəhidlərin olduğunu yazıb, tədbirdən şəkillər yerləşdirib. Orda mənim də şəklim var. Bir sözlə, bunu vətənə xəyanət kimi dəyərləndirir. Boş verdim, həm də mən tək getməmişdim – 12 nəfərdik Azərbaycandan (sonradan həmin adamlardan təkcə mənə iş açıldı). Bakıya qayıdan kimi telefon nömrəmi dəyişdim, kirədə qaldığım evə getmədim. 2 gün sonra anam xəbər elədi ki, evə gəlmişdilər, səni axtarırlar, deyirlər oğlunuz ermənilərlə görüşür. Bundan başqa 2008-də Bakıda Bankdan 1100 manat kredit götürüb və ödəməyib. İndi onun haqqında 274 və 178-ci maddələrlə cinayət işi açılacaq. Deyin gəlsin danışaq, yoluna qoyaq. Vaxtında gəlsin, onsuz da 1 -2 günə rəsmi iş açılacaq və harda olsa tapacağıq”.
Rəsul Mürsəlov daha sonra prokurorluqda işləyən yaxınından həbsinə real hazırlığın getdiyi barədə xəbər alır. Növbəti şərlənmədən sığortalanmaq üçün Mürsəlov Gürcüstana, ordan isə Türkiyəyə keçir. Bu zamanlarda yenə də prokurorluq əsassız yerə onun ailə üzvlərinə təzyiq göstərir. Türkiyədə gizlin izləndiyinin də fərqində olan Rəsul 26 oktyabrda oranı tərk edib, Ukraynada yerləşir. “Hazırda özümü sürgün olunmuş sayıram. Heç bir günahım, cinayətim olmadığı halda korrupsioner, kriminal hakimiyyət məni öz ölkəmdən didərgin salıb. Bütün bunlara baxmayaraq mən düz bildiyim yolu tərk etmək fikirində deyiləm” – deyə Rəsul Mürsəlov bildirib.
S.Novruz