Yaradıcı insanın bizdəki dəyəri

Bu haqda dəfələrlə yazmışam. Onsuz da, bizdə dönə-dönə toxunduğumuz problemlərə reaksiya ya gec, ya da lap iş-işdən keçəndən sonra verilir. Yenə, bizim işimiz yazmaqdı, bəlkə hansısa çarəsizə faydası toxundu. 

Azərbaycanda yaradıcı insanların necə ağır durumda yaşadığı, onların ciddi bir xəstəliyin pəncəsinə keçdiyi halda çılpaqlığı ilə ortaya çıxır. Bilirsiniz, son üç-dörd ildə say artımı göstərən belə hadisələr, demək olar, mətbuatın gündəmindən düşmür. Belə görünür ki, ölkədə tanınmış insanların düçar olduğu hər hansı bəladan qurtuluş yolu yalnız yuxarıların insafından asılıdır. O da baxır naxışa, kimin naxışı yoxdursa, bəxtindən küssün…

Bir az yaddaş təzələyək. Səhnəmizin ən parlaq isimlərindən biri sayılan Yaşar Nurinin xəstəliyi ilə bağlı baş verənləri xatırlayırsınız. Bir ölkənin Hollivud səviyyəsində olan aktyoru xəstəlik ayağında müalicəsinə pul tapmayıb, hökumətə minnətçi düşmək zorunda qalırsa, vay o ölkənin halına! Hələ müalicə müddətində, “həyat sponsorları”nın o böyüklükdə sənətkarı nə hala gətirdiklərini, onu necə urvatsız etdiklərini də yenidən xatırlatmaqdan utanıram. Bəlkə də, bu kədərli sonluq yaddaşımda həyatımda illərdən bəri gülüş mələyi kimi yaşayan Yaşar Nuri ilə bağlı ən acı xatirə olaraq qalacaq. Bu, heç ona yaraşan ölüm deyildi…

O vaxtdan bəri yaxşılığa doğru dəyişən heç nə yoxdur. Davam edən bənzər ölümlər insanda səhnəmizin ağır bir xəstəliyə yoluxduğu  təəssüratını yaradır. Xeyli zamandır ölkənin mədəni həyatında ötən illərdəki kimi hadisə yarada biləcək qeyri-adi bir tamaşa və film yoxdur. Biz də xeyli müddətdir bu əsərləri yaradan insanların xəstəlikləri haqqında danışıb dururuq. Və bu ayın belə hay-küylü hadisələrindən biri də Musiqili Komediya teatrının aktrisası Xanım Qafarovanın vəfatı idi. Yenə də hamımızın isti yaddaşında onunla bağlı ürək ağrıdan məqamlar qalıb: illərdir xərçəngdən əziyyət çəkən aktrisanın yalvarışları, onun çarəsizcə ölkənin birinci xanımından imdad diləməsi və acı sonluğu… O acı sonluğun ardınca aktrisanın mətbuatda yayılan miskin, yoxsul, dar komasının üzücü fotoları sözsüz-kəliməsiz hər şeyi anladırdı insana…

Artıq dünəndən həmin teatrın daha bir qadın aktrisası – Gülnar Salmanovanın xəstə yatağındakı fotoları yayılıb. Əslində, sənət adamlarını topluma belə aciz, yazıq durumda təqdim etməyin qəti əleyhinəyəm. Amma bəlli ki, o video və fotolar sənətçinin ağır vəziyyətinə diqqət çəkmək, ona yardım məqsədilə yayılıb. Çox acınacaqlıdır! Muskomediyanın ən enerjili aktrisalarından biri kimi tanıdığım Gülnar xanımdan heç bir əsər yoxdu o halında. Sanki o çılğın, gur qəhqəhələri səhnəni titrədən insan getmiş, yerində tam başqa biri gəlib oturmuş. Kəskin böyrək xəstəliyindən əziyyət çəkdiyini deyir sənətçi. Sağalmaq, yaşamaq, teatra qayıtmaq istəyir. O da xilas yolunu ölkənin birinci xanımına səslənməkdə görür…    

Bu gün ölkədə yaradıcı insanların acı yaşam mənzərəsi belədir. Vaxtaşırı sənət adamlarına ayrılan təqaüdlər, verilən fəxri adlar və orden-medallar, sadəcə, göz bəzəmək üçündür. O bəzəyin altında qalan yalan isə, hər kiçik bir tərpənişdə belə, çıxıb özünü göstərir. Bəs ölkədə vəziyyətin bu yerə gəlməsində sənət adamlarının heçmi günahı yoxdur? Var, şübhəsiz. Neçə ki, bu ölkənin sənətçisi yaşadığı məmləkətin bol sərvətlərindən haqqına düşən payı sədəqə kimi istəyəcək, onun haqqı Italiyada, Fransada, Rumıniyada və daha haralarda sənət əsərlərinin bərpasına bağışlanacaq. Bu halda da, həmin sənətçi imdad dilədiyi böyüklər üçün öz dəyərinin uzaq ölkələrdəki sənət əsərləri ilə müqayisədə qara qəpik olduğu gerçəyi ilə barışmaq məcburiyyətində qalacaq.