Natiq Cəfərli: «Azərbaycan qanunvericiliyinə görə, 30 min manata qədər əmanətlər dövlət tərəfindən sığortalanır»
Ölkədə 5-6 bankın Mərkəzi Bankın kapitalla bağlı tələbini yerinə yetirməyəcəyi proqnozu var. Amma Mərkəzi Bankın sədri Elman Rüstəmov belə bankların aktivlərinin ümumi bank aktivlərinin 1 faizi civarında olduğunu söyləyib.
APA-nın məlumatına görə, Elman Rüstəmov deyib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu hal yoxdur. Mərkəzi Bank sədrinin sözlərinə görə, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: “Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlarla danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardır. Kapital tələbini yerinə yetirə bilməyən banklarla fərdi şəkildə rəftar olunacaq. Biz onlarla müxtəlif ssenariləri müzakirə edirik, gəlin, bu barədə danışmağa tələsməyək”.
Xatırladaq ki, bir müddət əvvəl Elman Rüstəmov nizamnamə kapitalı şərtlərini yerinə yetirə bilməyən banklar qarşısında üç tələb qoyulduğunu açıqlamışdı. Onlar birləşməli, kredit təşkilatına çevrilməli, ya da bağlanmalı idi. Elman Rüstəmov Azərbaycanda 5-6 bankın bağlanması proqnozunu verirsə, onun hansı fəsadları ola bilər?
Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Mərkəzi Bank kimi bir qurumun rəhbərinin bu tipli açıqlamalar verməsi əslində, düzgün deyil. Çünki adları məlum olmayan, yalnız say açıqlanan belə fikirlər ajiotaja səbəb ola bilər: “Sabahdan bəzi insanlar narahat olacq ki, görəsən hansı banklar nəzərdə tutulur. Heç olmasa, detallı açıqlama verilsəydi və bankların öncədən bağlanma proseduru məlum olsaydı, məsələ bu qədər narahatlıq yaratmazdı. Amma yalnız sayı deməklə böyük bir ajiotaj və insanlarda narahatlıq yarana bilər. Söhbət çox güman ki, kiçik banklardan gedir. Amma bütün bankların əmanətçiləri var. Azərbaycan qanunvericiliyinə görə, 30 min manat həddində olan əmanətlər dövlət tərəfindən sığortalanır. Yəni, 30 min manat həddində olan əmanətlərin qaytarılmasında heç bir problem olmayacaq”.
Natiq Cəfərli qeyd edir ki, böyük məbləğlərin qaytarılmasında problemlər yarana bilər. Çünki Dövlət Sığorta Fondunun yalnız 30 min manat həddində əmanətləri qaytarmaq öhdəliyi var.
Nigar