Azərbaycanda hansı məmur hansı bölgəyə nəzarət edir?
Hakimiyyətdəki oliqarx məmurların arasında baş qaldıran ziddiyyətlərin əsas səbəblərindən biri də Azərbaycan rayonlarını ələ keçirmək uğrunda aparılan mübarizədə maraqların toqquşmasıdır. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, nəqliyyat naziri Ziya Məmmədov, dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev və digər iri çəkili məmurların “fəaliyyəti” yalnız biznes sahələrini monopoliyaya almaqla məhdudlaşmır. Onlar həm də rayonları ələ keçirərək şəxsi mülkiyyətə çevirmək uğrunda “mücadilə” verirlər. Hazırda ölkənin əksər rayonlarına bir neçə oliqarx nəzarət edir. Rayonların bu və ya digər məmurun nəzarətində olmasını icra başçılarının hansı oliqarxın yaxın çevrəsinə daxil olması ilə müəyyənləşdirmək mümkündür. Hansısa rayonun icra başçısı məsələn, Kəmaləddin Heydərova yaxın şəxsdirsə, bu, o deməkdir ki, həmin rayonda fəaliyyət “fövqəlnazir”in maraqlarına uyğun şəkildə təşkil edilməlidir.
Kiçik araşdırmamız nəticəsində oliqarxların nəzarətində olan rayonların tam olmayan siyahısını əldə etmişik. Buyurun tanış olun.
Bəylər Əyyubovun nəzarətində olan rayonlar
1. Abşeron – Bu rayonun icra başçısı Zakir Fərəcov Bəylər Əyyubovun yaxın çevrəsinə daxildir. Icra başçısı olmazdan əvvəl Sumqayıtın bələdiyyə sədri olub. Kürd kökənli olduğu bildirilir. Bəylər Əyyubovun hesabına neçə ildir ki, vəzifədə qala bilib.
2. Gəncə – Icra başçısı Elmar Vəliyev, hərbi prokuror Xanlar Vəliyevin qardaşıdır. Vəliyevlər də hakimiyyətdəki “kürd qruplaşması”nın üzvüdür, yəni, Bəylər Əyyubovun patronajlığı altında fəaliyyət göstərirlər. Elmar Vəliyev əvvəllər Yevlaxın icra başçısı olub.
3. Daşkəsən – Icra başçısı Əhəd Abıyevin Bəylər Əyyubova yaxın şəxs olduğu heç kimə sirr deyil. Əhəd Abıyev bundan əvvəl deputat olub. Deputatlıq karyerasının sonunda Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt ittihamlar səsləndirdiyinə görə 2010-cu ildə YAP-ın siyahısından kənarda saxlanılıb. Bir qədər sonra Bəylər Əyyubovun iradəsilə Daşkəsənə icra başçısı təyin edilib.
4. Göygöl – Uzun müddətdir ki, bu rayonun icra başçısı Arif Seyidovdur. Mətbuatda onun fəaliyyəti ilə bağlı çoxsaylı tənqidi yazıların dərc olunmasına baxmayaraq, Ilham Əliyev Bəylər Əyyubova görə onu yerindən tərpədə bilmir.
5. Tərtər – Bu rayona bir neçə aydır ki, yeni icra başçısı təyin edilib. Bu, Yasamalın icra başçısının müavini olmuş Ceyhun Cəfərovdur. Bu şəxs Bəylər Əyyubova yaxınlığı ilə seçilir.
Gədəbəy – Icra başçısı Kamran Rzazadə Bəylər Əyyubovun nüfuz dairəsinə daxildir.
6. Bərdə – Rayonun icra başçısı Vidadi Isayevin Elmar Vəliyevlə qohumluq əlaqələrinin olduğu deyilir. Elə onun vasitəsilə də Bəylər Əyyubovun yaxın çevrəsinə daxil ola bilib.
7. Saatlı – Icra başçısı Siraqəddin Cabbarovun Bəylər Əyyubovun təqdimatı ilə bu posta təyin olduğu deyilir.
8. Salyan – Rayonun əvvəlki icra başçısı Əlağa Hüseynov deputat mandatı alandan sonra Bəylər Əyyubovun adamı sayılan Tahir Əkbərovla əvəzlənib.
9. Laçın – Icra başçısı Ramiz Cəbrayılovun Abşeronun icra başçısı Zakir Fərəcovla isti münasibətlərinin olduğu bildirilir. Onun vasitəsilə Bəylər Əyyubova “biət” edib.
Kəmaləddin Heydərovun nəzarətində olan rayonlar
1. Yardımlı – Icra başçısı Xəzər Aslanov. Kəmaləddin Heydərovun təqdimatı ilə bu posta yiyələnib.
2. Masallı – Icra başçısı Qəzənfər Ağayev. Hətta özü də rayonda Kəmaləddin Heydərovun adamı olduğunu gizlətmir.
3. Sabirabad – Icra başçısı Nazim Ismayılov. Bundan əvvəl Şamaxının icra başçısı olub. Kəmaləddin Heydərova yaxın şəxsdir.
4. Lənkəran – Icra başçısı Tofiq Ibrahimov “fövqəlnazir”in kadrı kimi tanınır.
5. Qaradağ – Icra başçısı Süleyman Mikayılov. “Çakır Süleyman” kimi tanına bu adam həmkarı Qəzənfər Ağayev kimi Kəmaləddin Heydərova yaxın şəxs olduğunu açıq-aydın deyir.
6. Astara – Icra başçısı Taleh Qaraşov. “Fövqəlnazir”in yaxın çevrəsinə daxildir.
7. Qobustan – Icra başçısı Rauf Məmmədov
8. Qəbələ – Icra başçısı Səbuhi Abdullayev. Bu rayonun Kəmaləddin Heydərovun şəxsi mülkü olduğunu bilməyən yoxdur.
9. Şamaxı – Icra başçısı Asəf Məmmədov. Kəmaləddin Heydərov bu rayonu da demək olar alıb.
10. Ağsu – Icra başçısı Ənvər Seyidəliyev.
11. Qax – Icra başçısı Musa Şəkiliyev.
12. Qazax – Icra başçısı Rauf Hüseynov.
Son üç rayonun icra başçıları da Kəmaləddin Heydərovun tabeliyindədir.
Nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan rayonlar
1. Quba – Icra başçısı Rauf Həbibov. Ziya Məmmədovun təqdimatı ilə bu vəzifəyə təyin edilib. Onun təyinatı barədə maraqlı söhbətlər gəzir. Bildirilir ki, Ziya Məmmədov Rauf Həbibovun təqdimatını Qubadakı ziyafətlərin birində irəli sürüb. Ilham Əliyev də elə oradaca “hə” deyib.
2. Kəlbəcər – Icra başçısı Vidadi Məhərrəmov. Ziya Məmmədovun sağ əli Cavid Qurbanova yaxın şəxsdir.
3. Göyçay- Icra başçısı Mənsur Məmmədov. Ziya Məmmədovun xalası oğludur.
4. Ucar – Icra başçısı Yaşar Məmmədov. Bu rayon Ziya Məmmədovun doğma rayonudur. Uzun illərdir ki, nəqliyyat nazirinin nəzarətindədir.
5. Zərdab – Icra başçısı Lütfəli Babayev.
6. Mingəçevir – Icra başçısı Mübariz Ağayev.
7. Goranboy – Icra başçısı Nizaməddin Quliyev.
***
Sumqayıt – Icra başçısı Eldar Əzizovun Paşayevlərə yaxın olduğu deyilir. Bu baxımdan Paşayevlərin bu şəhərdə təsiri daha güclüdür.
Beyləqan – Icra başçısı Irşad Əliyev. Əvvəlki vəzifəsi kənd təsərrüfatı naziri olub. Ramiz Mehdiyevə yaxın şəxsdir.
Imişli – Icra başçısı Əbülfəz Ağayev. Ramiz Mehdiyevin kadrı kimi tanınır.
Lerik – Icra başçısı Rövşən Bağırov. Rövnəq Abdullayevə yaxın şəxs olduğu deyilir. Lerikdə ARDNŞ prezidentinin bir sıra iri obyektləri var. Bu sırada, xüsusilə “Relaks” Istirahət Mərkəzini qeyd etmək olar.
Hacıqabul – Icra başçısı Əhməd Muxtarov Rövnəq Abdullayevə yaxın şəxs hesab olunur.
Zaqatala – Icra başçısı Mübariz Əhmədzadə. Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır. Əhmədzadələr Rövnəq Abdullayevlə eyni komandadadırlar.
Ağdam – Icra başçısı Nizami Sadıqov. Bundan əvvəl Şabranın polis rəisi olub. Ramil Usubova yaxın şəxs olduğu üçün bu rayon daxili işlər nazirinin nəzarətindədir.
Cəlilabad – Icra başçısı Əziz Əzizov əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun tabeliyində olduğunu gizlətmir. O, hətta Ilham Əliyevin deyil, Kərəm Həsənovun göstərişlərini yerinə yetirdiyini deməkdən də çəkinmir.
Kürdəmir – Fəxrəddin Məlikov. “Azəriqaz”ın sabiq sədri Əlixan Məlikovun qardaşıdır. Bəzi məlumatlara görə, rayon Ramiz Mehdiyevin nəzarətindədir.
Şirvan – Icra başçısı Mərdan Camalov. Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. Bu baxımdan Şirvan Camalovların şəxsi mülkiyyətinə çevrilməkdədir.
Şəmkir – Nazim Veyisov. Vergilər naziri Fazil Məmmədova yaxın şəxs hesab olunur.
Biləsuvar – Mahir Quliyev. Kənd təsərrüfatı naziri Ismət Abbasovun yaxın çevrəsinə daxildir.
Cəbrayıl – Mahmud Quliyev. “Qaçqınkom” sədri Əli Həsənovun yaxın adamıdır.
Ismayıllı – Icra başçısı Nizami Ələkbərov. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.
Tovuz – Icra başçısı Tofiq Zeynalov Ramiz Zeynalovun qardaşıdır.
Bir daha qeyd edək ki, bu, hələ tam siyahı deyil. Həmçinin əlavə edək ki, ölkədəki biznes sahələri də təxminən bu şəkildə oliqarxlar arasında bölünüb. Növbəti saylarımızda Azərbaycandakı biznes sahələrinə hansı oliqarxların nəzarət etdiyini oxucuların diqqətinə çatdırmağa çalışacağıq.
Informasiya şöbəsi