Çağdaş dünyada “insan kapitalı” anlayışı geniş yayılıb. Demokratik dövlətlərdə bu anlayış demokratiyanın atributiv görsənişlərindəndir. Burada insan dövlətin, dövlətçiliyin başlıca dayağı olaraq dəyərləndirildiyindən, “insan dövlət üçün deyil, dövlət insan üçündür” fəlsəfəsinə üstünlük verilir – demokratiya dəyərlərinin yüksək tutulması, demokratik prinsiplərin sözsüz gerçəkləşdirilməsi yoluyla. Əliyevlər Azərbaycanında necədir?
“Kapital” anlayışından başlayaq. Kapital pul, var-dövlət, yatırım deməkdir. Insanın özünün kapital olaraq tanınması dövlətin başında duranların kimliyindən çox asılıdır. Burada insanı, insan əməyini dəyərləndirmə başlıca prinsipdir. 1993-dən bu yana Azərbaycanda insanı, insan əməyini dəyərsizləşdirən bir hakimiyət – Əliyevlər hakimiyəti qurulub. 1993-dən bu yana Azərbaycan bütünlüklə bir ailənin – Əliyevlər ailəsinin IŞĞAL obyektinə çevrilib. Bunu Prezident Administrasiyasının başçısı, o başdan bu başa Əliyevlərin ideya – yol yoldaşı olan Ramiz Mehdiyevin son çıxışları açıq göstərir. R.Mehdiyev təhsil sisteminin dağıdılması üzündən dövlət qulluğuna götürmək üçün yararlı kadr çatışmazlığından danışır. Bəlli olduğu kimi, R.Mehdiyev hələlik başlıca olaraq iki alandan – Təhsil, Elm alanlarından danışır, bu alanların dağıdılıb kor qoyulduğunu göstərir. Bəs başqa alanlar?
21 illik hakimiyət dönəmində dağıdılmayan nə var? Aqrar sektor darmadağındır, Gömrük, Vergi sistemləri başda olmaqla bütün dövlət qurumları rüşvət-korrupsiya içində boğulur. Dövlət qurumlarını bütünlüklə bürümüş rüşvət-korrupsiya sisteminin başında başlıca olaraq bir Ailə durur. Bu baxımdan ortada Azərbaycan dövləti adına quru anlayış var. Gerçəkdəsə dövlət bütünlüklə bir ailənindir, bir ailənin hər ay milyardlarla gəlir gətirən yüngül qazanc obyektidir. Bu dövlətdə DIN, MTN, Ədliyyə, Baş prokurorluq olmaqla bütün dövlət qurumları bir ailənindir. Bugünlər ortaya çıxan “Silahlı qüvvələrin tender gizlinləri” adlı böyük araşdırma yazısı ilə tanış olduq. Bu araşdırma yazısı Müdafiə nazirliyinin də ailə nazirliyi olduğunu açıq göstərir. “Son on il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artmışdır və bizdə orduya, Silahlı Qüvvələrə ayrılmış xərclər Ermənistanın bütün dövlət büdcəsindən təxminən iki dəfə çoxdur”. Çox gözəl, bəs kim güclüdür? kim düşmənini daha çox itkiyə uğradır? Bildiyimiz kimi, faktiki olaraq “Ermənistan” güclüdür: “Ermənistan” bizim topraqlarımızı tutub, üstəlik, bütün cəbhə boyu bizi durmadan itkiyə uğradır. Sözügedən araşdırmadan göründüyü kimi, “bizim” ordunun ikiqat, üçqat, beşqat xərcləri faktiki olaraq ordunun güclənməsi üçün deyil, bəlli bir ailənin daha çox varlanması üçündür.
Dövlət neft şirkəti ilə bağlı araşdırmalar bu şirkətin bir ailənin şirkəti olduğunu göstərir. Bundan başqa, ortada bir ailəyə bağlı böyük Sənaye kapitalı, Maliyə kapitalı var. Ölkədəki bütün qızıl-gümüş yataqları da bir ailənindir. Ən böyük tikinti şirkətləri də, balığından kürüsünədək Xəzər dənizi də, başlıca truzim sektoru da bir ailənin – Əliyevlər ailəsinindir. Bu isə ökənin bütünlüklə bir ailənin – əliyevlər ailəsinin kapitalına çevrilməsi deməkdir. Belədə I.Əliyevin ölkədəki insan kapitalından danışması doğrudurmu? Bütünlüklə doğrudur. Illərlə kölə kimi susan, ölkənin var-yatırından azacıq belə payını istəməyən, ardıcıllıqla, kadr rotasiyası yoluyla dövlət hakimiyət strukturlarına daşınmasına çalışmayan istənilən toplum heydərizm rejiminə bənzər rejimlər üçün canlı kapitaldır. Baxın, bir ailə total soyğunçuluq yoluyla milyardlar içində üzürkən, on milyonluq bir ölkə yoxsulluq içində çabalayır. Üstəlik, təhsil, sağlamlıq sistemləri darmadağın! Insan kapitalı anlayışının gerçəkləşməsi gerçək Sosial Dövlət faktına bağlıdır. Əliyev dövləti antisosial dövlətdir – gerçəklik budur!