İsveçdə sentyabrın 14-də keçirilmiş parlament seçkisi müxalifətin inamlı qələbəsi ilə başa çatıb. “Media forum” saytı xəbər verir ki, ilkin nəticələrə görə, Sosial Demokrat Partiyasının başçılıq etdiyi blok 43,8 faiz səslə üstün olub. Yaşıl Partiya və Sol Partiyanın da daxil olduğu koalisiyanın lideri Stefan Lyovenin baş nazir kürsüsünə oturacağı bildirilir.
2012-ci ildən Sosial Demokrat Partiyasına rəhbərlik edən Stefan Lyoven əvvəllər qaynaqçı və həmkarlar təşkilatı fəalı olub.
Hakim mühafizəkar blok seçkidə 39,3 faiz səs toplayıb. Koalisiyanın lideri Fredrik Raynfeldt məğlubiyyəti ilə barışaraq baş nazir postundan istefa verdiyini açıqlayıb.
Seçkinin daha bir diqqət çəkən nəticəsi mühacirlərə qarşı sərt münasibəti ilə fərqlənən İsveç Demokratları Partiyasının 12,9 faiz səslə üçüncü yerə çıxmasıdır.