Ərazidə qorunması vacib binalarla yanaşı, ağaclar da var
Bakının “Sovetski” ərazisində məlum söküntü işlərinin artıq mərhələ ilə aparılmadığı müşahidə olunur. Hökumət birinci mərhələni başa vurmadan, həm də söküntü işini planlı və səliqəli şəkildə aparmadan, növbəti mərhələyə keçib.
Deyəsən, tələsirlər… Indi “Sovetski”də hasarlanan ərazidən kənarda da sökülən evlərə rast gəlinir. Halbuki Yasamal Rayon Icra Hakimiyyətinin birinci növbədə hasara aldığı əraziyə yalnız “Sovetski” (indi N.Nərimanov) və A.Şaiq (keçmiş Yuxarı Dağlıq) küçələrinin arasındakı evlər daxil edilmişdi. Indi isə “Sovetski” ərazisində hansı küçədə yerləşməsindən asılı olmayaraq, köçməyə razılaşan (və ya məcbur edilən) hər bir ailənin evi dərhal uçurulur. Odur ki, hazırda söküntü işlərinin adda-budda şəkildə aparıldığını söyləyə bilərik.
Xatırladaq ki, birinci mərhələdə hasara alınan ərazidə yerli əhəmiyyətli 2 memarlıq binası var: A.Şaiq küçəsi 79 və Ç.Mustafayev küçəsi 20 ünvanlarının kəsişməsindəki “Hacı Cavad” məscidi və A.Şaiq küçəsi 171-də yerləşən yaşayış evi.
Məscid hicri-qəməri təqvimi ilə 1305-ci ildə, yaşayış evi isə 1338-ci ildə inşa edilib. Bir qədər əvvəl mətbuatda sözügedən məscidin söküləcəyi xəbərləri yayılsa da, sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin xəbərləri təkzib etdi və məscidin qorunacağını bildirdi. Sakinlərin sözlərinə görə, yaşayış evi olan ikinci memarlıq abidəsi də hələlik toxunulmaz qalır, lakin ev sahibi hökumətin son qərarını hələ də gözləməkdədir.
Bundan başqa, ərazidə köhnə Bakının atributlarından olan 3 “su fontanı” da qalıb ki, sakinlərin sözlərinə görə, artıq həmin obyektlər dövlət nəzarətinə götürülüb. Məlum olduğu kimi, bu “fontan”lar ötən əsrin əvvəlində Bakıya “Şollar” su kəmərinin çəkilişi ilə əlaqədar tikilib və o zaman hər bir “fontan”da qoyulan krandan əhaliyə vedrələrlə su satılıb. “Fontan”lardan 1950-ci illərədək istifadə olunub.
Qeyd etdik ki, indi “Sovetski”də söküntü işlərinə bütün ərazi boyu rast gəlinir. Ekskavatorlar artıq aşağı məhəllələrədək irəliləyib. Söküntü işi M.Əliyev küçəsindəki 2 memarlıq binasını da əhatə edib. Bunlardan biri (102 saylı bina, 1916-cı ildə tikilib) görkəmli jurnalist, yazıçı və publisist Osman Mirzəyevin evidir. Digərində isə (115 saylı bina, 1910-cu ildə tikilib) məşhur teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadə yaşayıb.
O.Mirzəyevə məxsus evin sol tərəfinə bitişik binalar artıq sökülüb. Sakinlərin sözlərinə görə, şəhid jurnalistin yaxınları mülkün qorunub saxlanılması üçün əlaqədar orqanlarla iş aparırlar. A.M.Şərifzadənin vaxtilə yaşadığı binanın da qorunacağı söylənilir. Bundan başqa, M.Muxtarov küçəsi 83-də yerləşən “Yuğ” Dövlət Teatrının binasına (1885-ci ildə tikilib) bitişik evlər də sökülmək üzrədir…
Ümumiyyətlə, “Sovetski” ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan təxminən 200 ev, 9 hamam, 4 məscid, 1 kilsə, 10-dək təhsil və səhiyyə müəssisəsi, eləcə də inzibati bina var. Lakin bu ərazidə qorunması vacib tikililərlə yanaşı, yaşıllıqlar da var.
“Sovetski”yə xas yaşıllıq növlərinə gəlincə, burada tut, əncir, qaysı ağacları və üzüm meynələri məşhurdur. Elə qocaman tut ağacı var ki, gövdəsini üç-dörd adam qucaqlayar. Məsələn, A.Şaiq küçəsi 211 ünvanındakı tut ağacının yaşı 60-70-dən çoxdur. Onun qəribəliyi isə gövdəsinin ilan kimi yerlə bir neçə metr “sürünərək” sonra boya verməsidir. Ərazidə sırf kölgəlik yaradan ağaclardan isə çinar və söyüd geniş yayılıb. Təəssüf ki, söküntü ilə əlaqədar ağaclardan bəziləri ya zədələnib, ya da məhv olub.
Şövkət Məmməd