Prokurorluq, polis, məhkəmə insan alverçilərinə göz yumursa, bu problemlə mübarizədə uğur gözləməyə dəyməz
“Azərbaycan insan alverinə – məcburi əməyə və seks trafikinqinə məruz qalmış kişi, qadın və uşaqlar üçün həm mənbə, həm tranzit, həm də mənzil ölkəsi rolunu oynayır”. Bu fikir ABŞ Dövlət Departamentinin 2014-cü il üçün Insan Alveri Hesabatında öz əksini tapıb.
Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara əməl etmir, hərçənd bu sahədə əhəmiyyətli cəhdlər göstərir. Sənəddə bildirilir ki, xüsusən də Filippindən olan ev qulluqçularının istismarı yeni bir problem kimi ortaya çıxıb. Həmçinin qeyd olunur ki, məcburi əməklə bağlı iki nəfər mühakimə edilib. Bunlardan biri filippinli ev xidmətçisinin işidir.
ABŞ Dövlət Departamentinin istinad etdiyi bu cinayət işindən “Azadlıq”ın oxucuları məlumatlıdır. Söhbət Milli Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri Gültəkin Hacıbəylinin üzünə duraraq insan alveri və əməyin istismarı cinayətlərini törətmədiyini, ona böhtan atıldığını iddia edərək məhkəmədə Gültəkin xanıma qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış Aynur Mehdiyevanın işindən gedir.
Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Iradə Həsənzadənin sədrliyilə baxılıb. Məhkəmənin 19 may 2014-cü il tarixli hökmü ilə Aynur Mehdiyevaya 8 il 6 ay həbs cəzası təyin edilib. Lakin qadın və himayəsində azyaşlı uşağı olması, ilk məhkumluğu nəzərə alınaraq, ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Beləliklə, Aynur Mehdiyeva 1 il sınaq müddəti olmaqla, həmin cəzaya şərti məhkum edilib.
Insan alveri kimi ağır cinayətdə ittiham olunmasına baxmayaraq, Aynur Mehdiyeva faktiki cəzasız qaldı. Azərbaycan məhkəmə praktikasında ilk dəfə bu işdə prokuror təqsirləndirilən şəxsə istədiyi 9 il 4 aylıq cəzanın şərti hesab olunması təklifilə çıxış etdi. Hakim də Cinayət Məcəlləsinin 70-ci maddəsinə sığınaraq, Aynur Mehdiyevanın azadlıqda saxlanılmasına hüquqi don geyindirdi.
Əslində, Aynur Mehdiyevaya şərti cəza verilməsi gözlənilməz olmadı. Hələ məhkəmənin əvvəlində belə məlumat yayılmışdı ki, Mehdiyevanın Gültəkin Hacıbəyliyə qarşı qarayaxma kampaniyasında aktiv iştirakı nəzərə alınaraq, o, şərti cəza ilə mükafatlandırılacaq. Bu fikir də elə-belə yaranmamışdı. Məsələ burasındadır ki, Aynur Mehdiyevanın qardaşı, vaxtilə prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə bu sistemdən kənarlaşdırılmış Mahmud Mehdiyev mətbuatda Gültəkin Hacıbəylinin əleyhinə çıxışlar edib, ona qarşı məhkəmə iddiaları qaldırıb, azyaşlı övladını mübahisə predmetinə çevirəndən sonra vəzifə aldı. Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı olan Mahmud Mehdiyev Xətai Rayon Prokurorluğuna müstəntiq təyin olundu.
Qayıdaq Gültəkin xanımın keçmiş baldızı Aynur Mehdiyevanın işinə. Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən iş üzrə hökmündə deyilir: “Aynur Mehdiyeva Filippin vətəndaşı Llanto Fe Diazın pasportunu əlindən almaqla sərbəst yerdəyişmə imkanından məhrum etmiş, həmim şəxsə işgəncə verməklə, onunla qəddar, qeyri-insani, ləyaqətini alçaldan rəftar etməklə Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 35 ünvanındakı mənzilində saxlamış, eyni zamanda, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsilə azadlığını məhdudlaşdırmaqla, özündən maddi cəhətdən asılı vəziyyətdə olan Llanto Fe Diazı orada, eyni zamanda valideynlərinin yaşadığı Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 50, mənzil 31 ünvanına aparıb ev işlərini yerinə yetirməsinə məcbur edərək insan alveri və məcburi əmək cinayətlərini törətmişdir”.
Işin daha bir maraqlı cəhəti ondan ibarətdir ki, ağır insan alveri və əməyin istismarı cinayətlərinin baş verdiyi artıq məhkəmə hökmü ilə sübuta yetirilmiş məkanda – Maqsud Əlizadə küçəsi, ev 50, mənzil 31 ünvanında daimi yaşayan və gözləri qarşısında bir il ərzində davamlı ağır cinayətlər baş verən Mahmud Mehdiyev bacısına ittiham elan olunduğu, təqsirləndirilən şəxs qismində cəlb edildiyi 22 yanvar gününün ertəsi – 23 yanvar 2014-cü ildə Baş prokuror Zakir Qaralovun əmrilə yuxarıda qeyd etdiyimiz vəzifəyə təyinat alır. Halbuki, elə həmin Zakir Qaralov 4 il əvvəl hərbi xidmətdən yayınma və prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə onu prokurorluq orqanlarından qovmuşdu. Belə çıxır ki, Qaralov özünün orqandan qovduğu adamı yenidən vəzifəyə təyin etməklə, faktiki gözü qarşısında insan alveri və əməyin istismarı cinayətləri baş verən, lakin bu haqda hər hansı orqanı məlumatlandırmayan keçmiş işçsini himayə etmiş olur. Belə olan halda, ABŞ Dövlət Departamentindən və başqa beynəlxalq təşkilatlardan insan alverilə bağlı fərqli hesabat gözləməyə də dəyməz.
Iş materiallarından həm də o aydın olur ki, Aynur Mehdiyeva filippinli dayəni Daxili Işlər Nazirliyinin zabiti olan və evlərinə polis formasında gələn kiçik qardaşı Allahverən Mehdiyevlə qorxudub. Dayəyə deyib ki, qaçsa, qardaşı onu tutub cəzalandıracaq. Yəni, DIN-in zabiti Allahverən Mehdiyev də bu cinayətin qarşısını almayıb.
Bilavasitə insan alveri ilə mübarizə işinə rəhbərlik edən Daxili Işlər Nazirliyinin əməkdaşı insan alveri cinayətlərinin qarşısını almağa cəhd göstərmirsə, Azərbaycanın bu problemlə mübarizə üzrə 2-ci kateqoriyalı ölkələr sırasında da uzun müddət duruş gətirə bilməyəcəyi aydındır.
Prokurorluq, DIN və məhkəmə sistemində çalışanlar insan alverilə məşğul olanlara bu cür münasibət göstərirlərsə, deməli, problemlə mübarizədə hansısa nailiyyət gözləməyə dəyməz.