Mikayıl Cabbarovla Məleykə Abbaszadə arasında da ziddiyyətlər yaranıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Təhsil Nazirliyinin mətbuat orqanı olan “Azərbaycan müəllimi” qəzetində dərc olunan məqaləyə cavab verib. Qeyd edək ki, məqalə saxta diplomlar barədə olub.
Modern.az-ın məlumatına görə, qurumun məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov məsələ ilə bağlı bildirib: “3 oktyabr 2014- cü il tarixli ”Azərbaycan müəllimi” qəzetində “Saxta diplomların qarşısını almaq olarmı?” sərlövhəli məqaləyə rast gəldik. Məqalədə saxta diplom problemi ilə bağlı inkişaf etmiş ölkələrin təcrübəsindən nümunələr gətirilərək araşdırılma aparılmasına cəhd göstərilir və müəllifin sözləri ilə yazsaq: “Araşdırmalarımız göstərdi ki, bu işdə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edərək müəyyən mexanizmin yaradılması zəruridir” kimi nəticə çıxarılır.
Məqalənin məzmunundan belə başa düşülür ki, sanki ölkəmizdə bu istiqamətdə heç bir iş görülməyib və ya kimlərsə bu sahədə hələ ki nəsə etməyi planlaşdırır. Məlumat üçün bildiririk ki, bu heç də belə deyildir. Bu məsələ Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və bu sahədə lazımi tədbirlər artıq həyata keçirilib və keçirilməkdədir.
Problemin həlli ilə əlaqədar ilk növbədə lazımi qanunvericilik bazası yaradılmış, müvafiq hüquqi aktlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009- cu il tarixdə qəbul etdiyi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 14.18 maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq “Tələbə- məzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010 – cu il tarixli 225 nömrəli Fərmanı ilə “Tələbə – məzun” dövlət elektron məlumat sistemininin Əsasnaməsi təsdiq edilmiş və həmin Sistemin yaradılması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə edilmişdir.
TQDK 28 mart 2012- ci il tarixdən etibarən adı çəkilən Sistemi müvafiq qurumların istifadəsinə vermişdir. Sistemə bütün ali və orta ixtisas təhsili müəssisələri qoşulmuşlar. Eyni zamanda adları aşağıda siyahıda göstərilmiş dövlət orqanları mövcud Əsasnamə ilə müəyyən edilmiş qaydada Sistemə qoşula bilərlər və onların əksəriyyəti hazırda Sistemə qoşulmuşlar”.
Təhsil Nazirliyinin orqanı olan “Azərbaycan müəllimi” qəzetinin bu mövzunu gündəmə gətirməklə əslində TQDK-nın fəaliyyətini tənqid edib. Çünki tələb qəbulunu bu qurum həyata keçirir və saxta diplomlar qanunsuz yolla qəbulların təzaühürüdür. Elə bu səbəbdəndir ki, TQDK operativ şəkildə məsələyə reaksiya verib. Bu həm də onu göstərir ki, artıq təhsil naziri Mikayıl Cabbarovla Məleykə Abbaszadə arasında da ziddiyyətlər yaranıb.