“Bu fərman humanizm aktı kimi qəbul oluna bilməz”
Ölkə başçısı İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv fərmanına müxalifət düşərgəsindən ilk reaksiya neqativ olub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı facebook səhifəsində dəyərləndirmə apararaq, yazır ki, bu fərman da siyasi məhbus problemini həll etmədi və heç də humanizim aktı kimi qəbul oluna bilməz. F.Qəhrəmanlı mövqeyini belə əsaslandırıb:
1. Əfvə adı salınan siyasi məhbuslar fiziki və psixoloji təzyiq altında ərizə yazmağa vadar ediliblər və bu yolla da törətmədikləri cinayəti etiraf edərək bəraət almaq iddiasından (həm də haqqından) imtinaya məcbur olublar.
2. Bu sənəd Qərbin siyasi məhbuslar probleminə görə Azərbaycan iqtidarına artan təzyiqləri qarşılığında imzalanıb və iqtidar bu yolla Qərbdən gələn təzyiqləri yumuşaltmağa çalışır.
3. Cəmiyyətə göstərmək istəyirlər ki, azadlığa çıxmaq üçün mütləq İlham Əliyevdən sədəqə kimi əfv diləmək lazımdır. Əks təqdirdə özünü günahkar hesab etməyənlərə, əfv ərizəsi yazmağı özlərinə sığışdırmayanlara qarşı qəddar münasibət davam edəcək.
4. Müraciəti alınmış siyasi məhbuslardan bir neçəsinin adının bu fərmana salınmaması o deməkdir ki, iqtidar bu yolla Qərblə müzakirələrdə geriyə çəkilmək üçün imkan saxlayır və növbəti addım kimi ehtiyatda olan bu şəxslərdən istifadə olunaraq yeni bir əfv fərmanı verilə bilər.
5. Əfv fərmanına adları salınan siyasi məhbuslar ədalətsiz məhkəmə qərarı ilə azdlıqdan məhrum ediliblər və günahsız olduqları üçün onlara əfv deyil, bəraət vermək lazımdır.