Vəfa Quluzadə: «Artıq şüursuz təbəqə də anlayır ki, Putinin siyasəti Rusiyanı uçuruma aparır»
Ukraynaya müdaxilə ilə əlaqədar Qərblə münasibətlərin gərginləşməsi, xüsusilə Rusiyaya qarşı sanksiyaların yaratdığı problemlər Vladimir Putinin reytinqinə ciddi zərbə vurub. Məşhur “Levada” sorğu mərkəzinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, Rusiya seçicilərinin yarısından çoxu Putinə etimad göstərmir. Sorğu iştirakçılarının cəmi 49 faizi seçki keçiriləcəyi təqdirdə, hazırkı prezidentə səs verməyə hazır olduğunu bildirib.
Rəy sorğusu sentyabrın 26-dan 29-dək 1630 respondent arasında keçirilib. Statistik xəta ehtimalı isə 3,4 faiz həddində götürülüb.
Politoloq Vəfa Quluzadə deyir ki, xalqına ictimai problemlərin həlli, xalqın rifahının artması, həmçinin qələbə vədi verən Putinin dedikləri elə söz olaraq qalıb. Ukrayna hadisələrilə əlaqədar Rusiya ilə Qərb arasında uzunmuddətli soyuq müharibə, iqtisadi sanksiyalar Putinin reytinqinə birbaşa zərbə vurub: “Ölkədə qiymətlərin artması, xalqın rnifahının aşağı düşməsi və digər problemlər fonunda Putinin reytinqi sözsüz ki, getdikcə enəcək. Bu tendensiya artıq hiss olunan həddədir. Birinci reytinq şişirdilmiş reytinq idi və cəmiyyətin şüursuz təbəqəsinin ona rəğbəti nəticəsində yaradılmışdı. Reytinq məsələsi olduqca kövrək məsələdir və Putinin reytinqi hələ aşağı düşməkdə davam edəcək. Hesab edirəm ki, artıq şüursuzlar da bu siyasətin Rusiyanı uçuruma apardığını anlayır”.
Nigar