Azərbaycanın Avropa Insan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov keçənlərdə cəsur həmkarımız Eynulla Fətullayevin dövlətə 260 min manata yaxın ödənməmiş borcu olduğunu açıqladı. Guya bu, Eynullanın qəzet baş redaktoru olarkən vergidən yayındırdığı pullardır.
Şahvələd Çobanoğlu isə “Azadlıq”dakı son yazısında həmkarımızın üzərinə bu qədər borc yüklənməsinin fiksiyadan başqa bir şey olmadığını sadə hesablama ilə ortaya qoydu. Maraqlananlar Şahvələd bəyin yazısını yenidən oxuya bilərlər.
Mənə qalsa, buna heç ehtiyac da yoxdur. Hamımız bilirik və dəfələrlə yazmışıq ki, Eynullanı həbsə tıkan, onu hüququn ən təməl prinsiplərini ayaq altına atıb həbsdə saxlayan nə dövlət borcudur, nə narkotikdir, nə terrora çağırışdır – bizzat kral həzrətlərinin şəxsi hikkəsi, kinidir. Çingiz Əsgərov özü də bal kimi bilir bunu. Sadəcə deyə bilmir. Nə olsun ki, guya Azərbaycanın Avropa Insan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsidir, əslində o da bu ölkədə bir nəfərdən başqa, hər kəs kimi heç bir səlahiyyət sahibi-zad deyil. Bir nəfərin iki dodağının arasından çıxan sözə tabedir.
Eynullanı dövlətə borclu çıxarmaq isə həm də doğulmamış uşağa don biçmək kimi bir şeydir. Lap tutaq ki, həmkarımızın borcu var, bəs dövlət özü yoxdur axı. Əvəzində bir qrup adamın mütəşəkkil cinayətkar dəstəsi var. Bu ölkədə məhkəmə də onlardır, prokuror da, polis də, seçən də onlardır, seçilən də, ictimaiyyət də onlardır, ictimai rəy də. Belədə hansı dövlətdən danışmaq olar? Dövlət var? Dövlət yoxdur. Dövlət yoxdursa, dövlətə necə borclu olmaq mümkündür?
Əlbəttə, belə çox davam etməyəcək. Azərbaycanda da mafiya dövrü, tayfa dönəmi bitəcək. Hüquqi dövlət qurulacaq. Milli iradə hegemon olacaq. Xalq hakimiyyətin mənbəyinə çevriləcək. Məhkəmələr azad olacaq, kimsə çıxıb hakimin hakimi olmayacaq. Qanunlar müqəddəslik statusu qazanacaq.Və bax onda məlum olacaq ki, ortada doğrudan bir borc var. O da qurmuş olduğumuz dövlətin Eynullaya borcudur.
Azərbaycanda mafiyayla dirəşdiyinə, tayfa zehniyyətinə savaş bayrağı açdığına görə ömrünün ən gözəl illərini soyuq, qaranlıq, rütubətli həbsxana divarları arxasında keçirdiyi, ədalət və özgürlük savaşının davam etməsi üçün həyatını ən ağır təhlükələrin ağuşuna ata bildiyi, hətta dəmir barmaqlıqlar ardında da susmadığı, istibdada meydan oxuduğu və beləcə, başqalarını da mübarizəyə ruhlandırdığı üçün quracağımız gerçək bir Azərbaycan dövləti Eynullaya çox borclu olacaq. Çox minnətdar olacaq.
Eynullanı dəmir barmaqlıqlar ardına tıkanlar isə yaxşısı budur etdikləri haqsızlıqların, zülmlərin, talançılıqların bədəlini necə ödəyəcəklər, artıq indidən onu düşünsünlər. Nə də olmasa onlar yalnız dövlətə ödəməyəcəklər bunu.
Tarixə və Tanrıya da ödəyəcəklər.
Təhsil ocağının söndürülməsi
Gəncə məktəblərində şagirdləri yanğından mühafizəyə dair maarifləndirmək üçün tədbirlərə başlanıb. Bu barədə xəbərdən sitat: “Maarifləndirmə tədbirlərində qazdan, tüstüdən müdafiə manqası yaradılaraq şərti təlim keçirilib, təhsil ocaqlarına daxil olaraq zərərçəkən uşaqlara yardım göstərilib”.
Deyəsən, bunlar “təhsil ocağı” sözünü hərfi mənada başa düşürlər, elə bilirlər ki, məktəb təhsil ocağıdırsa, orada yanğın mütləqdir, uşaqları da yanğından müdafiə məqsədilə bilgiləndirmək lazımdır.
Şagirdlərə elm öyrətmək, onları bilgi sahibi etmək isə ağıllarının ucundan keçmir. Həm uşaqları yanğına qarşı maarifləndirirlər, həm də onların içindəki elm yanğısını, bilik yanğısını söndürürlər. Əslində Gəncədəki tədbirləri çox simvolik qəbul etmək lazımdır – axı illərdir yaptokratlar bu ölkədə yanğınları söndürməkdən çox, elə təhsil ocaqlarını söndürmək ilə məşğuldurlar.