Səadət Cahangir
Polyak xalqının əfsanəvi qəhrəmanı Leh Valensanın dillər əzbəri olan bir deyimi var: “Bizim və sizin azadlığınız naminə”. Qədim Polşa məsəlindən alınmış bu deyim, bəlkə də, insan azadlığı ilə bağlı ən gözəl formulu ifadə edir. Bu, Valensanın bütün mübarizə yolundan parlaq xətlə keçən bir şüardır. Ölümlə burun-buruna gələndə, həbslərə düşəndə, zirehli tankların qarşısına yürüyəndə belə bu “eşməbığılı elektrikin” azadlığa münasibəti dəyişməyib. Illər keçib və bu gün yaşayan həmin əfsanənin timsalında insanın içindən yenə bir hiss keçir: “Azadlıq üçün dəyərmiş!”. Inanıram ki, bir gün Azərbaycanın canlı əfsanələrini örnək alan yeni nəsillər də eyni sözləri qürurla söyləyə biləcəklər…
Bu həftə vicdan məhbuslarımıza ikinci mükafat xoşbəxtlik göstəricilərinə görə dünyanın üç ölkəsi sırasında olan Norveçdən gəldi. Norveç Helsinki Komitəsi ilin Andrey Saxarov Azadlıq mükafatını bizim siyasi məhbuslara verib. Komitənin rəhbəri ölkəmizdə dünyəvi dəyərlər, insan azadlığı və demokratiya uğrunda mübarizə aparan vicdan məhbuslarımızın fədakarlığını yüksək qiymətləndirərək, mükafatın onların hamısına ünvanlandığını deyib. O, xatırladıb ki, Norveçin “Statoil” şirkəti Azərbaycanın enerji layihələrində önəmli yer almış olsa da, “siyasi məhbusların yaşadığı dəhşətli durumu tanımaq məsuliyyəti” unudulmamalıdır.
Saxarov mükafatını bir az əvvəl Anar Məmmədliyə verilmiş Vatslav Havel mükafatından sonra ölkədə azadlıq mübarizəsi aparan insanların böyük uğuru saymaq olar, həqiqi anlamda. Hər zaman dediyim kimi, hələ bunun 98 nəfər siyasi məhbusumuz üçün necə böyük dəstək olduğunu anlatmaq artıqdandır. Və belə gedərsə, mükafatların da ardı gələcək kimi görünür. Amma heç birimizin arzusu bu deyil, şübhəsiz. Ən böyük mükafat, əslində, o siyahıdakı nüfuzlu şəxslərin tezliklə öz azadlığına qovuşmasıdır.
Bəli, kim nə deyir-desin, azadlıq üçün məhrumiyyətlərə, çətinliklərə, ağrı-acılara dəyər. Adı beynəlxalq mükafata verilmiş Andrey Saxarovun həyatı da bunun başqa bir örnəyidir. SSRI-nin məşhur fizikaçı alimi. 1975-ci il “Nobel” Sülh mükafatı laureatı. Ölkəsində daim islahatların keçirilməsinə çağırışlar edən, dünyaya açılımın tərəfdarı olan və sistemin basqıları üzündən xanımı ilə birlikdə 1980-86-cı illərdə sürgündə yaşamağa məcbur qalan Saxarov. Indi onu hər kəs insan haqlarının ən mübariz müdafiəçisi, böyük demokrat və vicdan simvolu olaraq xatırlayır. Hələ Krım türkləri! O, 1968-ci ildən başlayaq Krım türklərinin tarixini öyrənməyə başlamış və onların ana yurdlarına dönməsi ilə bağlı dəfələrlə L.Brejnev və M.Qorbaçovla görüşmüşdü. Saxarov həmçinin 70-ci illərdə həbsxanalarda yatan Mustafa Krımoğlunun fəal müdafiəçilərindən olmuş, tatar xalqının siyasi fəallarından sayılan Musa Mamutun ölümü ilə bağlı etiraz səsini ucaltmışdı. Indi nüfuzlu alimin bu işlərini sağlığında qurduğu Beynəlxalq Memorial Dərnəyi davam etdirir. Həmin təşkilat bu gün də Krım tatarlarının müdafiəsində önəmli iş aparmaqdadır.
Sözsüz ki, sərhəd tanımayan insanlıq və insani dəyərlər dünyanı ayaqda saxlayan ən böyük gücdür. Yer üzündə azadlıq mübarizəsi aparan, böyük qurbanlar verən, həbsxanalarda işgəncə çəkən, ayaqları tikanlı yollarda dəlik-deşik olan milyonlar var. Biz də uzun mübarizə yolu keçmiş o milyonların sırasındayıq. Heç şübhəsiz ki, uzun mübarizə yolunun sonunda mütləq azadlıq var. Hamımız üçün misilsiz mükafat olan AZADLIQ!