AXCP Naxçıvanda hüquq müdafiəçisinin ölümcül döyülməsinə görə bəyanat verdi
Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibovun görünməmiş qəddarlıqla döyülməsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi İlqar Nəsibova qarşı misli görünməmiş zorakılıqla bağlı hiddətini ifadə edir və onun taleyindən ciddi şəkildə narahat olduğunu bildirir.
Həyat yoldaşı Məlahət Nəsibovanın verdiyi məlumatlara görə, İlqar Nəsibovu avqustun 21-də naməlum şəxslər təsisçisi olduqları ictimai təşkilatın ofisində ölümcül döyərək, huşsuz vəziyyətdə atıblar. İlqar Nəsibovun necə misli görünməmiş vəhşiliklə döyüldüyü onun al qan içindəki fotolarından da aydın görünür. Fotoların həqiqi olduğunu onun həyat yoldaşı təsdiqləyir. Açıq-aşkar görünür ki, cinayətkarların məqsədi İlqar Nəsibovun həyatına qəsd etmək olub və o, yalnız möcüzə sayəsində sağ qalıb.
AXCP yada salır ki, bir qədər əvvəl Nəsibovlar ailəsi evlərinin kilidinə müdaxilə olunması ilə bağlı açıqlama yaymışdılar. O zaman və daha əvvəl də bu ailə yerli hakimiyyətin və hüquq-mühafizə orqanlarının təqibi altında olub.
Bu dəfə baş verənləri isə AXCP xüsusi amansızlıq kimi dəyərləndirərək, beynəlxalq aləmi bu cür vandalizmə aydın və obyektiv mövqe göstərməyə çağırır.
AXCP ölkə ictimaiyyətinə, eləcə də demokratiyanı amal seçən təşkilatları baş verən bu cür qeyri-insani cinayətlərə laqeyd qalmamağa, “məndən ötdü qardaşıma dəydi” yanaşmasından uzaq mövqe tutmağa dəvət edir.
AXCP hakimiyyət orqanlarından tələb edir ki, baş vermiş bu ağır cinayətin üstünü ən qısa zamanda və obyektiv şəkildə açmaq üçün bütün vacib tədbirlər görülsün və cinayətkarlar tapılaraq layiqli cəzalarını alsınlar.
İlqar Nəsinova qarşı o cür vandallığın son vaxtlarda ölkədə hüquq müdafiəçilərinə qarşı həyata keçirilən repressiyanın tərkib hissqsi plduğu haqda cəmiyyətdə əsaslı şübhələr var. AXCP şübhə etmir ki, İlqar Nəsibov ümumilikdə Azərbaycan hakimiyyətinin, ayrılıqda götürüldükdə isə Naxçıvan rəhbərliyinin onun hüquq müdafiəçisi olaraq göstərdiyi fəaliyyətə görə o cür cəzalandırılıb. İndi Azərbaycan hakimiyyəti bu ağır cinayətdə maraq və iştirakının omadığını sübut edə bilmək üçün ictimaiyyətin inanacağı obyektiv istintaq aparmalı və cinayətkarların qanun qarşısında cavab verməsini təmin etməlidir. Hələliksə İlqar Nəsibovun tökülən qanı siyasi hakimiyyətin üzərindədir”.