Gülün bir şitilinə hakimiyyət 1-2 dollar xərcləməklə xaricdən 20 milyona yaxın gül alıb
Ənənəvi olaraq hakimiyyət bu il də mayın 10-unu “Gül bayramı” kim qeyd edəcək. Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) təşkilatçılığı ilə 8-ci ilinə (“Gül bayramı” 2004-cü ildən keçirilir) qədəm qoyan bayram ilk illər Dənizkənarı Parkda keçirilirdi. Milli Bankla üz-üzə Heydər Əliyev adına park açılandan sonra “Gül bayramı”nın keçirilməsi üçün əsas mərkəz məhz bu ünvan seçildi. Növbəti illərdə isə hakimiyyət bir qədər də irəli gedərək bayramı eyni gündə ölkənin bir neçə rayonunda keçirməyə başladı.
“Gül bayramı”na nə qədər pul xərclənir?
Hökumət ildən-ilə “Gül bayramı”nın əhatə dairəsini genişləndirir. Düzdür, rəsmi məlumatlarda bu bayrama nə qədər xərcləndiyi barədə məlumatlara rast gəlinmir. Yalnız bircə şey deyilir ki, hər il bu bayrama 10 milyondan artıq gül sərf edilir. Ötən il “Gül bayramı”nda çobanyastığı, qızılgül və zanbaq güllərindən əsasən Heydər Əliyevin əksi, Azərbaycanın milli musiqi alətləri və digər eksponatlar sərgilənmişdi. Sərgidəki güllərin əksəriyyəti Hollandiyadan gətirilmişdi.
Ancaq 10 maya sərf edilən gül ehtiyacının öhdəsindən Hollandiya təkbaşına gələ bilmədiyi üçün hakimiyyət Bolqarıstan, Isveçrə, Rusiya da daxil olmaqla 12 ölkədən ölkəyə gül gətirmişdi.
Sən demə, ötən il bayram üçün güllər arasında digər zanbaqlardan seçilən qızılı-bənövşəyi rəngli bir dəstə gülü Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası dünyada ilk dəfə Heydər Əliyevin adına yetişdirib.
Müstəqil ekspertlərin fikrincə, “Gül bayramı”na azı 20 milyon manat xərclənir. Bu məbləği isə dəfələrlə BŞIH təkzib edib. Bildirib ki, xərclənən məbləğ ekspertlərin dediklərindən dəfələrlə azdır.
Ekspertlər deyir ki, bu bayramın mahiyyəti başa düşülmür: “Bu bayramda ortaya qoyulan məqsəd və bununla nəyə nail olunduğu, hansı ictimai faydalı nəticə əldə etmək istənildiyi qeyri-müəyyən olaraq qalır. Ölkə iqtisadiyyatına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməli olan böyük məbləğdə vəsait sadəcə olaraq göyə sovrulur”.
Ekspertlər onu da deyir ki, Heydər Əliyev adına parka gələnlərin əksəriyyəti isə bu günün mahiyyətini sadəcə güllərə tamaşa etməkdə görürlər.
Bəs, 2011-də 10 may necə olacaq?
Bu il keçiriləcək “Gül bayramı”na artıq indidən hazırlıqlar gedir. Artıq Heydər Əliyev adına park hər tərəfdən hasara alınıb. Giriş-çıxışa icazə verilmir. Hətta parka tərəf açılan yeraltı keçidlər belə bağlıdır. Parkın mayın 10-na kimi xüsusi nəzarətdə saxlanılacağı bildirilir.
“Azadlıq” radiosunun əməkdaşları parkdan maraqlı məqamlara nəzər salıb. Hazırlıq işləri ilə 8 aydır burada işləyən bağban Bəhram kişi tanış edir: “Buradakı bütün güllər Hollandiyadan gətirilib. Zanbaqların müxtəlif növləridir. Burada ”Pobeda” gülü də var, “Heydər Əliyev” gülü də. Gülün bir şitili 1-2 dollardır. 3-4 treyler gül şitilləri qutularda gətirildi. Hər bir qutunun üstünə güllərin adını yazmışdılar. Bu güllər quruyandan sonra onu çıxarıb, xüsusi yerlərdə gələn ilə kimi saxlayacağıq. Bu güllərə bilirsiz nə qədər qulluq edirik? Səhər saat 8-dən axşam saat 4-ə kimi 15 nəfər işçi bu güllərə qulluq edir”.
Bəhram kişi ayda 200 manat əmək haqqı aldığını deyir və söhbətini yekunlaşdırdıqdan sonra qayıdır iş başına.
Parkda çalışanlardan kimi gülün dibindəki alaqları təmizləyir, kimi gülləri sulayır. Çox keçmir ki, parka icra hakimiyyətinə məxsus maşınlarla gül rəsmləri olan tablolar, taxtadan hazırlanmış müxtəlif dekorativ bəzəklər gətirilir”.
Hər dəfə olduğu kimi bu il də çox güman ki, BŞIH-in kollektivi həmin gün saat 10.00-da H.Əliyevin heykəli qarşısına əklil qoyacaq. Saat 12.00-da Dənizkənarı Milli Parkda paraşüt qülləsinin önündə “Gül bayramı”nın açılışı olacaq. Mərasimdə müxtəlif ekspozisiyalar, gülləri təsvir edən stendlər, asfalt üzərində güllərdən rəsmlər, dibçək gülləri, müxtəlif tikmələr, nadir quşlardan ibarət canlı guşələr nümayiş etdiriləndən sonra axşam saat 24.00-da “Gül bayramı” atəşfəşanlıqla başa çatacaq.
***
“Azadlıq”a məlumat verən qaynağın sözlərinə görə, bu ilki “Gül bayramı” daha möhtəşəm olacaq. Belə ki, mayın 10-unda keçiriləcək bu bayram Heydər Əliyev adına park və Milli Parkda keçirilməklə yanaşı, paytaxtın bütün rayonlarında, o cümlədən ölkənin 10-dan çox rayonunda qeyd edilməsi planlaşdırılır. Qaynaq qeyri-rəsmi olaraq “Gül bayramı”na bütövlükdə 50 milyondan artıq vəsaitin ayrıldığını bildirir.
Ramin DEKO