Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Nə vaxtsa ABŞ-da keçirilən qəribə bir məhkəmə prosesi haqda oxumuşdum. Qəribə olan – qaldırılan iddianın özü və sonda hakimin çıxardığı qərardır.
Deməli, Terrence Dikson adlı oğru bir evi soyandan sonra qarajdan çıxmaq istəyərkən qapı avtomatik olaraq bağlanır. Evin giriş qapısı da şifrəli olduğu üçün yazıq Terrence qapını aça bilmir. Ev sahibləri də tətildədir. Ona görə də oğru çar-naçar qalıb düz 8 gün soyduğu evdə yaşamalı olur. Bu 8 gündə evdə yeməyə düz-əməlli bir şey tapa bilmədiyi üçün axırda mədə xəstəliyinə tutulur.
Odur ki, ev sahibinə qarşı yarım milyon dollarlıq təzminat davası açır və…
Və məhkəmə də onun iddiasını təmin edir. Komediyadır – belə çıxır, ev sahibi qapını əvvəlcədən açıq qoymalı imiş ki, oğru işini gördükdən sonra rahatca çıxıb getsin. Ən azı soyuducunu növbənöv yeməklərlə doldurmalı imiş ki, işdi-şayət oğru evdən çıxa bilməsə, ac qalmasın, toqqasının altını yaxşıca bərkidə bilsin.
Bunu niyə xatırladım? Indi bizdəki siyasi məhkəmə işləri də bir az Terrencenin iddiasına bənzəyir. Necə deyərlər, “həm suçlu, həm güclü”. Ölkənin sərvətlərini talan edir, yağmalayır, sonra da “ev sahiblərinə” – xalqa qarşı dava açırlar. Çünki xalqın içindən kimlərsə çıxıb bunlara rahat oğurlamağa mane olurlar, ən azı mane olmağa cəhd göstərirlər.
Əlbəttə, soruşa bilərsiniz ki, biz, ümumiyyətlə, hansı məhkəmə sistemindən danışırıq? Azərbaycanda məhkəmə varmı ki?! Haqlısınız. Mantiyalı hakim – hələ məhkəmənin varlığından xəbər vermir. Heç gözəgəlimli məhkəmə binaları da. Lap əyninə əncir yarpağı keçirib, hansısa ağac budağında oturub da hökm çıxarmaq olar. Önəmli olan ədaləti təmin etməkdir. Ədalətsiz, hardansa gələn sifariş əsasında qərar çıxardıqdan sonra oturduğun yaraşıqlı məhkəmə binasının, əynindəki mantiyanın anlamı nədir?
Hələ min illər əvvəl Aristotel deyirdi: “Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir”. Bax indi bizdə ədalətsizliyin belə bir növü tətbiq olunur: Cinayət Məcəlləsi var, müstəntiq var, dövlət ittihamçısı var, mantiyalı hakimlər var, səni müdafiə edəcək savadlı vəkillər belə var, bircə…
Hə, bircə, cinayət özü yoxdur.
Cinayəti şərləmə əvəz edir.
Cinayət – sənin fikirlərin, düşüncələrindir.
Ən dəhşətlisi isə odur ki, bizdə məhkəmələrin nə qədər aciz, asılı vəziyyətə gətirildiyini ən aydın göstərən heç də yalnız siyasi sifarişli işlər deyil. Elə ölkədə hətta ailə-məişət zəminində zorakılıq hallarının artması da məhkəmə sisteminin iflic edilməsinin, beləcə, insanların ona etimadının, güvəninin sarsılmasının məntiqi sonluğudur. Fransız yazıçılarından biri yazırdı ki, “ədalətin hakim olduğu yerdə silaha yer yoxdur”. Ədalət hakim deyilsə, məhkəməyə etimad, güvən qalmayıbsa, insanların öz haqlarını elə özlərinin axtarmaq, təmin etmək istəməsindən təbii nə var? Adamlar fikirləşirlər ki, bir halda məhkəmələrdə son sözü tapşırıq, rüşvət deyir, elə isə vaxt və pul itirmək nəyə lazımdır? Bax beləcə, balta, yaba, dəhrə, bıçaq, çəngəl… işə düşür. Bəzən isə insanların gücü yalnız elə özlərinə çatır, onların hər şeyə tüpürüb özlərinə qıymaqdan – özünü yandırmaqdan, boğazına kəndir keçirməkdən, başına güllə sıxmaqdan, körpüdən atılmaqdan başqa yolu qalmır.
Ədalət elə bir anlayışdır ki, ona əvvəl-axır hamı ehtiyac duyur. Bu gün haqsızlıq, zülm edənin isə sabah ədalətə hamıdan çox ehtiyacı olacaq.
Ona görə də hüquq sistemi, məhkəmələr bu qədər oyuncağa çevrilməməlidir. Haqsız hökmlər, sifarişli qərarlar bu qədər asan verilməməlidir. Ədalət anlayışı ölkədən ilim-ilim itirilməməlidir. Ki, sabah sənin də ona ehtiyacın olanda asanlıqla tapa biləsən.