O`Kamil
Son vaxtlar “Koroğlu” dairəsindəki asma körpüdən bir-birinin ardınca iki intihar cəhdi olub. Birinci hadisə olub avqustun 10-da. Şikayətçi Yusif Əmirovun sözlərinə görə, onu haqsız olaraq şərləyib həbs ediblər. 14 il həbs cəzasına məhkum olunub. 10 il bağlı qapılar arxasında qalıb. Həyat yoldaşına pis nəzərlə baxıblar, işgəncə veriliblər, təhqir olunub, aldadılıb. İkinci hadisə dünən baş verib. Körpüdə intihara cəhd edən şəxs Fəqan Nəsibov Mingəçevirin keçmiş icra başçısı Lütfəli Babayev tərəfindən aldadıldığını bildirib: “Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib”.
Cəmiyyətdə bu hadisələrə müxtəlif münasibətlər var. Bəzi KİV-də az qala intihara cəhd edənləri suçlayırlar. “Cəmiyyətdə sosial-iqtisadi problem olub və nə vaxtsa tamamilə də olmayacağı fikri əlbəttə inandırıcı görünməz”. Pah atonnan. “Hər hansı bir problemi həll etmək üçün intihara cəhd etmək, ictimaiyyətin diqqətini çəkmək, eyni zamanda həmin ictimaiyyəti narahat etməkdir”. Dübarə pah atonnan. “Dünyada hər il filan qədər intihar olur…” Sebarə pah atonnan. “Psixoloqlar işə qarışmalıdır…” Çaharbarə pah atonnan və s. bu qayda ilə.
Belə dəhşətli hadisələri xəfiflətmə, dünya intuhar statistikasının içində əritmək cəhdi Allahsızlıqdır. Fəlsəfə müəllimimiz xəfifə alma ilə bağlı bir lətifə danışırdı. Bir kişi yolla gedəndə görür ki, xeyli adam toplaşıb. Yaxınlaşıb birindən nə baş verdiyini soruşur. O isə qayıdır ki, “əşi, bizim bir uşaq kimisi var, qonşunun uşaq kimisi ilə dalaşan kimi edib. O buna söyən kimi edib. Bu da bıçaq kimisi ilə onu vuran kimi edib. O biri uşaq da ölən kimi olub”. Bunlar elə danışır, sanki söhbət boyfriendi tərəfindən aldadıldığı üçün özünü atan iradəsiz adamlardan gedir.
İknici qrup insanlar hesab edir ki, hər yerdən əli üzülənlərin “Koroğlu” metrostansiyasının yanındakı körpüyə müraciət etməsi təsadüfi deyil. Xəlqimiz hələ qədimlərdə xanların, xotkaraların əlindən Çardaqlı Çənlibelə, Koroğlunun yanına qaçırdı, indi də Koroğlu körpüsünə gedir. Bəziləri bu aksiyalarda xalqının yaradıcı təfəkkürünün uğuru sayır, sadəcə “kreativliyi artırmağı” təklif edirlər. Təklif olunur ki, kəndlərdə, məhəllələrdə mini körpülər qurulsun. Adamlar intiharın əlifbasını öyrənsin: Əvvəl çıxır körpüyə, şikayətini deyir, sonra kəlmeyi-şəhadət gətirir, “Əlvida, Günəşli Azərbaycan” deyib özünü atır. Sonra iddiaçılar rayon körpüsünə çıxıb intihara cəhd edir. Prosesin videoyazısı çəkilir. Əgər problem çözülməsə, şikayətçi o görüntünü “ASAN xidmət”ə təqdim edib instansiyanı keçməsi barədə arayış alır. Yalnız bundan sonra onların “Koroğlu” metrostansiyasının yanındakı körpüyə müraciət etməsinə icazə verilməlidir. Yoxsa bir də gördün adamlar daraşıb körpüyə, hamı da bir ağızdan: “Qənirə xanım, vicdan haqqı, əvvəlcə məni dinləməsəniz, özümü atacam” qışqırır. Həm Qənirə xanıma çətin olar, həm də körpü tab gətirməz – zülmə məruz qalanların dərdi hər zaman fiziki çəkisindən çox-çox ağır olur.
Körpünün adı ilə bağlı bir sıra versiyalar da səslənir: “Məyusluq körpüsü”, “İntihar körpüsü”, “Son sığınacaq” və s. Biz bu körpünü “Rövşən Alıoğlu adına “ASAN diqqət” körpüsü” adlandırmağı təklif edirik. Hazırda şikayətə baxılmağın “ASAN xidmət”i bu körpüdür. Fürsətdən istifadə edib mən də bu köşə üçün ikiqat qonorar istəyirəm. Hörmətli qəzet rəhbərliyi, əks təqdirdə “ASAN diqqət” körpüsündə görüşüncə. Qənirə xanım bir vaxtlar jurnalist olub, məni yaxşı başa düşər.