“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ”Ekosport” idman klubunun üzvləri Azərbaycan Hava və Ekstremal Idman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxaraq H.Əliyevin barelyefi önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar”.
Bu xəbər dünən yayılıb. Telekanallarda göstərildiyinə də şübhə yoxdur. Hələ bundan sonra nə qədər göstəriləcəyi ilə bağlı bədbin proqnozlar da verə bilərəm. Amma qanınızı qaraltmaq istəmirəm. Onsuz da vəziyyətin nə yerdə olduğundan xəbərdaram. Işin-gücün qızğın çağında, üstəlik, hakimiyyətin yalanlar püskürdüyü, xalqa qıymayıb bir neçə günə solan güllərə on milyonlar xərclədiyi vaxtda sizi məşğul etmək istəmirəm. Buna baxmayaraq bəzi məsələlərdən də agah olmağınızı gərəkli sayıram. Hə, bunlar indi hər şeyin ucalığına gedirlər, özləri aşağılarda olsalar da, mənəviyyatı aşağılasalar da. Ən hündür bayraq, ən hündür yerdən dua oxumaq…
Yəqin düşünürlər ki, dua nə qədər hündürdən oxunsa, bir o qədər tez çatacaq. Şəklə baxdım, ətraf ağappaq qardır, soyuğun iliyə işlədiyi adamın geyimindən də görünür. Şübhə yoxdur ki, ağzını açmağa çətinlik çəkir. Xəbərdə də yazıblar ki, qar yağıb, cığırlar görünməz olub. Amma bütün bu çətinliklərə baxmayaraq zirvəyə qalxa, dua oxuya biliblər. Oxuyublarmı? Olsun. Tutaq ki, oxuyublar. Maraqlı olanı odur ki, niyə duanı o hündürlükdən oxuyublar. Yoxsa xəbər gəlib ki, aşağılardan oxunanlar gedib çatmır…
Ölkədə adamların durumunun ağır olması hamıya bəllidir. Hər gün ölkənin bütün guşələrindən ah-nalənin ərşə bülənd olması da gün kimi aydındır. Telekanallara çıxarılanlar faiz nisbətində çox azdır. Həm də onların öyrədilmiş olduğunu da hamı bilir. Bu yaxınlarda su borclarının (guya əhalinin belə borcu varmış) silinməsi ilə bağlı AzTV “paytaxt sakinlərini” danışdırırdı. Bir qadın dövlət başçısına minnətdarlıq edəndən sonra dedi: “Biz prezidentin bütün daxili və xarici siyasətlərini bəyənir və dəstəkləyirik”. Amma görün xaric cəhənnəm, daxili siyasəti dəstəkləməyən nə qədər insan var. Onlar hər gün Allaha ağız açır, bu hakimiyyətdən olmazın şikayətlər edirlər. Allah da, deyirlər, kasıb, imkansız, sahibsiz bəndələrini daha çox eşidir. Görünür, hakimiyyəti dəstək duaları həmin kasıbların qarğış və şikayətlərinin içində əridiyindən bunlar hündürə qalxmaq qərarına gəliblər. Açığı, mən Allahın qondarma “Heydər zirvəsi” ətrafında olduğuna inanmıram. Yazın bu günündə onun qar-yağış altında nə işi…
Bir neçə gün qabaq Allahın bəndələri Azərbaycanın Təhsil Nazirliyi qarşısında öz insani haqlarını tələb etməyə yığışmışdılar. Allahsız YAP iqtidarı onları qanına qəltan elədi. Həmin allahsızlar Allahdan nazil olan Quranı – müqəddəs kitabı ayaqları altına atdılar. Görəsən indi hansı üzlə daha hündürə qalxıb dualar yollayırlar?
Dünən bu xəbəri yayan saytda başqa bir maraqlı xəbər də yer almışdı. Heydər Əliyev Fondu adından dələduzluq edən mütəşəkkil cinayətkar dəstənin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Həmin dələduzlar müxtəlif adamlardan 800 min AZN və 300 min ABŞ dolları alıblar. Dələduz deyilən bu adamlar əslində Fondun adından rüşvət alıblar. Dövlət səviyyəsində rüşvətxorluğun, korrupsiyanın geniş miqyas aldığı Azərbaycanda sizcə, bu əməl dələduzluqdurmu. Bina üçün yer almağa, binanı rəsmiləşdirməyə, ora qaz, su, işıq çəkməyə bütün qurumlar rüşvət alır. Torpaq rüşvətlə, arayış rüşvətlə, diplom rüşvətlə. Bəs onda niyə nazirlərə, rektorlara, komitə sədrlərinə dələduz deyilmir?