Nazir Xəzər dənizini Iranın istədiyi kimi «bölüşdürdü»
Bugünlərdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi istifadəyə verdiyi vebsayt, daha doğrusu, turizm naviqatoru olan www.gomap.az üzündən, az qala, siyasi skandala səbəb ola bilərmiş. Skandal isə sözügedən naviqatorda Azərbaycan xəritəsinin təsvirilə bağlı olub. Ancaq professor Çingiz Ismayılov məsələyə vaxtında müdaxilə etdikdən sonra anlaşılmazlıq aradan qaldırılıb.
Regional inkişaf mərkəzinin sədri, coğrafiya elmləri doktoru Çingiz Ismayılov vesti.az saytına eksklüziv müsahibəsində bildirib ki, nazirliyin 10 gün əvvəl istifadəyə verdiyi yuxarıda adıçəkilən saytı açarkən, o, Azərbaycanın OSM Mapnik, OSM Osmarender, OSM Cycle Map sistemləri üzrə xəritəsi ilə qarşılaşıb. Bunlardan birində isə dənizin bərabər hissələrə, yəni 20 millik sərhədlərə bölündüyü açıq-aşkar göstərilib. “Bu, məhz həmin 20 millik dəniz sərhədləri idi ki, məni çox ciddi həyəcanlandırdı. Bilidiyiniz kimi, Xəzər dənizinə çıxışı olan ölkələrin rəsmi xəritələrində dənizin sərhədlərə bölünməsi təsviri yoxdur. Ancaq buna rəğmən, vebsaytda yerləşdirilən həmin xəritə dünənə qədər (srağagünə qədər) hələ də keçərli idi”, – deyə professor vurğulayıb.
Məsələnin ən maraqlı tərəfi budur ki, bu informasiya, aprelin 26-27-də Bakıda Azərbaycan, Iran, RF, Qazaxıstan və Türkmənistan XIN rəhbərləri səviyyəsində keçirilən xüsusi işçi qrupunun sayca 28-ci toplantısı ilə üst-üstə düşüb. Toplantıda məhz Xəzər dənizinin hüquqi statusunu müəyyən edəcək Konvensiya müzakirə olunurmuş.
Qeyd edək ki, hazırda Azərbaycan, Rusiya və Qazaxıstan dənizin şimal hissəsinin sərhədlərə bölünməsi məsələsinin tənzimlənməsilə əlaqədar artıq ikitərəfli razılığa imza atıblar, bircə həll olunmayan məsələ qalıb, o da dənizin orta xəttinin dəqiq koordinatlarının müəyyən olunmasıdır. Bu məsələ isə, Xəzər dənizində özlərinə məxsus milli sektorların sərhədlərini müəyyənləşdirəcək Türkmənistan, Iran və Azərbaycan hökumətlərinin razılığa gəlməsindən asılıdır. Iran təklif edir ki, hərəyə 20 faiz olmaqla dəniz beş bərabər hissəyə bölünsün, ancaq Azərbaycan və Türkmənistan buna qarşıdır. Bu təkliflə Rusiya və Qazaxıstan tərəfi də razı deyil. Çünki belə olduğu halda, Rusiya, Qazaxıstan və Azərbaycan əvvəl gəldikləri razılığa yenidən baxmağa məcbur olacaqlar.
Və birdən-birə artıq bir ildir ki, davam edən diskussiyaların fonunda Mədəniyyət və Turizm Nazirliyinin saytında dəniz sərhədlərinin təsvir olunduğu xəritə peyda olur. “Axı bu bizim rəqiblərimiz üçün böyük ”kozır”dır, məsələn Iran üçün, burnunun ucunda xəritəni tərpətməklə, bəyan edə bilər ki, Azərbaycan artıq dəniz sərhədlərini müəyyənləşdirib. Biz, əlbəttə, başa düşürük ki, bu, bilərəkdən edilməyib. Ancaq axı, sifarişçi tərəf kimi çıxış edən nazirlik az da ödəmədiyi layihəni diqqətlə nəzərdən keçirməlidir. Bilinmir “Sinan Ltd” bu xəritəni haradan götürüb. Bir şey aydındır ki, bu xəritəni onlar hazırlamayıblar, görünür, şübhəli mənbələrdən əldə ediblər. Az qala, bütün dünyanın diqqət mərkəzində olan bir saytda məmurlar tərəfindən belə bir məsuliyyətsizlik bağışlanası deyil”, – deyə professor qeyd edib.
Dünən biz də, öz növbəmizdə www.gomap.az saytına daxil olduq, ancaq əsas xəritədən başqa heç bir xəritə açılmadı. Görünür, ciddi qalmaqalın yaşanacağını düşünən nazirlik bu səhvini artıq düzəldib.
İnformasiya şöbəsi