Bizdən sonra nə olur olsun – indi bizdəki rejim siyasətlərini yalnız belə dəyərləndirmək olar. Istər iç, istərsə də dış siyasətdə rejimin tutuduğu yol budur. Bir çağlar Fransada kral XV Lüdovik belə demişdi (bunu onun favoritlərindən birinin adıyla bağlayanlar da var). Başlıcası bu deyil, başlıcası kralın özünün o sayaq düşünməsi, o düşüncə üzündən də tezliklə hakimiyətdən düşürlüməsi faktıdır. Indi biz oxşar dönəm içindəyik. Düzdür, əliyevçi rejim boyunca bizdə indikindən çox seçilən siyasət yürüdülməyib, ancaq indiki kimi siyasi özbaşınalıqlar, mənəm-mənəmniklər də olmayıb.
Başda duran danışır, bunlar da inanırlar: “Azərbaycan dövləti çox güclüdür”. Adam yalanına özünü də inandırıb, çevrəsini də. ABŞ siyasi dustaq sorununu aradan qaldırmağa, yurddaşların hüquqlarına sayğıyla yanaşmağa, demokratik hüquq dövləti qurmağa, açıq hökumət formalaşdırmağa çağırır, bunlarsa XIN-in, Prezident Administrasiyasının yalançı “mətbuat xidmətini” qabağa verib ABŞ-ı söyməyə girişirlər. 21 illik bir hakimiyət gerçək, topluma açıq mətbuat xidməti düzəldə bilmir, ABŞ üzərinə yürüşə qalxır. Korrupsioner başçılığında “antikorrupsiya” qurumu yaradır… korrupsionerləri qoyub, Leyla Yunus, Intiqam Əliyev kimi hüquq qoruyucularını tutub damlayır. Nədən? Hökumətin özü korrupsiya hökuməti olduğundan!
ABŞ-ın yuxarıda göstərilən bütün çağırışları bunlarda yerə-göyə sığmayan dəli açıq doğurur. Niyə? O çağırışların hamısı Xalqın, Ölkənin, Dövlətin gerçəkdən-gerçəyə güclü olmasına nədən olurkən bunların kriminal-korrupsioner hakimiyətlərinin gücsüzlüyünə-yıxılmasına nədən ola bilir. Əli Hüseynli adlı bir rejim qulluqçusu ABŞ Dövlət Departamentinin qısaca desək, “ölkəni düşünün”! çağırışından sonra XIN, PA “mətbuat xidmətlərinin” ardınca necə ürəklənirsə, ABŞ-ı “terrorçu dövlət” adlandırır. Istər-istəməz yada akademik Ziya Bünyadov, jurnalist Elmar Hüseynov, general Rail Rzayev kimi üstü açılmamış çoxsaylı ölüm-öldürmə faktları düşür. Ölkə, başlıcası da hakimiyət strukturları bütünlüklə korrupsiya-kriminal içində olduğundan üstü açılmayan cinayətlərin sayı durmadan artır. Bu sayaq faktların geniş yayıldığı bir dövlət necə güclü dövlət ola bilər?!
ABŞ-ın Açıq Hökumət formalaşdırmağa yönəlik çağırşı ABŞ-a deyil, Azərbaycana, Azərbaycan yurddaşlarına gərəkdir. Demokratik hüquq dövləti qurulmasından başlayan bu formalaşdırma güclü Xalq, güclü Dövlət yaradılmasına gətirib çıxarır. Başlanğıc yerli özünüyönətim-bələdiyələrdir. Qarşıdan bələdiyə seçkisi gəlir. Indiyədək “Azadlıq” qəzetində yazılanlar indi əlaltı parlament tribunasından deyilir: “Yerlər çoxdan satılıb”. “Prlament” adlandırılanın özü də beləcə “yerlərin çoxdan satılması” yoluyla formalaşdırılır. Milyardlarla neft-qaz, balıq-kürü, qızıl-gümüş, holdinq pulları bunları doyurmur, bələdiyə seçkisini də satışa çıxarmaqla keçirirlər. Açıq hökumət formalaşdırmanın qarşısı birinci burda alınır. Sonra parlament seçkisini satışa çıxarmaqla alınır, sonra da prezident seçkisini satın almaqla, administrativ resursları başlıca seçki resursuna çevirməklə. Beləliklə, başdan ayağa KRIMINAL hökumət formalaşdırırlır. ABŞ-ın, eləcə də demokratik Avropanın suçu belə bir hökumətdən QANUNUN ÜSTÜNLÜYÜ yönündə dəyişiklik istəməsidir. Qanunsuzluqla yaradılan hökumət QANUNUN ÜSTÜNLÜYÜ kimi qorxunc faktoru necə özünə yaxın buraxa bilər?!
Qanunsuzluq üzərində qurulmuş əliyevçi hakimiyət içün QANUNUN ÜSTÜNLÜYÜ prinsipinə bağlı demokratik hüquq dövləti qurmaqdansa, bütün Azərbaycan yurddaşlarının yerinə özünü Koroğlu körpüsündən atmaq daha asandır. Hər ikisində sonluq bir olduğu üçün! Ancaq indiki düşünülməmiş, ağına-bozuna baxmayan “güclü dövlət” siyasəti də Koroğlu körpüsündən atılmağa bənzər uğursuz siyasətdir.