Başxanım Abbasova: «Elə bilirlər ki, bu uşaqları həbsə atanda, döyəndə nəticəsi yaxşı olur?»
«Məmurlar düşünməsin ki, yolları həmişə hamar olacaq, onları da enişli-yoxuşlu günlər gözləyir»
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı Ictimai Palatanın 2 aprel mitinqi ilə bağlı həbs edilən gənc fəallardın biridir. Barəsində iki aylıq həbs qərarı çıxarılan T.Abbaslı hazırda Kürdəxanıdakı istintaq təcridxana- sında saxlanılır. Dünən Turalın ailəsinə qonaq olub, anası Başxanım Abbasova ilə söhbət etdik.
– Necə oldu ki, Tural Müsavat Partiyasına gəldi?
– Turalın Müsavata gəlməyi, ümumiyyətlə hərəkata qoşulmağı lap uşaqlıqdan olub. Mən özüm 88-ci ildən hərəkatdayam, 91-ci ildən də Müsavat Partiyasının üzvüyəm. Bizim evdə həmişə söhbət siyasətdən gedib. Uşaqlarım mənim əqidəmin davamçısı olublar. 18 yaşı tamam olan kimi Tural Müsavat Partiyasına üzv yazıldı. Bir neçə il Müsavat Gənclər Təşkilatında sədr müavini kimi fəaliyyət göstərdi, sonra da sədr seçildi.
Gecə saat 4-də də ona zəng etsəydilər ki, filan yerdə yığıncaq var, ya sən lazımsan, heç bir tərəddüd etmədən qaça-qaça gedirdi. Səhər evdən ac çıxırdı, gecə də 12-də gəlirdi. Tək Tural yox, hamısı belədir. Müavinləri var, Əhəd Məmmədli, Rüfət Hacıbəyli Allah qapılarını açsın, çox mübariz gənclərdir. Rüfətin heç canı-cəsədi də yoxdur. Cismən cılız olasan, amma içində belə böyük mübarizlik ola. Əhədin özü də xalqı, Vətəni üçün canını qoyar, hər şeyindən keçər. – 88-ci ildən hərəkatda, aktiv siyasi fəaliyyətdəsiniz. Belə çıxır ki, Tural da elə anasının yoluyla gedib?
– Mənim atam Şamil Abdıbəyli o vaxt Müsavatın Gəncə-Qazax üzrə gənclər təşkilatının sədri olub. Bu mübarizlik mənə atamdan keçib, Turala da babasından. Tural atam kimi Müsavatda gənclər təşkilatının sədridir. Üç oğlum, bir qızım var. Mən uşaqlarımı heç vaxt heç nəyə təhrik etməmişəm. Nə deməmişəm ki, mən mühəndisəm, siz də mühəndis olun. Ya siz də siyasətə meyl edin. Özləri nə istəyiblərsə, razılaşmışam. Tural 88-də mən hərəkatda olandan yanımda olub. Məktəbdən götürüb “Azadlıq” meydanına aparırdım. Bizim evimizdə həmişə haqsızlığa, ədalətsizliyə qarşı etiraz olub. Bəlkə bu əqidə həm babasından, həm məndən keçib, amma hər halda bu onun içindən də gəlirdi.
– Yəqin, müxalifətçi olmağın ağırlığını siz də, oğlunuz da hiss etmisiniz bu illər ərzində?
– Bizdə demokratik cəbhədə olanlara xoxan kimi baxırlar. Elə bil, xalq iki cəbhəyə ayrılıb – biri müxalifətdə olanlar, o biri də iqtidarda. Halbuki hər ikimiz bu xalqın övladlarıyıq. Müxalifətdə olanlar bu xalqın yaxşı yaşaması, sosial ədalətin bərpası üçün çalışır. Azərbaycan cənnət məkandır. Bizim hər cür sərvətimiz – neftimiz, qazımız, balığımız, kürümüz, mis, alüminium, qızıl, hətta firuzə yataqlarımız var. Torpağımız o qədər bərəkətlidir ki, nə əksən bitir. Bu qədər sərvətin, nemətin müqabilində insanların yoxsul yaşaması nə dərəcədə ədalətlidir?
Bir gündə neftdən 115 milyon dollar pul gəlir. Azərbaycanda pensiya alanların illik büdcəsi də 180 milyondur. Deməli, iki günün pulu ilə pensiyaçıların pulunu ödəmək də olar, artırmaq da. Xalq nə istəyir bəyəm? Bizim üçün nə fərqi var? Yenə prezident bir nəfər olacaq. Qoy, Ilham Əliyev özü olsun, amma camaata gün ağlasın, islahat aparsın. Bəyəm, bir rayondan icra başçısını çıxarıb onu başqa rayona başçı qoymaq islahatdır? Indi vəzifədə olanlardan başqa Azərbaycanda savadlı adam yoxdur? Mənim oğlum, yaxud o biri gənclər nə istəyirlər ki? Gənclərin evi yox, iş yeri yox. Deyirlər ki, 900 min yeni iş yeri açılıb. Mənim evimdə 3 ali təhsilli oğlan var. Niyə o iş yerlərindən onların payına düşməyib? Hanı o iş yerləri? Gənclər üçün ipoteka proqramı həyata keçirirlər, amma şərt qoyurlar ki, 700 manat maaşı olmalıdır. Bu gün məmurlardan başqa kim real olaraq o maaşı alır? Bu gənclər də nə məmurdu, nə icra başçısı. Hansı gəncin təminatı var ki, ali məktəbi qurtarandan sonra işlə təmin olunacaq? Gənclər yaxşı təhsil, yaxşı yaşayış istəyir. Buna haqları çatır. Çünki ölkənin buna imkanı var. Niyə qoymurlar bu imkanlardan istifadə edək? “Eurovision”da, muğamda uğurlarımız varsa, bu demək deyil ki, Azərbaycan cənnətdir? Bir ovuc adamlar, oliqarxlar yaxşı yaşayır. Azərbaycanı bölüblər. Hər rayona bir məmur nəzarət edir.
Dəniz qırağına gedirsən, pulsuz yer tapa bilmirsən. Hər yeri tutublar, hasarlayıblar. Müəllimə, həkimə qəpik-quruş verirlər, sonra da deyirlər ki, rüşvət alır. Axı, bu az maaşla onları özün rüşvətə təhrik edirsən. 100-200 manatla ailə saxlamaq olar? Olmazsa, niyə belə maaş verirsən, niyə rüşvət alanda tutursan? Yuxarılara çuvalla gedən rüşvətləri niyə tutmursan? Bu ədalətsizlik nə qədər davam edəcək? Insanların əsəbi bu qədər haqsızlığa necə dözsün? Heç olmasa ayda bir dəfə bu müxalifətə də imkan verin ki, çıxıb sözünü desin? Telekanalların hamısı müxalifətin üzünə bağlıdır. Məgər müxalifət xalqın düşmənidir? Mən müsavatçı olduğum üçün düşmənəmsə, niyə 92-ci ildə bu xalq üçün Muğam Studiyası yaratmışam? Qarabağdan qaçqın düşənləri Sabirabaddan, Saatlıdan, Imişlidən yığıb gətirmişəm. Ən gözəl səsləri seçib onların təhsil almasına kömək etmişəm. Indi muğam oxuyanların çoxu elə o studiyadan çıxanlardır. Müxalifət olaraq bu az imkanımla bunu eləyə bilmişəm. Ay oliqarx, ay 20 il nazir işləyən, barmağını yum de ki, sən kimə neyləmisən? Özünə villalar, restoranlar tikdirməkdən, ən bahalı maşınları Azərbaycana gətirməkdən başqa. Gənclərin əxlaqını şoularla məhv ediblər. Indi şou-biznesdəkilər bizə ağıl verən, yol göstərən olublar.
– Ölkədəki siyasi vəziyyətə, iqtidarın rəqibləri ilə necə mübarizə apardığına yaxından bələd olduğunuz üçün yəqin oğlunuzun həbsindən təəccüblənmədiniz?
– Hələ düşünürdüm ki, məni də həbs edə bilərlər. Aksiyada oğlanlarımın üçünü də tutdular. Ikisini buraxdılar, Turala ittiham irəli sürdülər. Turalı Yasamal polisində möhkəm döymüşdülər. Xaliq Bahadır şahid olmuşdu. O danışanda ki, Turalı necə döyüblər dəli oldum. Niyə döyürsən? O uşağın nə canı var axı? Sonra üzünə iki polisi qoyublar ki, guya, Tural onları döyüb. Öz çəkilərinə də baxsınlar, Turala da. Turalın onları döymək imkanı nə qədərdir? Gör nə qədər yalan, nə qədər riyakarlıq var bunlarda. Qoy, tutsunlar. Nə cəza verirlər versinlər. Amma hər gecənin bir gündüzü, hər gündüzün də gecəsi var. Insanın həyat yolu heç vaxt hamar olmur. Indiki məmurlar elə bilməsin ki, yolları həmişə hamar olacaq. Onları da enişli-yoxuşlu günlər gözləyir. Biz dəvəsi ölmüş ərəbik, dözərik. Görək, onlar neyləyəcək?
Azərbaycanda hakimiyyət dəyişikliyi olsa, ədalət bərqərar olsa, mən öz adımdan o oliqarxlara bir qəbir yeri də vermərəm. Öz xalqına zülm etməkdə, xalqı zəlil qoymaqda bunların məqsədi nədir? Niyə xalqı özlərindən bu qədər küsdürürlər? Elə bilirsiniz, bu uşaqları həbsə atanda, döyəndə, onları cəzalandıranda nəticəsi yaxşı olur? Gənclərdə daha da nifrət, ikrah hissi oyadırlar. Turalın 13 dayısı, xalası var. Onların 55 övladı, onlardan olan uşaqlardan 85 nəvə var, həmin nəvədən də 23 nəticə var. Deməli, bunların hamısı Turalın arxasındadır. Hələ mən onların da qohum olduqları adamları demirəm. Bir Turalı tutmaqla, ona əzab verməklə gör, nə qədər adamı özlərindən narazı salırlar? Bunu hesablayırlarmı? Turalkimilər də bir deyil, beş deyil…
Gültəkin, Foto Elmin Həsənlinindir