«Hökumət jurnalistlərə nəyi necə yazmaq dərsi keçə bilməz»
Dunya Miyatoviç: «Rəsmilər mediadan məsuliyyətli olmağı tələb etməklə senzuraya yol açırlar»
“Hansı səbəbdənsə siyasi şəxslər hər zaman jurnalistlərin məsuliyyətindən danışır. Əlbəttə, jurnalistlər məsuliyyətli olmalıdır. Amma siyasətçilər jurnalistlərdən məsuliyyət tələb edirsə, bu, senzuraya yol açmaq deməkdir. Nə hökumət, nədə mən jurnalistlərə nəyi necə yazmaq haqda dərs keçməliyik. Jurnalistlərə şərait yaradılmalıdır ki, onlar öz fəaliyyətlərini yerinə yetirsinlər. Onlar ictimai nəzarət funksiyasını həbsxanada yox, azadlıqda həyata keçirməlidirlər. Media azadlığı demokratiyanı irəli aparan əsas addımdır. Bu, oturuşmuş demokratiyalara da, keçid dövrünü yaşayan ölkələrə də aiddir”.
Bunu, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç dünən Bakıda təşkil edilən konfransda deyib. Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Diffamasiyanın dekriminallaşdırılması” mövzusunda keçirilən konfransda ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşov da məruzələrlə çıxış ediblər.
Konfransda qeyd olunub ki, qanun layihəsi Avropa Konvensiyasına, Avropa Məhkəməsinin təcrübəsinə uyğun hazırlanıb, jurnalistləri cinayət təqiblərindən müdafiə etməyə qadirdir və jurnalistlərin CM-nin 147 və 148-ci maddələri ilə həbsinin ləğvini nəzərdə tutur. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
“Korrupsiya faktları qorxusuz işıqlandırılmalıdır”
Dunya Miyatoviç çıxışı zamanı onu da deyib ki, Bakıya jurnalistlərə qarşı cinayət təqibi problemini prezident Ilham Əliyev və ölkə rəsmiləri ilə müzakirə etmək üçün gəlib. O bildirib ki, jurnalistlər rəsmi şəxsləri tənqid etmək imkanına malik olmalı, bunu peşəkarlıqla etməli, ictimai xadimlər isə tənqidə daha da tolerant yanaşmalıdırlar: “Azərbaycan üçün diffamasiyanın dekriminallaşdırılması çox böyük önəm daşıyır. Dövlətlər ilk öncə hökumətlə vətəndaş cəmiyyətinin müzakirələr aparması üçün şərait yaratmalıdır. Bu məsələ öz həllini Azərbaycan reallığına uyğun tapmalıdır. Dekriminallaşmadan danışılırsa, korrupsiya ilə bağlı faktları cəmiyyətə çatdıranda heç kim qorxu hissi keçirməməlidir”.
Dunya Miyatoviç həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşündən də danışıb: “Həbsxanada Eynulla Fətullayevlə görüşdüm. Həbsxanada məni çox yaxşı qarşıladılar. Amma hamı yaxşı bilir ki, o niyə həbs edilib”.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel isə bildirib ki, Mətbuat Şurası ilə birgə hazırlanmış “Diffamasiya haqqında” qanun demokratik cəmiyyətin, söz azadlığının davamlılığını təmin etməyə yardım göstərəcək.
“Jurnalist məsuliyyəti olmasa, qarşıdurmalar davam edəcək”
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov isə qeyd edib ki, diffamasiyanın dekriminallaşdırılması jurnalistləri məsuliyyətdən azad etmir: “Dekriminallaşma heç də jurnalistin sözü deyib, sonra sözün məsuliyyəti və fəsadları barədə düşünməməsi demək deyil. Senzura aradan qaldırılanda da deyirdilər ki, bütün problemlər həllini tapdı. Əksinə, ondan sonra medianın, jurnalistlərin məhkəməyə verilməsi halları çoxaldı. Diffamasiyanın dekriminallaşması heç də məsuliyyətdən azad edilmə deyil. Bu, cinayət məsuliyyətindən azad edilməkdir. Əslində, ”Diffamasiya haqqında” qanunun qəbulu daha ciddi məsuliyyətdir. Əgər qanunun qəbulunadək jurnalistlər, redaksiyalar məhkəməyə verilirdisə, qanunun qəbulundan sonra həm jurnalist, həm də redaksiya ciddi cərimə sanksiyaları ilə üzləşə bilər. Bunlar nəzərə alınmalıdır. Jurnalist məsuliyyəti olmasa, on qanun qəbul edilsə də, jurnalistlərlə rəsmilər və eləcə də cəmiyyət üzvləri arasında qarşıdurmalar davam edəcək.
Dünyanın başqa ölkələrində sözə görə məsuliyyət nəzərdə tutulmur, söz hərəkətə çevriləndə məsuliyyət var. Ancaq Azərbaycan mentalitetində belə deyil. Azərbaycanda söz yarası və böhtan əxlaq normalarına uyğun deyil. Lakin tutduğumuz demokratik yolun xatirinə müəyyən normaların qəbuluna gedirik”.
Əli Həsənov beynəlxalq təşkilatların Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı tənqidlərini əsassız saydığını da deyib: “Medianın təsis olunması, media fəaliyyətinin davam etdirilməsi üçün heç bir yasaqlayıcı mexanizmin olmadığı Azərbaycan kimi bir ölkədə media azadlıqlarının pozulması fikri sadəcə fiksiyadır. Hazırda Azərbaycanda peşə fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdur. Bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə bilər, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər”.
Media eksperti Ələsgər Məmmədli bildirib ki, jurnalistlərə qarşı şərəf və ləyaqətin müdafiəsi adı ilə qaldırılan iddiaların sayı artıb. Bu tip iddialar nəticəsində bir neçə jurnalist cinayət məsuliyyətinə cəlb edilərək cəzaya məruz qalıb.
“Siyasi iradə olmayınca, problem həll edilməyəcək”
Müzakirələr zamanı çıxış edən Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli bildirib ki, gec də olsa diffamasiya qanununun qəbulu ilə bağlı müzakirələrin başlanması yaxşı haldır. Bununla belə hüquq müdafiəçisi deyib ki, Azərbaycanda ifadə azadlığının təmin olunması təkcə bu qanunun qəbulu ilə bağlı deyil: “Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması sanki dövlət siyasətinə çevrilib. Təkcə son iki ay ərzində ”Azadlıq” qəzetinin bir neçə əməkdaşı oğurlanaraq döyülüb. Ən dəhşətli məqam isə jurnalistlərə qarşı baş verən cinayət hadisələrinin araşdırılmamasıdır. Elmar Hüseynovun qətlinin üstünün açılmamasından sonra jurnalistlərə qarşı törədilən fiziki zorakılıqlar da araşdırılmayıb. Bunları ona görə xatırladıram ki, siyasi iradə olmayınca, ifadə azadlığının təmin olunmasından söhbət belə gedə bilməz”.
Hüquq müdafiəçisi həmçinin Mətbuat Şurasının fəaliyyətini də tənqid edib: “Təəssüf ki, Mətbuat Şurasının jurnalistlərin müdafiəsi üçün ciddi fəaliyyəti yoxdur. Təsəvvür edin, Bakıda jurnalist döyülür, bəyanat Sərhədsiz Reportyorlardan gəlir. Mətbuat Şurası bir dəfə də olsun, bu tipli hadisənı pisləyən bəyanat verməyib. Cənab Amaşov yalnız hansısa dövlət qurumlarına məktublar yazmaqla kifayətlənib”.