Polis hazır vəziyyətə gətirilsə də, gənclərin tədbirinə mane olmadı (FOTOLAR)
Saat 14.00-da 300 nəfərə yaxın tələbə və gənc ADNA-nın qarşısına doğru hərəkət edib. Onlar terrorda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq universitetin pilləkənlərinə qərənfillər düzüb, şamlar yandırıblar.
Polis gənclərin aksiyasına müdaxilə etməyib. Yalnız əynində «30 Aprel unudulmaz. Dəhlizlərdə canlar getdi», «30 aprel – ADNA terror» yazısı olan bir nəfər ərazidən uzaqlaşdırılıb.
Gənclər həlak olanların xatirəsi üçün bir dəqiqəlik sükut elan edib, sayğı duruşunda dayanıblar. Daha sonra onlar iki-bir, üç-dir dağılışmağa başlayıblar.
Aksiya başa çatıb.
***
Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov bir neçə nəfərlə birlikdə ərazidə reyd keçirir. Onlar hər hansı fərq qoymadan insanları ADNA ətrafından uzaqlaşdırırlar. Maraqlıdır ki, S.Nemətov və onunla olanlar mülki geyimdədirlər.
Əməkdaşımız xəbər verir ki, ADNA-nın terror olan korpusunun qapıları bağlıdır. 28 May metrostansiyasından korpusun qarşısına aparan yol isə “təmir” adı ilə bağlanıb.
Bundan başqa, əraziyə əlavə polis qüvvələri və mümkün aksiyanın iştirakçılarını həbs edib aparmaq üçün boş avtobuslar cəlb olunub.
Əməkdaşımız xəbər verir ki, artıq 28 May metrostansiyası qarşısından ADNA-nın terror baş vermiş korpusuna aparan yol bağlanıb. Ərazidə polis qüvvələri və mülki geyimli “polis köməkçiləri” artmaqdadır. Yaxınlıqda adətən aksiyaçıların həbs edilib mindirilməsi üçün saxlanan boş avtobuslar da var. Ehtimal olunur ki, polis gəncləri saat 14.00-a planlaşdırdığı aksiyaya imkan verməyəcək.
***
Azərbaycan Dövlət Neft Akademiyasındakı terrorun anım günü ilə əlaqədar tədbirlər başlayıb. Terror qurbanlarını yad etmək məqsədilə gənc fəalların saat 14.00-da ADNA qarşısında toplaşacağı gözlənilir. Ərazidə olan əməkdaşımız Ramin Deko xəbər verir ki, artıq ADNA ətrafına, o cümlədən 28 May metrostansiyası qarşısına çoxlu sayda polis qüvvələri cəlb olunub. Hiss edilir ki, onlar gənclərin nəzərdə tutulan tədbirini önləmək üçün səfərbər olunublar.Ən maraqlısı isə son günlərdə mətbuatın baş qəhrəmanlarından birinə çevrilən “İctimai Şura” üzvü Ata Abdullayev də hadisə yerindədir.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə bir dəstə də ADNA-nın terror baş berən korpusuna doğru yürüş edib. Dəstəyə deputat Fuad Muradov rəhbərlik edib. Lakin ərazidəki polis onlara mane olmayıb.
***
Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorun bu gün iki ili tamam olur. Bir qrup gənc terror qurbanlarının xatirəsini yad etmək üçün mərasim keçirməyi planlaşdırıb.
Amma fəal gənclərin bu aksiyası hakimiyyəti təşvişə salıb. Dünəndən universitetlərdə nəzarət gücləndirilib, tələbələrə şənbə günü evdən bayıra çıxmamaq tapşırılıb. Bir-bir auditoriyalara daxil olan dekanlar tələbələrə xəbərdarlıq edib ki, kim terror qurbanlarının anım mərasimində iştirak etsə, cəzalandırılacaq.
Yeri gəlmişkən, dünən polis anım mərasimi ilə bağlı vərəqə paylayan gəncləri saxlayıb. Vərəqələrdə bu fikirlər öz əksini tapıb: “ADNA terror qurbanlarının xatirəsini birgə anaq! 30 aprel saat 14.00, ”28 May” meydanı”. Saxlanılanlar arasında AXCP Gənclər Komitəsinin üzvü Aysel Saday da olub. Aysel “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qızıdır.
Qeyd edək ki, gənclər aprelin 30-da Neft Akademiyasının qarşısında toplaşaraq, terror qurbanı olan həmyaşıdlarının xatirəsini yad etmək istəyirlər. Onlar əvvəlcədən də bəyan ediblər ki, tədbirdə heç bir siyasi şüar səsləndirməyəcəklər. Sadəcə, məqsədləri terror qurbanlarının ailələrinin dərdinə şərik olmaq, “Terrora yox!” deməkdir.
Aqşin