Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Yeni dərs ilinin ilk günlərində yeni başlayanda dəyərli dostumuz Yalçın Islamzadə “facebook”-da maraqlı bir müşahidəsini bölüşmüşdü: “Üç gündür dərslər başlayıb, hələ əlində kitab olan tələbə görməmişəm. Ehtimal var ki, imtahanlar dövründə dürmək formasında nazik dəftərlər görünsün”.
Dünənsə ali məktəblərdən birinin, daha dəqiq desək, Diplomat Akademiyasının Elnur Soltanov adlı professorunun açıqlamasını oxuyanda fikirləşdim: axı tələbələrin əlində niyə kitab olmalıdır? Belə bir professor məntiqinin hegemon olduğu universitetdə kitab tələbənin nəyinə lazımdır, ümumiyyətlə, universitetin özünə nə gərək var?
Sitat: “Avropa Parlamenti və Milli Məclis bir-biri ilə eyni səviyyəli qurum deyil. Bu baxımdan istəyərdim ki, Avropa Parlamentinə daha aşağı səviyyəli bir qurum cavab versin” (söhbət Avropa Parlamentinin Azərbaycanla bağlı son bəyannaməsindən gedir – E.A)
Avropa Parlamenti ilə işimiz yoxdur. Heç nüfuz və təsir etibari ilə ondan aşağıda dayanan Avropa Şurası Parlament Assambleyasına Azərbaycanın sədrlik etməsinin az qala “cahanşümul nailiyyət” kimi təqdim edildiyi, toy-bayrama çevrildiyi ölkədə Avropa Parlamenti barədə bu cür qeyri-ciddi obraz yaradılmasının hansı məntiqə sığdığını da soruşmuruq.
Bizim suallarımız Milli Məclislə bağlıdır. Bəyəm onun haqqında hər şey məlum və məşhur “Gülərgeyt qalmaqalı”ndan aydın deyilmi? Avropa Insan Haqları Məhkəməsi Milli Məclisə seçkilərlə bağlı xeyli qərar qəbul edib, o qərarlardan cibində deputat mandatı daşıyan xeyli adamın legitimliyi şübhə altına düşməyibmi? Parlament Azərbaycanda seçkili orqandan təyinatlı orqana çevrilməyibmi? Prezident Administrasiyasının şöbəsi kimi fəaliyyət göstərmirmi, oradan göndərilən sifarişlərə qanun donu geyindirməkdən başqa nə işlə məşğuldur? Hansı mədəni, modern, gəlişmiş dünya ölkəsində parlamenti müxalifətsiz təsəvvür etmək mümkündür?
Cənab professor Milli Məclisdə deputatların bir-birinin yerinə səs verməsi barədə videogörüntüləri izləyibmi? Izləyibsə, daha hansı səviyyədən danışır? Izləməyibsə, Avropa Parlamenti ilə Milli Məclisin müqayisəsini hansı məntiqlə aparır?
Milli Məclisin səviyyəsi Soltanovun düşündüyü qədər yüksəkdirsə, niyə elə öz nazirlərimiz ora dırnaqarası yanaşır, millət vəkilləri onların özləri üçün əlçatmaz olduğundan danışır, bu nazirlər Milli Məclisdə hesabat verməyi, Milli Məclis üzvlərinin sorğularını cavablandırmağı özlərinə sığışdırmırlar?
Göründüyü kimi, suallar çoxdur, əslində heç bu suallara həmin professordan cavab gözləyən də yoxdur. Bunlar cavabı özündə olan suallardır, hər şey özlüyündə aydındır.
Indi istər-istəməz fikirləşir adam: professoru bu cür fikirləşən universitetlərdən, onun tələbələrindən nə gözləyək?
Məncə, bizim ali məktəblər bu ötən illər ərzində yalnız bir dəfə öz mahiyyətlərinə və təyinatlarına uyğun iş görüblər: o da keçən il, müəllim və tələbələri yığıb Hafiz Hacıyevin mitinqinə aparanda. Qoy bundan sonra da elə beləcə davam etsinlər. Ən doğrusu, ən məntiqlisi elə budur. Yoxsa onlardan hər hansı müsbət gözləntidə, mütərəqqi təmənnada olmaq mənasızdır.
Düzəliş
Texniki səbəblərdən dünənki yazımın başlığında səhvə yol verilib.
Əslində sərlövhə belə oxunmalı idi: “Xalq niyə yapçıya inanmalıdır, amma falçıya yox?!”
Yanlışlığa görə üzr istəyirəm.