Vahid Məhərrəmov: «Yeni il öncəsi bazara çıxarılan məhsulun qiyməti o qədər cəlbedici olmayacaq»
Bu ilin 9 ayında Azərbaycandan 170,2 min ton meyvə-tərəvəz və s. kənd təsərrüfatı məhsulları ixrac edilib. Xarici ticarət dövriyyəsinin balansının saldosu ton ifadəsində Azərbaycanın xeyrinə olub: müsbət 49 min 837,8 ton.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixracatın əsas hissəsi – 93,5 faizi Rusiyanın payına düşür. Rusiyaya 48,7 min ton kartof, 52,6 min ton pomidor, 2486,7 ton xiyar, 4200 ton qoz, 12,4 min ton alma, 9,5 min ton gilas və albalı, 6,8 min ton şaftalı, 3,9 min ton gavalı və s. ixrac edilib. Rusiyaya Azərbaycandan meyvə, tərəvəz, çay ixracının ümumi həcmi 149,3 milyon dollar olub. Rusiyadan Azərbaycana ilin əvvəlindən 22 min 730 ton kartof, 284,8 ton noxud ixrac edilib.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, ölkədən Rusiyaya meyvə-tərəvəz ixracının həcmi böyükdür. Bu təkcə indi deyil, əvvəlki illərdə də belə olub. Ekspert qeyd edir ki, bu ilin son iki ayında nisbətən artım olub: “Bu il Rusiyanın ehtiyacı yarandığı üçün ora nisbətən daha çox kənd təsərrüfatı məhsulu ixrac edilib. Bu ilin indiki mövsümündə Rusiyaya ixrac etdiyimiz nar və alma məhsulu orada soyuducu anbarlarda və refrekatorlarda saxlanılır. Lakin təəssüfedici fakt odur ki, ölkəmizdən Rusiyaya ixrac olunan narın tərkibində insan üçün zərərli maddə tapılıb və bəzi bölgələrdə həmin partiya məhv edilib. Bu da bəzi nar tədarükü ilə məşğul olan sahibkarların bu işlə məşğul olmasına problemlər yaradacaq. Bundan sonra isə Rusiyaya ixrac edə biləcəyimiz kənd təsərrüfatı məhsulu yoxdur”.
Ekspert bildirir ki, bəzi bölgələrdə istixana şəraitində yetişdirilən pomidor-xiyar məhsulu yeni il öncəsi bazara çıxarılacaq. Lakin onun da qiymətinin o qədər cəlbedici olmayacağını deyən ekspert, rublun məzənnəsinin aşağı enməsi nəticəsində faraş kartofun ixracının da baş tutmayacağını vurğulayır. Vahid Məhərrəmov eyni zamanda, rublun qiyməti stabil olduğu müddətdə keçən ilə nisbətən meyvə-tərəvəz məhsulunun ixracının cəmi 40 ton artıq olduğunu diqqətə çatdırır: “2012-ci ildə meyvə məhsulunun ümumi ixracı 220 min ton olub ki, onun da 197 min tonu Rusiyanın payına düşüb. Həmin ildə ixrac olunan 54,6 min ton tərəvəzin 54 min tonu Rusiyaya göndərilib. 2013-cü ildə isə ixrac olunan 173 min ton meyvənin 145 min tonu Rusiyaya gedib. 65 min ton tərəvəzdən 64 min tonu da həmçinin Rusiyaya ixrac edilib”.
Vahid Məhərrəmov əlavə edir ki, meyvə-tərəvəz ixracı 2012-ci ilə nisbətdə xeyli azalıb. Bu ili də həmin dövrlə müqayisə edəndə artımın az olduğu görünən həddədir. Yəni, ölkəmiz 2012-ci ildəki kimi məhsul ixrac edə bilməyəcək.
Xatırladaq ki, 2012-ci ildə 58,7 min ton ixrac kartofun 58 min tonu, 2013-cü ildə isə 53,9 min ton ixracın 53,7 min tonu Rusiyaya göndərilib.
Nigar