Moskvada mətbuat konfransı keçirən Strelkovun az sonra ölüm xəbəri yayıldı
Ukraynanın şərqində, qondarma Donetsk Xalq Respublikasının “müdafiə naziri” olmuş, oradakı hərbi əməliyyatlar zamanı Rusiyanın diversiya dəstələrinə rəhbərlik etmiş İqor Strelkov (Qirkin) özünü öldürüb. Belə bir məlumatla “crimelist.ru” saytı çıxış edib. Sayt Rusiya və MDB məkanından hüquq-mühafizə orqanlarına aid xəbərlər üzrə ixtisaslaşıb. Bu məlumatın qaynağı kimi də Rusiyanın Rostov vilayət İstintaq Komitəsindəki mənbə göstərilib.
Məlumatda qeyd olunur ki, Strelkov (və ya Qirkin) sentyabrın 11-də Rostovun mərkəzində, “Rostelmaşın 50 illiyi” küçəsində asılmış vəziyyətdə tapılıb. Meyitin kimliyi sonradan müəyyən edilib.
Ölümün səbəbinə gəlincə, sayt yazır ki, mənbə təhqiqat qrupunun intihar versiyası üzərində durduğunu deyib. Saytın yazdığına görə, detallar və təfərrüatlar KİV-ə sentyabrın 12-dən tez açıqlanmayacaq.
Bu xəbərlə bağlı sosial şəbəkələrdə bəziləri bir sıra ehtimallar irəli sürüblər. Ehtimallardan birinə görə, “Kreml öz terrorçularını təmizləyir”. Başqa bir ehtimala görə, bu, Rusiya xüsusi xidmət orqanlarının növbəti dezinformasiyasıdır. Onlar artıq buna qədər də Strelkovu bir neçə dəfə “öldürüblər”. Qirkinin hansısa səbəbdən, məsələn, vicdan əzabına görə özünü öldürdüyü də ehtimallardan biridir.
Məlumat “crimelist.ru” saytına istinadla bir sıra informasiya resurslarında yayılsa da, onun doğruluğu şübhə altındadır.
Əvvəla, sentyabrın 11-də İqor Qirkin Moskvada Ukrayna ilə bağlı mətbuat konfransı keçirib və bunu “Dojd” telekanalı canlı yayımlayıb. Strelkov həmin mətbuat konfransında Ukrayna hökumətini Rusiyaya qarşı müharibəyə hazırlaşmaqda ittiham edib. Suallara cavabında isə deyib ki, əmr alacağı və sərəncamına lazımi qüvvələr veriləcəyi təqdirdə Donetskə “respublikanı” qorumaq üçün qayıtmağa hazırdır.
İkincisi, yayılan məlumata hər hansı rəsmi və yarımrəsmi səviyyədə münasibət bildirilməyib, mənbə hər halda anonimdir və daha nüfuzlu media orqanlarının xəbərlər blokunda yer almayıb.
azadliq.info