«Xan»ın göstərişilə əhalidəki motosikletlər zorla əllərindən alınaraq, «metalloma» aparılıb
Naxçıvandan olan bir qrup motosiklet sürücüsü bildirir ki, Muxtar Respublikada sovet istehsalı olan bütün növ motosikletlərin istismarına qadağa qoyulub. Onların sözlərinə görə, bir neçə gün əvvəl polislər həyətlərə girərək, motosikletləri müsadirə ediblər. Əhalidən yığılan motosikletlər Naxçıvanın Dövlət Yol Polisi Idarəsinin həyətinə aparılıb.
Sürücülər deyir ki, mayın 9-da onları Yol Polisi Idarəsinə çağırıblar. Burada onları qarşılayan daxili işlər naziri Əhməd Əhmədov bildirib ki, motosikletlərin istismarına qoyulan qadağayla bağlı göstəriş Naxçıvan Muxtar Respublikası Ali Məclisindən gəlib.
Babək sakini Intiqam Hüseynovun sözlərinə görə, idarənin həyətinə təxminən 300-350 nəfər motosiklet sahibi toplaşmışdı: “Bizi idarənin həyətinə topladılar. Nazir dedi ki, Vasif Talıbovun göstərişinə əsasən, Naxçıvanda motosikletlərin istismarına qadağa qoyulur. Bundan sonra kim motosiklet sürsə, onun üçün çox pis olacaq”.
Nazir onu da bildirib ki, Naxçıvana xaricdən yeni motosikletlər gətirilib, münasib qiymətə kreditlə əhaliyə veriləcək. Yəni, bundan sonra Naxçıvanda yalnız həmin motosikletləri sürmək mümkün olacaq.
“Sonra hər kəsi öz motosikletinin yanına düzdülər. Dedilər ki, motosikletin ”rama”sından başqa təkərləri, motorları – kim nə sökə bilir – söküb aparsın. Dedilər ki, eşşəyiniz var, atınız var, aparın hissələri onlara bağlayın. Söküntü işindən sonra yerdə qalan hissələri doğrayıb, yük maşınlarına doldurub “metalloma” apardılar”, – deyə Intiqam Hüseynov bildirib.
Babək sakini onu da əlavə edib ki, nazir kompensasiya şəklində onların hərəsinə 100 dollar pul paylasa da, bu çox azdır. Çünki Naxçıvanda satışa çıxarılan yeni motosikletlərin qiyməti 2 min manatdan bahadır.
Şərur sakini Vidadi Həsənəliyev deyir ki, ailəsinin çörək pulunu motosikletdən çıxarırdı. Ona görə bundan sonra nə edəcəyini bilmir: Kənd yerində motosikletə çox ehtiyac var. Əkin sahəsinə, digər yerlərə motosikletlə gedirdik. Necə olacaq bilmirəm.
Iki qoyunum var idi. Bir neçə ay əvvəl qoyunları satıb, motosiklet almışdım. Həmin motosikletlə “xaltura” edirdim. Rayon mərkəzindən kəndlərə un və digər məhsullar daşıyırdım, ailəmin çörək pulunu çıxarırdım. Indi nə edəcəyimi, ailəmi necə dolandıracağımı bilmirəm”.
Məsələ ilə bağlı Naxçıvan MR daxili işlər naziri Əhməd Əhmədovun mövqeyini öyrənmək istəsək də, o, “Azadlıq”ın suallarına cavab vermək istəmədi.
Naxçıvanlı hüquq müdafiəçisi Elman Abbasov Naxçıvanda motosikletlərlə bağlı verilən göstərişi qanunsuz sayır: “Kiminsə şəxsi əmlakına bu cür münasibət düzgün deyil. Ən pis halda qadağa qoyula bilər ki, həmin motosikletlər yola buraxılmasın. Kiminsə şəxsi malını əlindən alıb ”metalloma” göndərmək heç bir çərçivəyə sığmır. Bu hal ona görə baş verir ki, Naxçıvan qanunlarla yox, qaydalarla idarə olunur. Məmurlar bütün gəlirli sahələri monopoliyaya alıblar. Bu qadağanın qoyulmasında məqsəd ondan ibarətdir ki, hansısa məmur xaricdən gətirdiyi motosikletləri rahat şəkildə baha qiymətə sata bilsin”.
Milli Məclisin Naxçıvandan olan deputatı Eldar Ibrahimov isə deyilənləri böhtan sayır. Onun fikrincə, bu cür məlumatların mətbuata ötürülməsi Naxçıvanda Vasif Talıbovun gördüyü işlərə kölgə salmaq məqsədi daşıyır. Eldar Ibrahimov Naxçıvanda motosikletlərlə bağlı belə bir halın baş verdiyinə inanmır.
Yafəz