Dünən Beynəlxalq Insan Haqları günü idi. Ölkədə həbs və basqıların tüğyan etdiyi bir zamanda hər hansı haqdan danışmağa dəyməzdi, doğrusu. Elə ona görə də, bugünkü yazını sadəcə bir INSANA həsr etmək istədim. Indiyə kimi tanımadığımız, adını duymadığımız, məşhur olmayan bir insana. Insan olmağın özü də ən böyük haqdır axı. Elə bir haqq ki, ona sahiblənmək də hər kəsin öz dəyərləri daxilində olan məsələdir, düşüncəmə görə. Sadə bir əyalət müəlliminin bu hekayətini istər qəhrəmanlıq kimi qəbul edin, istər qəzavü-qədər kimi. Amma sonunda hamımız üçün alınacaq bir dərs var: insanlıq ölmədi və heç bir halda ölməyəcək…
Həmin əyalət müəllimi Əhliman Hüseynov bir həftə əvvəl öz idarə etdiyi maşınla Sabirabad şəhərini Cavad kəndi ilə birləşdirən yeni istifadəyə verilmiş körpüdən keçərkən Kür çayına düşüb. O, Sabirabad 5 saylı məktəbində müəllim işləyirmiş. Əhliman müəllim yanında dərsə apardığı qonşusunun 9 yaşlı qızı Güldəstəni xilas edərkən suda boğulub. Bu xəbəri sabirabadlı veteran cəbhəçi Sahib Rüstəmli öz FB səhifəsində paylaşıb. Onun yazdığına görə, 57 yaşlı Əhliman müəllim kürqırağılı olduğu üçün yaxşı üzə bilirmiş. Lakin o, qızcığazı maşından çıxarıb xilas etmək istədiyi zaman çox əziyyət çəkib. Təxminən 500 m soyuq suda axa-axa qışqıraraq kömək istəyib. Səsi eşidənlər maşınlarını saxlayıb sahil boyunca ona tərəf qaçıblar. Qaçanların arasından Türkədi kənd sakini Dəyanət Şıxəliyev suya atılıb onlara doğru üzüb. Əhliman müəllim ona 2-3 m qalmış qızı var gücü ilə irəli ataraq suda gözdən itib. Dəyanət isə uşağı tutub sahilə doğru dönməyə başlayıb. Lakin bir az sonra onun da taqəti tükənib və insanlar sahildən kəndir atıblar. Çox çətinliklə olsa da, nəhayət, o, kəndiri tuta bilib və özü də, qız da xilas olub. Suda batan Əhliman müəllimi isə hələ də axtarırlar…
Sahib bəyin yazdığına görə, Əhliman müəllim şəhər məktəbində işlədiyindən, kənddən hər gün maşınla 4 şagird götürürmüş. Həmin gün şagirdlərdən 3-ü dərsə getmək istəməyib. Dərsə getmək istəməyən şagirdlərdən biri Güldəstənin kiçik qardaşı olub. Valideynləri nə qədər təkid etsələr də, o ağlayaraq məktəbə getmək istəmədiyini bildirib…
Şübhəsiz, hər kəsin bir alın yazısı var. Amma insan olaraq necə yaşamağın yolunu hər kəs özü seçir. Nə vaxtsa belə bir hekayə oxumuşdum. Ata-oğul bir dağın ətəyində dolaşarkən uşağın ayağı ilişib yıxılır və qışqırır. Onun çığırtısına qarşıdakı dağdan cavab səsi gəlir. Uşaq çaşır “sən kimsən?” deyə qışqırır. Yenə eyni cavabı eşidir. Hirslənib “sən qorxaqsan” deyə təkrar qışqırır. Dağdan gələn səs də ona “sən qorxaqsan” deyə cavab verir. Uşaq atasına dönüb “ata, nə olur belə?” soruşur. Ata “oğlum, dinlə və öyrən!” deyərək dağa dönüb “sənə heyranam” qışqırır. Gələn cavab eyni olur. Ata təkrar “sən möhtəşəmsən!” çığırınca eynilə cavab təkrarlanır. O izah edir: “Insanlar buna ”əks-səda” deyərlər, amma əslində bu “yaşam”dır. Həyat hər zaman verdiklərini sənə geri qaytarır. Daha çox sevgi istədiyin zaman, daha çox sev! Daha çox mərhəmət istədiyində, daha mərhəmətli ol! Hörmət istəyirsənsə, insanlara daha çox hörmət duy… Bu qayda həyatımızın bir parçasıdır, hər kəs üçün keçərlidir. Həyat bir təsadüf deyil, etdiklərimizin aynada əksidir”.
Şübhəsiz, biz sevginin, mərhəmətin və hörmətin əks-sədası duyulan bir ölkədə yaşasaydıq, Əhliman müəllimlərin sayı daha çox olacaqdı. Insanları nifrətdən çox sevgi böyüdəcəkdi. Kimsə kimsənin haqqına toxunmağa ürək etməyəcəkdi. Və yalnız o halda hər kəs insanlıq haqqının necə dəyərli olduğunu anlayacaqdı…
P.S. Qəzetimizin adından Əhliman müəllimin yaxınlarına başsağlığı və səbr diləyirəm. Yaxşı ki, yaşadığımız ölkədə Əhlimanlar, Dəyanətlər tükənməyib hələ! Gün gələcək, onların övladları sevginin, mərhəmətin və hörmətin əks-sədası duyulan gözəl bir cəmiyyətdə yaşayarkən, öz ataları ilə qürur duyacaqlar. O gün hökmən gələcək!