Hakim partiyanın da, yerli «padşahların» da öz siyahısı var
Bələdiyyə seçkiləri hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə icra başçılarını üz-üzə qoyub. Redaksiyamıza daxil olan məlumatlara görə, bələdiyyə seçkilərilə bağlı YAP-ın və icra başçılarının öz siyahısı var. Bildirilir ki, regionlarda icra başçıları hakim partiyanın yerli təşkilatlarının sədrlərinə təzyiq edərək öz namizədlərini önə verirlər. YAP-ın yerli təşkilatları isə mərkəzi aparatın tapşırığına əsasən hakim partiyadan namizəd irəli sürməlidir.
Məlumatlarda bildirilir ki, artıq vəziyyət o həddə çatıb ki, YAP-ın yerli təşkilat rəhbərləri icra başçılarından mərkəzi aparata və Prezident Administrasiyasına şikayətlər etməyə başlayıb. Icra başçılarının da analoji addımlar atdığı deyilir. Məlumatlara görə, onlar administrasiyaya göndərdiyi şikayətlərdə YAP-ın yerli təşkilatlarını özfəaliyyətdə ittiham edirlər. Bildirilir ki, icra başçılarının bələdiyyələrə maraq göstərməsi bəzi infrastruktur layihələrin həyata keçirilməsinin yerli özünüidarəetmə orqanlarına həvalə edilməsi ilə bağlıdır. Icra başçısı milyonlarla manat dəyəri olan həmin layihələri nəzarətə götürmək üçün bələdiyyələrdə özlərinə yaxın adamların təmsil olunmasına istəyirlər. Bildirilir ki, hakimiyyətdaxili ziddiyyətlərin təzahürü olaraq ötən illərə nisbətən bu il namizədlərin sayı xeyli azdır. Məlumatlara görə, hazırda namizədlərin sayı 20 mindən bir az artıqdır. Qeydiyyat müddətinin bitməsinə 2 gün qalır. Məlumat üçün deyək ki, bu il 15 min 35 bələdiyyə üzvü seçilməlidir. Ötən il bu rəqəm 15 min 682 olub. Ötən il Azərbaycanda 1718 bələdiyyə orqanı olubsa, bu il onların sayı 1607-ə endirilib.