Media azadlığına görə 196 ölkə arasında 171-ciyik
“Freedom House” dünyada mətbuat azadlığına dair yeni hesabat yayıb. Hesabatda Azərbaycan yenə də “azad olmayan ölkələr” sırasında yer alıb. Azərbaycan təşkilatın qiymətləndirmə apardığı 196 ölkə içərisində 171-ci yerdədir.
Hesabatda deyilir ki, 1998-ci ildə Azərbaycanda senzura ləğv edilsə də, hökumət senzuranın müxtəlif formalarından istifadə etməkdə davam edir. Təşkilat bu mənada “Gündəlik Azərbaycan” qəzetinin rəhbəri Eynulla Fətullayevin işini misal çəkir: “Azərbaycanda dövlət və hakim partiya mətbuat sahəsində dominantlıq edir. Və bu ölkədə plüralizmə ziyan vurur. Müstəqil jurnalist və bloqçular müxalif fikirlərini söylədikləri üçün hüquqi və fiziki təzyiqlərlə üzləşməkdə davam edirlər. 2010-cu ildə Azərbaycan rəsmiləri açıq şəkildə Avropa İnsan Haqları Məhkəməsinin ədalətsiz olaraq həbs edilmiş jurnalist Eynulla Fətullayevi azad etmək haqda qərarına qarşı çıxıblar”.
Hesabatda deyilir ki, jurnalistlərə qarşı zorakılıqlara görə ölçü götürülmür, cəzasızlıq şəraiti mediaya təzyiqlər edənləri qoruyur. Böhtan yazmaq Azərbaycanda cinayət əməli sayılır və hökumət bunu tez-tez öz siyasi məqsədləri üçün istifadə edir.
Terrorçuluq, xuliqanlıq, narkotik saxlamaq, ədavət qızışdırmaq, vergidən yayınma kimi ittihamlar da jurnalistlərə qarşı istifadə edilir.
2010-ci ilin parlament seçkiləri zamanı jurnalistlərə qarşı təzyiqlər daha da artıb. Seçki öncəsi dövlət və ictimai yayımda birtərəflilik müşahidə edilib, hökuməti tənqid edən bir neçə İnternet saytı bağlanıb. Seçkini işıqlandıran jurnalistlərə tez-tez təzyiqlər edilib. Bir neçə jurnalist, o cümlədən “Azadlıq” radiosunun müxbiri və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan bir jurnalist seçki fırıldaqlarına şahid olandan sonra saxlanıb.
Hesabatda qeyd edilir ki, ötən il “Xural” qəzeti və onun baş redaktoru Əvəz Zeynallıya qarşı cinayət və mülki ittihamlarla bağlı məhkəmə iddiaları qaldırılıb və qəzet qüvvəsi çatmayacaq məbləğdə kompensasiya ödəməyə məhkum edilib.
“Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimov da Daxili İşlər Nazirliyinin iddiası ilə böhtanda ittiham edilərək 1,5 illik “islah işlərinə” və əmək haqqının 15 faizini dövlətə ödəmək cəzasına məhum edilib.
“Freedom House” bildirir ki, Azərbaycan hökuməti ölkə qanunvericiliyinin tələbinə uyğun olaraq təsis edilməli Mətbuat Ombudsmanı institutunu hələ də yaratmayıb. Dövlət orqanları informasiya almaq üçün edilən müraciətlərə yenə də sistemli şəkildə cavab verməkdən imtina edirlər.
Elektron KİV demək olar ki tam şəkildə hökumət və onun müttəfiqlərinin əlindədir. “Azadlıq”, “BBC” və “Amerikanın səsi” kimi xarici radiolar FM dalğasından məhrum edilib.
İnternet media güclənir və bu, hökumətin diqqətini cəlb edib. 2 tanınmış bloqçu Emin Milli və Adnan Hacızadə xuliqanlıqda ittiham edilərək həbs olunub və daha sonra 2010-cu ili həbsdə keçirib.
2010-cu ildə jurnalistlərə təzyiqlər 2005-ci illə müqayisədə az olsa da, təşkilat bunun prezident İlham Əliyevin öz hakimiyyətini gücləndirməsi, müxalifətin zəifləməsi, cəmiyyətdə qorxu və laqeydliyin yüksək səviyyədə olması ilə bağlı olduğunu bildirir.
1941-ci ildə Amerikada yaradılan “Freedom house” dünyada demokratiyanın yayılmasına çalışan qeyri-hökumət təşkilatıdır (“Azadlıq” radiosu).