Sabiq baş əməliyyat müvəkkili cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir
DIN-in sabiq əməliyyat müvəkkili, 2005-ci ildə adamoğurluğu, qətllər və digər ağır cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Istintaq Təcridxanasından Qobustan Qapalı Həbsxanasına köçürülməsini tələb edir. Bununla bağlı o, “Qırmızı Xaç” Komitəsinə müraciət edib. Məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Hacı Məmmədovun anası Almaz Məmmədova da xəbəri təsdiq edib: “Evə zəng etmişdi, dedi ki, daha orada qalmaq istəmir. Xahiş elədi ki, onu Qobustana köçürsünlər. Bununla bağlı ”Qırmızı Xaç” Komitəsinə də müraciətini çatdırmağımızı dedi. Sizdən xahiş edirəm, artıq söz-söhbət yazılmasın… Deyir ki, daha orada qala bilmir”. A.Məmmədova oğlunun bir çox xəstəliklərdən əziyyət çəkdiyini, son 1 ayda oğluna apardıqları yeməklərin qəbul edilmədiyini də bildirdi.
Oxucuların diqqətinə çatdıraq ki, bu məlumatdan təxminən iki həftə əvvəl Işgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov milli təhlükəsizlik naziri Eldar Mahmudova istinadən bildirmişdi ki, Hacı Məmmədovun MTN-nin təcridxanasında saxlanılması onun barəsində bəzi araşdırmaların aparılması və sabiq baş əməliyyat müvəkkilinin təhlükəsizliyi ilə bağlıdır.
Biz isə o zaman yazmışdıq ki, Eldar Mahmudovun Hacı Məmmədov barədə Elçin Behbudovun sualına verdiyi cavab bəhanədən başqa bir şey deyil.
Hacı Məmmədovun MTN təcridxanasında saxlanılması, əslində onun kifayət qədər məlumatlı şəxs olması ilə bağlıdır. MTN-nin nəzarətində olan Hacı Məmmədov bildiklərini danışmaq imkanından məhrumdur. Amma hansısa cəzaçəkmə müəssisəsinə köçürülərsə, mümkündür ki, şok açıqlamalar versin.
Yazdıqlarımız təsdiqini tapmaqdadır. Hacı Məmmədovun cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb etməsi göstərir ki, o, heç də MTN-nin təcridxanasında könüllü saxlanılmır. Eyni zamanda başa düşür ki, MTN-nin onu gözdən uzaq qoymaması təhlükəsizliklə bağlı deyil. Həmçinin bu fakt göstərir ki, Hacı Məmmədov barəsində hansısa araşdırma da aparılmır. Əks təqdirdə sabiq baş əməliyyat müvəkkili cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb şəklində qoymazdı.
Məsələ ilə bağlı söhbətləşdiyimiz ekspertlər isə hesab edir ki, görünür, Hacı Məmmədov MTN-də həyatına təhlükə hiss edir. Bu baxımdan da cəzaçəkmə müəssisəsinə köçürülməsi məsələsini ortaya atıb.
Xatırladaq ki, Hacı Məmmədov 6 ildir ki, heç bir əsas olmadan MTN-nin təcridxanasında saxlanılır.
Vidadi