Təzəxan Mirələmlini şərləmək istəyən şöbə müdiri «Azadlıq»a nələri danışdı?
AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmliyə qarşı yerli hakimiyyətin təxribat planının ifşa olunması barədə “Azadlıq”ın ötən sayında xəbər vermişdik.
T.Mirələmlinin işlədiyi Fərzili kənd orta məktəbinin direktoru Maya Kərimova internetdə yayılan video çıxışında ağlayaraq bildirmişdi ki, təhsil şöbənin müdiri Ədalət Əsgərov ona təzyiq göstərir: “Mənə deyirlər ki, get, polisə müraciət et ki, Təzəxan Mirələmli məktəbə gəlib bizi təhqir edib. Bundan sonra tapşıracağıq ki, onu həbs eləsinlər”.
Maya müəllimə müdirin tələbini “ədalətsizlik” adlandıraraq, bu işə getməyəcəyini də bildirirdi.
Dünən məsələni aydınlaşdırmaq üçün Ədalət Əsgərovla əlaqə saxladıq. Ədalət müəllimin çox unikal danışıq tərzi olduğundan dialoqu olduğu kimi təqdim edirik:
– Salam, Ədalət müəllim, sizi “Azadlıq” qəzetindən narahat edirik…
– Hə, eşidirəm.
– Təzəxan Mirələmlinin işdən çıxarılmasıyla bağlı internetdə bir video yayılıb (sözümüzü kəsir)
– Internet nədi? Oxumamışam.
– Biz məlumat verərik (yenə sözümüzü kəsir)
– Yox, məlumatım yoxdur, oxumamışam, interneti də bilmirəm.
– Qulaq asın da, Təzəxan Mirələmlinin işlədiyi məktəbin direktoru Maya… (sözümüzü kəsir)
– Bilmirəm valla, tanımıram.
– Işlədiyiniz kollektivdəki direktoru tanımırsınız?
– …Təzəxan müəllimin o hərəkətlərindən xəbərim yoxdur.
– Biz Təzəxan müəllimin hərəkətlərini soruşmuruq, direktora sizin dedikləriniz haqda soruşmaq istəyirik.
– Məlumatsızam, bilmirəm (telefonu bağlayır).
Növbəti zənglərimizə Ələsgər müəllim cavab vermədi.
Beləliklə, 2 dəqiqəlik dialoq Cəlilabad rayon təhsil şöbə müdirinin intellektual və etika səviyyəsini üzə çıxardı. 21-ci əsrdə böyük bir rayonun təhsil sisteminə rəhbərlik edən adamın nə danışıq qabiliyyəti var, nə də internet kimi dövrün yeni texnoloji nailiyyətindən xəbəri.
Natiq