Moldovada hakim koalisiya yaradılır. Bunu dekabrın 4-də Liberal Partiyasının lideri Mixay Qimpu açıqlayıb. “Media forum” saytı xəbər verir ki, Mixay Qimpu dekabrın 3-də Demokrat və Liberal Demokrat partiyalarının liderləri ilə görüşdüyünü bildirib: “Biz parlament çoxluğu formalaşdırmaq və hökumət proqramı hazırlamaq üçün qrup yaratmaq haqda razılığa gəldik”.
Moldovada noyabrın 30-da parlament seçkisi keçirilib. İlkin nəticələrə görə, Avropa İttifaqına inteqrasiya olunmasına qarşı çıxan Rusiya yönlü Sosialist Partiyası 20,51%, hakim koalisiyanın əsas partiyası olan Liberal Demokrat Partiyası 20,16%, Kommunist Partiyası 17,48%, hakim koalisiyaya daxil olan Demokrat Partiyası 15,8%, Liberal Partiyası 9,67% səs toplayıb.
101 yerlik Moldova parlameni hökuməti qurmaqda həlledici söz sahibidir. Ölkənin prezidentini də parlament seçir.