Aynur Elgünəş
Mən mətbuata yeni gələndə, yəni 90-cı illərin sonlarında siyasətçilər Azərbaycanı Baltikyanı ölkələrlə müqayisə edərdilər. Eyni şineldən çıxmış ölkələrin inkişaf dinamikası, iqtisadiyyatı və sair barədə bəlağətli cümlələr işlədərdilər. El dilində desək, belə anlaşılırdı ki, biz də onlar kimi olmalıyıq.
XXI əsrin ilk onilliyində bu müqayisə daha çox Orta Asiya respublikaları ilə aparılırdı. Daha Baltikyanı ölkələrə oxşamaq istəmirdik, indi taciklərdən, özbəklərdən üstün olduğumuzu vurğulayırdıq. Bir müddət də keçdi, müqayisə obyektimiz konkret Türkmənistan oldu. Ölkəmizdə baş verən hər siyasi hadisəyə görə şükranlıq duyub dedik ki, Azərbaycan Türkmənistan deyil.
Indi hədəfimiz Şimali Koreyadır. Sosial şəbəkələrdə tez-tez bu ölkənin prezidenti Kim Çen In-in şəkillərini paylaşıb güldüyümüzə baxmayın, özümüz də dərk edirik ki, o ölkədəki qadağalar artıq bizə də sirayət edir.
Bu gün Azərbaycanda islahatlardan çox qadağalar diqqət çəkir. Vətəndaş cəmiyyəti məhv edilir, ictimai təşkilatların qarşısında Ədliyyə, Vergilər nazirliklərinin qaydalarından ibarət qalın sədd yaradılıb. Heç kim icazəsiz beynəlxalq təşkilatlarla əməkdaşlıq edə bilməz. Çünki bütün təşkilatlar ermənilərə işləyir. Nə qədər kürü yedirtsək də, bizi çox istəyən, tərəfimizi saxlayan yoxdur ki, yoxdur. Özümüz də o qədər inkişaf etmişik ki, heç kimin gözü bizi götürmür, hamının məqsədi ancaq dağıtmaqdır. Ona görə də əməkdaşlıq etmək, layihələr həyata keçirmək olmaz, qadağandır!
Təkcə ordumuzun büdcəsi Ermənistanın az qala dövlət büdcəsi qədərdir. Bunun qarşısında durub əsgər ölümlərindən, orduda baş verən haqsızlıqlardan yazmaq birbaşa ermənilərə işləməkdir, Vətəni sevməməkdir. Hansısa kənd gülləbaran edilir, bu barədə yaza bilməzsən, yoxsa ermənilər həmin kəndin varlığından xəbər tutar. Guya, hara atəş açdıqlarını, top atdıqlarını bilmirlər. Lap bilsələr belə, sən yazma, qadağandır!
Əhalinin yarısı Iranda, Türkiyədə, digər yarısı Avropada müalicə olunur. Hətta ölkənin ən tanınmış ginekoloqu belə, dünyaya uşaq gətirmək üçün xaricə gedir, həmkarlarına etibar etmir. Amma sən səhiyyəyə ayrılan pullardan, dərman şirkətlərinin oyunlarından yaza, özbaşına həkimdən müsahibə götürə bilməzsən, olmaz, qadağandır!
Toyda qadağa, yasda qadağa, indi də Siyavuş Novruzov deyir, şərhdə də qadağa olacaq. “KIV haqqında” qanunu dəyişib, bütün maddələrini qadağalardan ibarət edəcəklər.
Illərlə imzası üçün can qoyan adamlar indi adlarını Maralla müsahibənin, kiminsə intim görüntülərindən yazdığı yazıların altında qoyurlar. Dünyada jurnalistlər qlobal problemləri təhlil edir, bizdə şəxsi münasibətləri.
Bütün bunların bir səbəbi var: Hər şeydən əvvəl səsimizi alıblar. Səsi olmayanınsa başına istənilən oyunu açmaq olar. Ancaq psixologiya deyir ki, qadağa həm də insanı onu pozmağa meylləndirir. Hər halda, azadlığın sərhədlərini məhdudlaşdıranlar bunu düşünsələr yaxşıdı…