Fuad Qəhrəmanlı: «Mitinqin vaxtı ilə bağlı qərar Ictimai Palatanın vahid mövqeyidir»
«Müxalifət düşərgəsində ziddiyyətlər yaratmaq hakimiyyətin maraqlarına xidmət edər»
Ictimai Palatanın son toplantısından sonra çox təəssüf ki, bəzi şəxslər AXCP-nin mitinqlərə qarşı olması ilə bağlı yalan xarakterli məlumatlar yayırlar. Bunu, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir. F.Qəhrəmanlı məsələ ətrafında yaranmış qaranlıq məqamlara belə aydınlıq gətirir: “Ictimai Palata mitinqlərin davamlı olaraq keçirilməsinə qərar verib. Mitinqin yerini təyin etmək hüququ Koordinasiya Şurasına həvalə olunub. Pənah Hüseyn bunu belə əsaslandırdı ki, Ictimai Palatanın nümayəndə heyəti ilə Bakı meriyası arasında yer məsələsilə bağlı müzakirələr gedir. Bu müzakirələrin nəticəsindən asılı olaraq da Koordinasiya Şurası yer və vaxt məsələsini həll edəcək. Burada mitinqlərin təxirə salınması, keçirilməməsi ilə bağlı hər hansı məqam yoxdur. Belə olan halda, yalan xəbərlər yaymağın, Xalq Cəbhəsinə qarşı əsassız ittihamlar irəli sürməyin nə mənası var?
AXCP Rəyasət Heyətinin Ictimai Palatanın sessiyasından əvvəl keçirdiyi toplantıda mitinqlərin davamlı olaraq keçirilməsi ilə bağlı qərar qəbul olunub. Eyni zamanda 17 aprel mitinqinin nəticələri müzakirə olunaraq vurğulanıb ki, Ictimai Palatanın keçirəcəyi aksiyalar daha effektli olmalıdır. Bunun üçün də hazırlıq işləri daha yüksək səviyyədə olmalıdır. 2 aprel aksiyası bu baxımdan müsbət qiymətləndirildi. Hesab olundu ki, hakimiyyət orqanlarının yeni taktika tətbiq etməsinin müqabilində Ictimai Palatanın keçirəcəyi aksiyalar təşkilati baxımdan daha yüksək səviyyədə olmalıdır. Bu məqsədlə Xalq Cəbhəsinin yerli təşkilatlarına hazırlıq işlərinin gücləndirilməsi, bu istiqamətdə partiyanın bütün potensialının yenidən qiymətləndirilərək bu prosesə cəlb olunmasına qərar verilib. Ictimai Palatanın toplantısında da Xalq Cəbhəsinin çıxış edən bütün funksionerləri birmənalı şəkildə aksiyaların davam etdirilməsi ilə bağlı ortaya mövqe qoyublar. O da bildirilib ki, bu aksiyalar aksiya xatirinə olmamalıdır. Daha yüksək səviyyədə təşkil edilməlidir ki, cəmiyyətin siyasi proseslərə cəlb olunması, müxalifətin proseslərə təsiri baxımından səmərəli olsun”.
F.Qəhrəmanlı deyir ki, bəziləri bunu nəzərə almayaraq aksiya xatirinə aksiya keçirmək istəyir: “Aksiyanın vaxtının təyin olunması üzərində israr edirlər. Biz də bildirdik ki, 17 aprel aksiyasını təkrarlamaq ilk növbədə Ictimai Palatanın imicinə uyğun gəlmir. Ona görə növbəti mitinqə daha yaxşı hazırlaşmaq lazımdır. AXCP Ictimai Palatanın Koordinasiya Şurasının təklif etdiyi qərar layihəsini müdafiə edib. Bizim ayrıca təklifimiz, rəyimiz olmayıb. Koordinasiya Şurasında qərarlar yekdilliklə qəbul olunur. Bu qərarnı da qəbulunda həm AXCP sədri Əli Kərimli, həm Müsavat başqanı Isa Qəmbər, həm də həmin gün iclasa rəhbərlik edən Pənah Hüseyn və digər ictimai-siyasi xadimlər səs veriblər”.
AXCP funksionerinin sözlərinə görə, məsələ ilə bağlı Ictimai Palatanın Koordinasiya Şurasını şantaj cəhdləri də olur: “Istədikləri qərarın keçməsi üçün Şuranı şantaj edirlər. Qərar qəbul olunandan sonra bir tərəfdən Ictimai Palatanın daha kütləvi aksiyalar təşkil etməsinin tərəfdarı kimi görünürlər, digər tərəfdən də Palatanın nüfuzuna zərbə vuran, onun daxilində ziddiyyətlərin olması ilə bağlı cəmiyyətdə yanlış rəy yaratmağa cəhd edirlər. Ictimai Palatanın nüfuzuna xələl vuran açıqlamalarla mübarizə aparmaq istəyinin olması barədə səslənən fikirlər bir araya sığmır. Bu, həm də siyasi etika məsələsidir. Həm cəbhəçilərin, həm müsavatçıların, həm də bitərəflərin birgə səs verdiyi bu qərardan sonra Xalq Cəbhəsinə qarşı açıq şantaj siyasəti aparılması, böhtan atılması Ictimai Palata daxilində münasibətlərin birgə təcrübə imkanlarının zəiflədilməsinə, sağlam münasibətlərin zədələnməsinə yönəlib. Bunun Azərbaycan müxalifətinin səmərəli mübarizə aparmasını istəyən insanlara deyil, hakimiyyətin maraqlarına xidmət etdiyini hamı görür. Müxalifət düşərgəsində ziddiyyətlər yaratmaq hakimiyyətin istəklərinə uyğundur. Bu proses davam etdikcə, həm onların mövqeyi ilə bağlı suallar yaranacaq, həm də bu, cəmiyyət tərəfindən düzgün qəbul olunmayacaq”.