Yeni siyasi xəttə görə o, artıq lazım deyil
Dünyada yeni siyasi durum formalaşıb
Dünyanın diqqəti ərəb ölkələrində olduğu dönəmdə uzun illərdir bir nömrəli terrorçu sayılan Üsamə Bin Ladenin ölüm xəbəri yayıldı. Bu xəbərin ABŞ prezidentinin dilindən səslənməsi artıq onun həqiqiliyinə heç bir şübhə yeri qoymur. Bin Ladenin ölümü eyni zamanda dünyada yeni proseslərin başlanması kimi də qələmə verilir. Əslində bu xəbərin məhz indi ortaya çıxması da müəyyən suallar doğurur. Nədən indi? Bu xəbərin arxasında nə dayanır? Bu və diqqət mərkəzində olan digər məsələlərlə bağlı politoloq Zəfər Quliyevin fikirləri ilə tanış olduq.
Sivilizasiyalar arasında konflikt yox, alyans…
– Amerikanın vaxtilə elan etdiyi yeni dünya siyasəti, dünyanın hazırkı durumu, həmçinin Şərq-islam faktoru üçün Bin Ladenin ölümü nə deməkdir?
– Bin Ladenin ölümü ilə bağlı əslində bir neçə xətt var. Onları ayırmaq lazımdır. Bir var real şəxsiyyət Bin Laden, onun real həyatı, fəaliyyəti, apardığı siyasət və konkret son dövrlər müəmmalı, qapalı şəkildə sürdüyü ömür. Onun haqqında danışmaq çətindir. Çünki bu obraz o qədər miflərlə doldurulub, Bin Laden son illər mifik bir fiqura, simvola çevrilib. Bu suala cavab verəndə həmin bu simvol haqqında danışmalıyıq. On ildən artıq Bin Laden Qərb dünyası üçün ilk növbədə islam terrorizminin bir simvoluna çevrilmişdi. 11 sentyabrdan sonra bu obraz aktuallaşdı. Amerikanın apardığı siyasəti əsaslandırmaq, beynəlxalq dəstək qazanmaq üçün ümumi islam terrorizmində bu termindən çox məharətlə istifadə edirdilər. Eyni zamanda bunu daha inandırıcı göstərmək üçün Bin Ladenlə bütün dünyanı qorxudurdular. Beləliklə də islam ölkələrinə qarşı daha sərt siyasət aparmaq üçün belə bir imkan yaranırdı. Bin Ladeni mifik bir fiqura çevirdikləri on ildə Qərb öz strateji, geosiyasi, praqmatik maraqlarını həm hərb, həm siyasi yolla islam dünyasında həyata keçirmək üçün məhz bu simvoldan yararlanırdı. Beləliklə, həm ölkələrə, həm də beynəlxalq ictimaiyyətə təsir edə bilirdi. Ancaq Barak Obama hakimiyyətə gələndən sonra ilk gündən ortaya yeni mesajlar çıxdı. Obama Istanbulda bütün müsəlman dünyasına mesajlar göndərdi. Bunun mənası ondan ibarətdir ki, biz islam dünyası ilə başqa münasibətlər, sivilizasiyalar arasında konflikt yox, alyans yaratmaq istəyirik. Beləliklə, bu mesajdan sonra konkret addımlar atıldı. Son aylar islam dünyasında baş verən inqilabi proseslərin çoxu demokratiyadan uzaq olsa da, Qərb mətbuatı və siyasi dairələr bunu demokratik çərçivədə təqdim etməyə çalışırlar. Əslində əvvəlki illərdə onlar mənfi tərəfləri görərdi. Hətta bu inqilabi prosesləri də fundamentalizmlə bağlayardılar. Lakin indi tamam başqa mesajlar səslənir. Islam dünyasını elə bil demokratik düşərgəyə dəvət edirlər. Beləliklə, hiss olunur ki, Bin Laden siyasi simvol kimi əhəmiyyətini itirmişdi. Bütün dünyada yeni siyasi durum formalaşıb. Bu durumun da başında ABŞ dayandığından onun ölümünü gözləmək olardı. Bin Laden öz rolunu oynayıb. O, daha lazım deyil. Real Bin Laden ölüb, ya ölməyib, onu nə vaxt və harada öldürüblər, bunu dəqiq deyə bilmərik. Ancaq siyasi simvol kimi mifik Bin Laden artıq doğrudan da ölməli idi. Yeni siyasi xəttə görə o, artıq lazım deyil.
“Diktatorlara qarşı birbaşa ünvanlı təzyiqlər olacaq”
– Bin Ladenin ölməsi diktatorlara mesaj deyilmi?
– Bəli, bu da hiss olunur. Bin Ladenin ölümü ilə islam dünyasında problemlər yox olmur. Islam ölkələrində olan diktatorlar hələ qalmaqdadır. Hətta real terror təşkilatları da var. Ona görə demək olmaz ki, bunlara qarşı siyasət gündəmdən çıxdı. Əvvəl sivilizasiyalar arasında konflikti gücləndirirdilər. Ümumiləşdirici fiqur kimi Bin Laden bütün islama qarşı münasibət formalaşdırırdı. Islamla qeyri-islam arasında konflikt güclənirdi. Indi artıq çərçivə dəyişib. Islam dünyasını düşmən görmək üçün ümumi obraza ehtiyac yoxdur. Bundan sonra söhbət konkret diktatorlardan, terror təşkilatlarından gedə bilər. Onlara qarşı artıq birbaşa ünvanlı təzyiqlər olacaq, əməliyyatlar keçiriləcək. Bin Laden abstrakt fiqura çevrilmişdi. Ona görə onu axtaranda bütün dünyanı gəzmək olardı. Hara istəsən ora qoşun yeridib demək olardı ki, Bin Laden burdadı. Indi vəziyyət başqa cürdür. Bəşər Əsəd varsa, onu bütün dünyada axtarmaq lazım deyil. Onun harada olduğunu hamı bilir və ona qarşı hərbi sanksiyalar ola bilər. Qəzzafi də onun kimi. Ya da hansısa konkret terror təşkilatları var. Ona görə bu bir tərəfdən doğrudan da mesajdır. Tək islam dünyasına yox, bütün dünyaya da o cür mesaj verilir ki, artıq söhbət konkret məsuliyyətdən gedə bilər. Hər bir siyasi liderin öz ölkəsi və beynəlxalq ictimaiyyət qarşısında şəxsi məsuliyyəti var. Qəzzafi öz əməllərinə görə məsuliyyət daşıyır. Bəşər Əsəd öz əməllərinə görə məsuliyyət daşımalıdır. Onlar Bin Ladenin ölümündən sonra başa düşməlidirlər ki, doğrudan da dünyadakı siyasət dəyişib və geriyə yol yoxdur. Bu həm də postsovet məkanında olan diktatorlara da mesajdır ki, artıq qarşısıalınmaz proseslər gedir. Dünya dəyişir və bu dünya ilə uyğunlaşmaq lazımdır. Əks halda bütün dünyanın təpkisinə məruz qalacaqlar.
“Moskvanın hegemonluq iddiaları Qərbi narahat edir”
– Diplomatların Gürcüstanda yığıncağı oldu. Bu hansısa diplomatik, yoxsa psixoloji həmlə idi? Region üçün onun əhəmiyyəti nə idi?
– Hər halda bu, indiki mərhələdə daha çox psixoloji aksiyaya bənzəyir. Çünki son vaxtlar bunu tamamlayan başqa addımlar da görürük. Beynəlxalq təşkilatların, Qərb ölkələrinin rəsmi dairələri postsovet məkanında gedən proseslərlə bağlı son vaxtlar öz ciddi narahatlıqlarını bildirir. Azərbaycandakı daxili proseslər, postsovet məkanında demokratiya sahəsində olan geriləmələr, eyni zamanda Moskvanın hegemonluq iddiaları Qərbi narahat edir. Onlar əslində elə Moskvaya da göstərmək istəyirlər ki, biz çəkilməmişik, varıq. Indi başımız ərəb dünyasına qarışıqdır. Ancaq bu o demək deyil ki, biz burda yoxuq. Hər halda nəzərə alaq ki, Rusiyada prezident seçkiləri yaxınlaşır. Bu proseslər ciddi intriqa əsasında gedəcək. Rusiyanın özünün başı prezident seçkilərinə qarışacaq. Bilmək olmaz Medvedevlə Putin arasında qarşıdurma nəyə gətirib çıxaracaq. Belə bir şəraitdə Qərb ölkələrinin postsovet məkanında fəallaşması ilk növbədə psixoloji təsir göstərir. Eyni zamanda bunun ardı da olacaq. Faktiki olaraq belə aksiyalar həyata keçirilib. Əslində elə Azərbaycanın özü ilə də bağlı bunu görürük, diplomatik korpusun Ictimai Palatanın liderləri ilə görüşü hakimiyyəti ciddi narahat etdi. Başqa bir vəziyyətdə, bir neçə il əvvəl ola bilsin, heç bu hadisə o qədər də ciddi rezonans doğurmazdı. Indiki konteksdə bu başqa cür səslənir. Ona görə hakimiyyət də, onu dəstəkləyən Moskva siyasətçiləri də çox narahatdır. Son vaxtlar Moskva ekspertləri tez-tez yazırlar ki, bu regionda gedən proseslər və proseslərin Qərbyönlü istiqamətdə inkişaf etməsi Moskvanın maraqlarına ziddir. Ona görə indidən bunun qarşısını almaq istəyir.
Hansısa güclər həmişə Azərbaycanla Ermənistanı ayırmaq istəyir
– Ermənistanda müxalifətin mitinqlərinə icazə verdilər. Azərbaycanda bu baş vermədi. 2 apreldə xeyli adama cinayət işi açdılar. Bu həm də bizimlə ərazi münaqişəsi olan dövlətlə müqayisədə hansı vəziyyətə gətirir? Regionda demokratikləşmə dalğası olsa, Ermənistan bizdən qabağa düşmək imkanı əldə edirmi?
– Əslində Ermənistan və Azərbaycanla bağlı ilk gündən sanki hansısa siyasi dairələr, qüvvələr assimetrik geosiyasi oriyentasiyaları həmişə saxlamağa çalışırlar. Hələ sovet dövründə də assimetrlik vardı. Ermənistana Siyasi Büronun demokratik düşüncəli üzvləri gəlirdilərsə, Azərbaycana sırf antiQərb mövqeyində olan kommunist liderləri gəlirdi. Ya da əksinə olurdu. Ancaq həmişə Ermənistanla Azərbaycanı siyasi baxımdan fərqləndirməyə çalışırdılar. SSRI dağılandan sonra da elə an olmayıb ki, hər iki ölkə bir istiqamətdə hərəkət etsin. Azərbaycanın Heydər Əliyev dövründə Moskva ilə soyuq münasibətləri olanda Ermənistanın münasibətləri çox isti idi. Ya da Azərbaycanın Qərblə münasibətləri pozulanda qəsdən o dövrdə Ermənistanın Qərblə münasibətləri düzəlir, Qərb bu ölkəyə mesaj göndərirdi. Ona görə burda Qarabağ məsələsi ilə bağlılıq var. Nəzərə alsaq ki, Ermənistana Moskvanın təsirləri həddən artıq çoxdur, hər halda çalışırlar Ermənistanla Azərbaycan hansısa bir geosiyasi konteksdə hərəkət etməsin. Onda hansısa geosiyasi mərkəz onları sülhə tez yaxınlaşdırar. Ikisi də Moskvanın əlində oyuncaq olsa, onda Rusiya istədiyi ssenarini həyata keçirər. Ya da ki, ikisi də Vaşinqtonun əlində olsa, onda ABŞ münaqişənin taleyini öz əlinə götürüb onu həll edə bilər. Ona görə həmişə bunları ayırmaq istəyirlər. Son dövrdə Azərbaycanda antiQərb ritorikası güclənir. Azərbaycan rəhbərliyi daha çox Moskvaya yaxınlaşmaq istəyir. Inqilablardan, demokratiyadan qorunmaq istəyir. Daxildə də antidemokratik proseslər güclənir. Lakin paralel olaraq Ermənistanda bunun əksini görürük. Ermənistan-Türkiyə dialoqu da Ermənistanı Qərbə yaxınlaşdırmaq məqsədi güdürdü. Hətta o dialoqdan başqa da Ermənistanın daxilində də görürük ki, Ermənistanı elə bil güclə Avropa Ittifaqı Şərq Tərəfdaşlığı proqramına da salırlar. NATO məsələsində Ermənistanın heç olmasa proqramların üzvü kimi qalmasına çalışırlar. Eyni zamanda Qərb diplomatları son vaxtlar tez-tez Yerevana gəlir, münasibətlər qururlar. Ermənistanın daxilində də aydındır ki, bu, tək Sərkisyanın seçimi deyil. Buna məsləhət görülür. Mitinqlərə icazə, müxalifətlə rəsmi dialoq başlamasa da, ona meyllilik müşahidə olunur. Daxildəki bu ziddiyyətlər nisbətən götürülür və Ermənistan elə bil Azərbaycanla müqayisədə demokratiyaya daha hazırlıqlı görsənir. Bu da istər-istəməz Qarabağ məsələsinin həllində o assimetrik şəraitində xidmət etmir. Qarabağ məsələsi yenə də asılı vəziyyətdə qalacaq.
İqtidar Moskva ilə münasibətdə özünü daha komfortlu hiss edir
– Britaniya Lordlar Palatasında, ABŞ konqresində Xocalı soyqırımı ilə bağlı müəyyən sənədlər qəbul olundu. Avropa Ittifaqının parlamenti Ermənistanı işğaldan çəkindirmək çağırışı etdi. Ancaq bu proseslərin kontekstində Azərbaycan hökuməti Moskvaya meyllənir. Niyə belə imkanlar əldən qaçırılır?
– Azərbaycan hakimiyyəti Moskvaya yaxınlaşanda nə Qarabağ məsələsini, nə də dünyada gedən prosesləri fikirləşir. Ilk növbədə öz şəxsi maraqlarını, hakimiyyəti saxlamaq, demokratiyadan, Qərbin təzyiqlərindən, inqilab təhlükəsindən qorunmaq məsələlərini düşünür. Açıq desək, hakimiyyətdə olan Ramiz Mehdiyev və başqaları öz siyasi mentaliteti, düşüncələrinə görə əslində köhnə sovet dövründəki fikirlərində qalıblar. Moskvaya yaxınlıq bir tərəfdən onların siyasi mentalitetindən irəli gəlir. O biri tərəfdən onlar bilir ki, Moskva bunları nə korrupsiyaya, nə diktatorluğa meylliliyinə, nə daxildə olan repressiyalara, söz azadlığının boğulmasına görə danlayacaq. Nəinki danlamır, hətta iqtidarı daim dəstəkləyir. Seçki saxtakarlığını götürsək, postsovet məkanından gələn müşahidəçilərin rəyi əvvəlcədən bəllidir. Bizim iqtidar Moskva ilə münasibətdə özünü daha komfortlu hiss edir.
İkihakimiyyətlilik Rusiyadan asılılığı azaltmaq üçün fürsətdir
– Təxminən 100 il əvvəl Rusiyada ikihakimiyyətlilik oldu və bu, yeni dövlətlərin yaranmasına gətirib çıxardı. Əslində çar Rusiyası məkanında plüralizm onunla başladı. Indi başqa formada ikihakimiyyətliliyin özünü Rusiyada ifadə etməsi postsovet məkanında yeni imkanlara gətirib çıxaracaqmı? Bunun müsbət təsiri olacaqmı?
– Əslində bu, Rusiyanın özü üçün bəlkə də ziyanlı, təhlükəli bir prosesdir. Çünki ikihakimiyyətlilik olanda Rusiya özünü itirə-itirə gedir. Lakin Rusiyanın ətrafında olan ölkələr üçün bu daha əlverişli imkanlar yaradır. Birincisi, Moskvanın başı daxili problemlərinə qarışır. Ikinci tərəfdən, əslində Rusiyada əvvəllər də, indi də real demokratik plüralizm heç vaxt da olmayıb. Plüralizm yarananda da süni şəkildə yaranır. Şəxsiyyətlər arasında hansısa rəqabət güclənəndə, həm də seçki prosesində bir az plüralistik fon yaradır… Burada faktiki olaraq Putinlə Medvedev arasında güclənən rəqabət iki siyasi xəttin toqquşmasıdır. Bunlar eyni fiqur deyil. Ötən əsrlərdə də Rusiyada slavyan meyllilərlə Qərbyönlülər olurdu. Indi də faktiki elədir. Medvedev əslində öz davranışı ilə göstərir ki, o, Qərbyönlü müasir, liberal siyasətçidir. Putinin arxasında konservativ qüvvələr durur. Bu proses Rusiyanın zəifləməsinə gətirib çıxarır. Fərqi yoxdur kim qalib gəlir. Medvedev qalib gəlsə, Rusiyanın inkişafı üçün müəyyən imkanlar yaranar. Lakin hər halda bu proses vaxtı Rusiya zəifləyir. Ona görə başqa ölkələr Rusiyadan asılılığı azaltmaq üçün bu fürsətdən istifadə edə bilərlər.
Fizzə Heydərli,
Seymur Həziyev