Səadət Cahangir
Sərt rejimlərin yaratdığı depressiya, şübhəsiz ki, cəmiyyətin bütün sahələrini iflic edir. O cümlədən sənət sahələrini. Məmləkətin son 20 illik tarixində yaddaşınızda qalmış gözəl bir filmi xatırlasanız, sözümü geri götürməyə hazıram. On illərdir televiziya ekranlarında da sovet zamanında çəkilmiş köhnə filmlər fırlanır. Əslində, kino tariximizin dadı-duzu da elə həmin o filmlərdədir. Uşaqlıq xatirələrimiz kimi dönüb-dolaşıb, yaddaşımızı təzələyir. Peşəkarlar razılaşar ki, o filmlərin bədii təsir gücü də, aktyor oyunu və rejissor işi də zamanı üçün yüksək səviyyədə idi. Indi üstündən xeyli vaxt keçəndən sonra əlini gözünün üstünə qoyub baxırsan ki, dünya kinosunun uğurları haralara gedib çıxıb, biz haralarda sürünürük…
Rusiya Dövlət Film Fondunun sovet dövründə çəkilmiş həmin filmlər üçün pul istədiyini eşidəndə əvvəlcə qəzəbləndim, doğrusu. “Guya onların çəkilişi sadəcə Rusiyanın cibindən maliyyələşmişdi” deyə düşündüm. Amma məsələnin mahiyyətini öyrənəndən sonra Fonda haqq qazandırmaqdan başqa çarəm qalmadı.
Qurum keçmiş SSRI ölkələrindən 50 min sovet filminin rəqəmsal formaya çevrilməsi üçün maliyyələşdirməyə yardım göstərməyi xahiş edib. Müraciətə müsbət cavab verən ölkələrə əvəzində həmin filmlərin ilk surəti veriləcək.
Hazırda Fond məsələnin həlli üçün öz imkanlarından əlavə vəsait axtarır. Çünki bir filmin rəqəmsala çevrilməsi üçün təxminən 400 min rubl tələb olunduğuna görə, bəzi ölkələrin filmləri bu imkandan kənarda qala bilər. Azərbaycan da həmin ölkələr sırasına daxildir. Artıq Ukrayna və Litva öz filmlərinin surətini almaq istəklərini bəyan ediblər. Demək ki, bizimkilərin də məsələyə ciddi münasibət göstərməsi tələb olunur. Ortalıqda hələ ki, yeni, uğurlu bir nümunə yoxdur, heç olmasa, köhnədən qalan irsə sahib çıxaq. Çünki kino sənayesində çalışan insanların etiraf etdiyinə görə, filmlərin uzun illər qorunub saxlanması çox həssas məsələdir. Bunun üçün tələb olunan normalardan azacıq kənara çıxmaq köhnə plyonkalara zərər vura bilər. Azərbaycan təcrübəsində də belə faktlar az baş verməyib…
Keçmiş irsin bərpası və qorunması öz yerində. Amma günün mənzərəsinə baxsaq, vaxtı ilə sovet məkanına daxil olan ölkələrin çoxu bənzər böhranı yaşayır. Dünya miqyasında seyrçi qazanan və gəlir gətirən populyar filmlər yox səviyyəsindədir. Vəsaitmi çatışmır, peşəkarlıqmı, yaradıcılıq ruhumu? Məncə, əsas səbəbi mövcud mühitin özündə axtarmaq lazımdır. Sənətini inkişaf etdirmək istəyən, dünya miqyasına yaxşı filmlər çıxarmağa can atan və qarşısına qoyduğu məqsəd üçün özünü oda-közə vuran sonunda bacarır. Bunun ən parlaq nümunəsi qardaş Türkiyə sayıla bilər. Sovet zamanında çəkilmiş Azərbaycan filmləri ilə müqayisədə həmin dövrün türk filmlərinin keyfiyyətcə xeyli aşağı olduğu danılmaz faktdır. Amma indi Türkiyənin kino sənayesinin inkişafında nə qədər irəli getdiyi, necə mühüm uğurlar qazanmağa başladığı açıq-aşkar göz önündədir. Son 5-6 ildə isə artıq türk filmləri dünyanın mötəbər festivallarında böyük mükafatlar qazanmaqdadır. Heç şübhəsiz, yaxın tarixdə hələ bu tərəqqinin daha uğurlu nəticələrinə şahid olacağıq. Türkiyənin bu istiqamətdə əldə etdiyi mühüm nailiyyətlərdən biri də yerli seriallardır ki, həmin seriallar artıq dünya ölkələrində də on milyonlarla seyrçi tərəfindən izlənir.
Xülasə, sənətin çiçəklənməsinə təkan verən azad ideyaların dəstəklənməsi hökmən uğur gətirir. Bu işi görmək istəyən, ona can yandıran əvvəl-axır ortaya layiqli nümunələr çıxarır. Istəməyənə də nə çox dünyanın bəhanəsi…