Beynəlxalq təşkilatlara «qaçqın nağılı» danışan şöbə müdirinin özü məcburi köçkünlərə divan tutur
Prezident Administrasiyasında Novruz Məmmədov adlı bir şöbə müdiri var. Nə zaman beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə demokratiya ilə bağlı çağırış edəndə bu adam gündəmə gəlir. Və beynəlxalq təşkilatları Qarabağ problemi ilə şantaj etməyə başlayır.
ATƏT-i, Avropa Birliyini və digər beynəlxalq strukturları bir milyon məcburi köçkünün vəziyyətilə maraqlanmamaqda ittiham edir. Məhz Novruz Məmmədov demokratik dəyərlərin qarşısını bir milyon məcburi köçkünlə çıxır. Məhz Novruz Məmmədov daha çox qaçqın problemindən, onların sosial vəziyyətindən danışır. Amma Beynəlxalq təşkilatları bu cür şantaj edən Novruz Məmmədov 47 məcburi köçkün ailəsinin həyatını cəhənnəmə çevirib. Bu ailələr Zığ qəsəbəsində yerləşən Duzlu gölün yaxınlığındakı “Ümid” istirahət zonasında məskunlaşıb. Onlar dolanmaqdan ötrü müalicə məqsədilə gölə gələnlərə xidmət göstərmək üçün gölün sahilində bir sıra obyektlər: duşxana, kafe və s. açıblar. Novruz Məmmədov həmin yerdə 14 hektar sahəni – gölün və ona bitişik ərazini zəbt edib. Həmin ərazi şöbə müdirinin xanımı Gülnarə Məmmədovanın adına rəsmiləşdirilib. Bu iş məhkəməyə qədər gedib çıxıb. Suraxanı rayon Məhkəməsi Gülnarə Məmmədovanın iddiasını təmin edib. Bundan sonra oradakı bəzi obyektlər sökülüb. Lakin əhalinin etirazından sonra Novruz Məmmədov məcburi köçkünlərə burada qalmağı və obyektlərdən istifadə etməyi təklif edib, lakin zonanın bundan sonra onun sərəncamında olması barədə xəbərdarlıq edib. 2009-cu ilədək bu cür davam edib. 2009-cu ildə Novruz Məmmədovun qohumları məcburi köçkünlərdən tələb edib ki, kommersiya obyektlərindən əldə etdikləri gəlirin 70 faizini ona versinlər. Bundan sonra məcburi köçkünlər ərazinin Gülnarə Məmmədovaya verilməsi barədə qərarın ləğv olunmasına çalışıblar. Lakin təbii ki, məqsədlərinə nail ola bilməyiblər. Çünki Azərbaycan məhkəmələrinin sifarişlə işlədiyi bəllidir. Elə məhkəmənin ilkin qərarı – ərazinin Gülnarə Məmmədovaya verilməsi də sifarişin nəticəsidir.
Indi Novruz Məmmədovdan soruşmaq lazımdır ki, sən hansı haqla məcburi köçkünlərin hüquqlarından danışırsan? Bu hansı mənəviyyata sığır ki, 47 məcburi köçkün ailəsini yaşamaq hüququndan məhrum edib, beynəlxalq təşkilatları bu adamların adı ilə şantaj edəsən?! Novruz Məmmədovun bu əməli bir daha sübut edir ki, məcburi köçkünlər hakimiyyətin əlində demokratiya çağırışlarına görə Qərbi şantaj etmək üçün bir vasitədir.
Azad