İqtisadi azalma ilin sonunadək üzü enişə gedəcək
MDB məkanında iqtisadi artım proqnozu -0,4 faiz olacaq. Beynəlxalq Valyuta Fondu dünya üzrə iqtisadi artımın proqnozunu azaldıb. ANS.press-in məlumatına görə, BVF-nin iyul ayında açıqladığı proqnozda qlobal iqtisadi artım proqnozu 4 faiz idisə, bu gün elan edilən rəqəm 3,8-ə endirilib.
Bu il üçün verilən proqnozda dəyişiklik olmayıb (3,3 faiz). BVF ekspertləri iqtisadi artımın proqnozunun azalması səbəbi kimi avrozonada iqtisadi zəiflik və inkişaf etməkdə olan böyük ölkələrdə iqtisadi artımın azalmasını göstəriblər.
Fond bildirir ki, qlobal iqtisadi zəiflik ABŞ-dakı iqtisadi artım tempini, Ispaniya, Kanada və Meksikada vəziyyətin nisbi yaxşılaşmasını da üstələyir.
Azərbaycanın yerləşdiyi MDB məkanında, Rusiyanı çıxmaqla, 2014-cü ilə iqtisadi azalma 0,4 faiz səviyyəsində proqnozlaşdırılır. Iyul ayında isə 2 faiz artım gözlənilirdi. Gələn ilə artım, fondun fikrincə, 4 faiz olmalı idi, indi isə -0,4 faiz azalma proqnozlaşdırılır. Buna səbəb isə Rusiyaya təqbiq olunan beynəlxalq sanksiyalardır.
Iqtisadçı-ekspert Nemət Əliyev BVF-nin proqnozunu real adlandıraraq Azərbaycan iqtisadiyyatında enmələrin gözləndiyini bildirir. Ekspertə görə bu, Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyaların fonunda özünü daha qabarıq şəkildə göstərir: “Azərbaycan iqtisadiyyatında baş verən enmələr birbaşa Rusiyada baş verənlərin təsiri altında cərəyan etmir. Sadəcə olaraq, Azərbaycan hökumətinin yeritdiyi səhv iqtisadi və sosial siyasətin nəticəsi olaraq bu enmələr proqnozlaşdırılır. Dünya birliyinin Ukraynada baş verənlərlə bağlı Rusiyanı cilovlamaq məqsədilə tətbiq etdiyi sanksiyalar Azərbaycanda proqnozlaşdırılan enmələri daha da dramatik vəziyyətə gətirdi”.
Ekspert söyləyir ki, Statistika Komitəsinin 8 ayın yekunlarına dair açıqladığı rəqəmlərə diqqət yetirilərsə, o zaman Azərbaycanın xarici ticarət dövriyyəsində təxminən 10 faiz enmənin proqnozlaşdırıldığı görünər. MDB ölkələrinə ixracın səviyyəsi artıq 32,7 faiz düşüb. Bütün ölkələrə ixracın səviyyəsi 4,5 faiz azalıb. Azərbaycanda ilin sonunadək neft hasilatının təxminən 1 milyon tonun üzərindən aşağı düşəcəyi proqnozlaşdırılır və bu, çox real şəkildə görünür: “8 aylıq yekunlara görə, Azərbaycana idxalın həcmi də kəskin şəkildə azalıb. MDB ölkələrindən idxalın səviyyəsi xeyli dərəcədə, təxminən 50 faizə yaxın aşağı düşüb. Iqtisadiyyatı neftdən asılı olan Azərbaycanda neftin hasilatı aşağı düşürsə, heç şübhəsiz, büdcə ödəmələrində, maaş və təqaüdlərin verilməsində enmələr olacaq. Investisiya qoyuluşunda, xüsusilə ölkənin qeyri-neft sektoruna investisiya yatırımında artıq enmələr baş verib. Aqrar sektora yatırılan investisiyaların həcmi xeyli dərəcədə aşağı düşüb”.
N.Əliyev əlavə edir ki, azalmalar büdcə ödəmələrində də özünü göstərməyə başlayıb. Azərbaycan iqtisadiyyatında ilin sonuna enmələrin olacağı tam realdır. Iqtisadçı bunun ölkə əhalisinin sosial durumunu ağırlaşdıran bir faktor kimi çıxış etdiyini deyərək Rusiyaya tətbiq edilən sanksiyaların fonunda iqtisadi azalmanın miqyasının daha böyük olacağını söyləyir: “BVF-nin verdiyi açıqlama tam şəkildə realdır. Onlar real hesablama aparırlar. Statistika Komitəsinin elan etdiyi rəqəmlərə baxılır və bu özünü çox açıq-aydın şəkildə göstərir”.
Nigar