Nemət Kərimli: «Işçi Qrupun siyasi məhbus problemini həll edəcəyinə inanmıram»
Natiq Ədilov: «Işçi Qrupdan heç bir gözləntim yoxdur»
Insan haqları sahəsindəki problemlərin, o cümlədən siyasi məhbus məsələsinin həlli məqsədilə yaradıldığı iddia olunan Işçi Qrupun obyektivliyi, səmərəli fəaliyyəti bəri başdan sual altındadır.
Bunun da bir sıra səbəbləri var. Məsələn, həmin Işçi Qrupda təmsil olunan Səməd Seyidov, Əli Hüseynli kimi deputatlar ölkədə siyasi məhbusların olmadığını, repressiyalar nəticəsində həbs olunmuş hüquq müdafiəçilərinin “yol verdikləri cinayətlərə görə cəzalandırıldığını” iddia edirsə, onlardan siyasi məhbus problemilə bağlı müzakirələrdə obyektiv mövqe gözləməyə dəyərmi? Yaxud, insan haqları məsələsində hökumətə qarşı prinsipial mövqe tutan vətəndaş cəmiyyəti nümayəndələrindən heç kim bu qrupa daxil edilməyib. Yeri gəlmişkən, Işçi Qrupun iclasından bir gün əvvəl tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılova rəsmi şəkildə dəvət olunaraq, Qrupa üzv daxil edildiyi bildirilsə də, son anda iclasa buraxılmayıb. Ona deyilib ki, guya, Qrupun digər üzvləri Xədicə Ismayılın təmsilçiliyinin əleyhinədir.
Bütün bu faktlar Işçi Qrupun fəaliyyətinin səmərəliliyini bəri başdan şübhə altına almağa əsas verir.
Yeri gəlmişkən, həbsdə olan vicdan məhbusları da birgə müraciət hazırlayaraq, bu qrupa etimad göztərmədiklərini bəyan ediblər.
Bundan başqa, bir neçə gün əvvəl vicdan məhbuslarından Leyla Yunus həm özünün, həm də Intiqam Əliyevin Işçi Qrupa etimadı olmadığını açıqlayıb: “Məhkəmə binasında Intiqam Əliyevlə görüşmək imkanım oldu. Işçi Qrup haqda bizim ümumi mövqeyimizi ifadə edirəm. Bizim bu Qrupa zərrə qədər etimadımız yoxdur. Biz inandığımız şəxsləri bu tamaşada iştirak etməməyə çağırırıq. Bu qrup gözdən pərdə asmaq üçün yaradılıb. Bu qrup hakimiyyətə dialoq görüntüsü üçün imkan yaradır, amma eyni zamanda, siyasi məhbusları azad etmək üçün heç bir real istək yoxdur. Bu sirkdir və özünə hörmət edən şəxslər bu komediyada iştirak etməməlidir”.
Bəs, digər siyasi məhbuslar və onların yaxınları Işçi Qrupun fəaliyyətilə bağlı hansı fikirdədir?
Hazırda həbsdə olan AXCP fəalı Murad Ədilovun qardaşı, partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun da Işçi Qrupdan heç bir gözləntisi yoxdur: “Mənim qardaşım siyasi məhbusdur. Onun işi siyasi iradədən asılıdır. Azca obyektivliyi, insan sevgisi olan adam bir dəqiqə də vaxt itirmədən Muradı və digər siyasi məhbusları azadlığa buraxar. Rejim düşmənçilik siyasəti aparır. Murad daha çox mənim siyasi publisistik fəaliyyətimə görə cəzalandırılıb. Məsələ bu qədər aydındır. Mənim Işçi Qrupdan heç bir gözləntim yoxdur”.
Müsavat başqanın müavini Tofiq Yaqublunun vəkili Nemət Kərimli də Işçi Qrupun siyasi məhbus problemini həll edəcəyinə inanmır: “Hakimiyyət uzun illər, ən azı 2008-ci ildən sonra bu məsələyə qayıtmaq istəmirdi. Ilham Əliyev sonuncu dəfə Avropa Şurasında çıxışında dedi ki, ”bizdə siyasi məhbus yoxdu”. Amma indi bu Işçi Qrupun fəaliyyətinin bərpasına razılıq verirsə, deməli problemi de-fakto tanıyır. Bu, ilk qələbədir. Ancaq Işçi Qrupun tərkibi çox “rəngarəngdi”. Yəni, daha çox hakimiyyət nümayəndəsidir. Bütövlüklə bu qurumun siyasi məhbus problemini həll edəcəyinə inanmıram. Tərkib ədalətli deyil, ancaq kimsə azadlığa çıxsa, alqışlayarıq”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı isə deyir ki, hələlik Işçi Qrupun fəaliyyətini izləmək fikrindədir: “Hələ ki, müşahidə edirik. Gözləyək, görək nə edirlər. Bundan sonra qiymət vermək olar”.
Ramin