O`Kamil
Hazırda ölkədə bir nömrəli ictimai müzakirə mövzusu yas mərasimləridi. Yuxarı eşelonda doğru bir qərar verilib: yas mərasimlərindəki israf aradan qaldırılsın. Aşağı eşelonda… gözlənilən baş verib. 90-cı illərin əvvəllərində “Çeşmə” qəzetində “Siyasi fantaziyalar” rubrikasında “Xalqa yaxın adamlar” adlı bir yazı getmişdi. Ölkə rəhbərliyi qərar verir ki, kənd yerlərində yaşayan istedadlı şəxslər müəyyən edilsin, onların özünü realizə etməsi üçün şərait yaradılsın. Bu adamları necə müəyyən etməli? Deyirlər ki, xalqa ən yaxın adamlar polisdi, onlara tapşırmaq lazımdı. Elə də edirlər. Və filan rayonun Üstüaçıq kəndində “uçastkovı” Yetim Səftərin saz çalan oğlunu çağırır bölməyə: “Əəə, saz çalırsan?”. “Olmazmı, rəis? Elə belə, özümçün”. “Balitgelyaynan da məşğul olursan?”. “Rəis, mən ailəli adamam, elə şey ayıb olar”. Bir-iki çırpandan sonra “balitgelya” ilə məşğul olduğunu da boyuna alır. Daha bir neçə nəfər də eləcə. Sonra polis mərkəzə informasiya göndərir: “Dediyiniz şəxslər tərəfimizdən müəyyən edilərək saxlanılmışdır. Odur ki, məlumat üçün Sizə bildirilir”.
Həri. İndi də belə olub. Yuxarılar yas mərasimlərində israfçılığın aradan qaldırılmasını tövsiyə edib. Amma… “Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində keçirilən yas mərasimlərinin birində süfrəyə pendir, çörək qoyulduğu üçün bələdiyyə sədri yas mərasimini dağıtmaq istəyib. “Bələdiyyə sədri Xəqani Hüseynovdan hansı qanunla bunu etdiyini soruşuram, məni təhqir etdi. Kənddən çıxaracağı ilə hədələdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının açıqlamasını xatırladıram. Bələdiyyə sədri deyir, mən Mübarizi tanımıram”, deyə jurnalist Aynur Elgünəş yazır.
Bələdiyyə sədri görün kimi iqnor edir? Əgər bu sözü Afrikada desəydin, gecə başını kəsib ətini soğan-kəkotu ilə basdırma edər, səhər kabab çəkərdilər. Necə yəni Mübariz Qurbanlı kimdi?
Həri. Bu cür anarxiyanın qarşısını almaq üçün ASAN xidmətin nəzdində (yanında, böyründə, nə bilim) «ASAN ehsan» xidməti yaratmağı təklif edirəm. Birincisi, oraya attestasiyadan keçmiş mollalar cəlb edilməlidir: “Yaxından gələnləri yaşıl çadıra yerləşdirin, qənşərlərinə yaşıl zeytun, göy-göyərti, yaşıl çay qoyun, yeyirsə, yesin, yemirsə, çıxıb getsin. Qıraqdan gələnləri qara çadıra oturdun, qənşərlərinə qara zeytun, qara undan hazırlanmış halva, qara çay qoyun, yeyirsə, yesin, yemirsə, çıxıb getsin”.
İkincisi, yas mərasimləri üçün yemək ayrıca şirkətə tapşırılmalıdır. Çay, limon, halvanın üstündə holoqram və müvafiq yazılar yer almalıdır: “Allah rəhmət eləsin, axır qəminiz olsun, uzaqdan-yaxından gələnlərin ölənlərinə rəhmət” və s. Bu seqmentə “kitayski” malın sızmasına vitse-molla nəzarət etməlidir: “Qartal, qartal, mən qarğayam, bazara “kitayski” mal daxil olmayıb”.
Üçüncüsü, nəvvahələr (ağı deyənlər) ştatı olmalıdır. Bu sektorda vəziyyət lap acınacaqlıdır. Bir də görürsən “do”nu “si”dən ayıra bilməyənlər ağlaşma məclisi aparır. Buna yol vermək olmaz. İstedadlar aranıb üzə çıxarılmalıdır. Məsələn, Ağstafada bir adamın işi fırıq olanda “onu ağlamağa Kəsəmən qarısı lazımdır” deyirlər. Çünki Kəsəmən qarıları elə ağı deyir, maşınların “zapaska”sı, mollaların təsbehinin dənəsi, “uçastkovı”nın paqonundakı ulduzlar düşür. Hətta bu rayonda belə bir bayatı da var:
Mən aşiq Kəsəməndən,
Yol gəlir Kəsəməndən,
Ölən filan yerdən olsun,
Ağlayan Kəsəməndən.
Niyə TV-lərdə “Yaslar kralıçası” müsabiqəsi keçirilməsin? Bu yolla istedadları seçib «ASAN ehsan»da işə götürmək olar. Bir ağcaqanad öldürüb, studiyaya qoyursan, iddiaçılar ağı deyir: “Evdəkilər ciyiltindən bezdilər, “Pif-paf”ları yandırıban düzdülər, Qaçan qaçdı, qaçmayanlar çezdilər (pardon), Qərib əmvay, yetim əmvay, vay əmvay…” (sürəkli hönkürtü, hamı ayağa qalxır). Üstəlik, nəvvahələr iqtisadiyyatın qeyri-neft sektorunun ÜDM-də payının artmasına güclü dəstək verə bilər. Məncə, Sahibkarlığa Kələk… pardon, Sahibkarlığa Kömək Milli Fondu bu sahəni prioritet elan etməlidir.
Şair Moşu demiş, biz optimist nəslin nümayəndələriyik. Artıq təklifin qəbul olunduğuna inanır, bu iki bəndi qulluğunuza ərz eliyirəm, xoşbaxt olun:
Adi çadırlar qurulsun VİP çadır-filan yerinə,
Süfrəyə xurma qoyulsun, dolma, fisincan yerinə,
Toy yeməyi verilməsin yeddidə ehsan yerinə,
Yolunu gözləməkdəyik, özünü yetir, hardasan?
«ASAN ehsan», «ASAN ehsan».
Yas yerinə vədəsində gələcəksən hər bir zaman,
Əski adəti tarixdən siləcəksən hər bir zaman,
“Partiyanın eşqilə sən, güləcəksən hər bir zaman”,
«ASAN ehsan», «ASAN ehsan».